Əlaqə Arxiv
news Image
2013.06.10
19:27
| A A A
Belarus Respublikasının Xarici İşlər naziri BSU-da

Belarus Respublikası ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümü ilə bağlı Bakıda rəsmi səfərdə olan Belarusiyanın xarici işlər naziri Vladimir Makey 10 iyun tarixində BSU-nun qonağı oldu. BSU-da fəaliyyət göstərən Belarus Dili və Mədəniyyəti Mərkəzində baş tutan görüşdə bu ölkənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənabNikolay Patskeviç, Azərbaycanın Belarusiyadakı səfiri İsfəndiyar Vahabzadə, "Belarus və Azərbaycan Dostluq Cəmiyyəti"nin sədr müavini, millət vəkili Ziyad Səmədzadə, cəmiyyətin fəal üzvlərindən Mehriban Alışanova, "Kitab" Respublika Cəmiyyətinin sədri, Miniatür Kitablar Muzeyinin müdiri Zərifə Salahova və başqaları da iştirak edirdi.

BSU-nun rektoru, AMEA-nın müxbir üzvü prof. Kamal Abdullayev qonağı salamladı və vaxt ayırıb universitetə gəldiyinə görə təşəkkür etdi.

Belarusiyanın Xarici İşlər naziri Vladimir Makey bu təhsil ocağında olmaqdan məmnunluğunu bildirdi: "Azərbaycanla Belarusiyanı bir çox müştərək layihələr birləşdirir. Ölkələrimiz arasında münasibətlər möhkəm və davamlı xarakter alıb və bu münasibətlər gələcəyə köklənibdir. V.Makey eyni zamanda qeyd etdi ki, insanlar arasında mənəvi əlaqələri gücləndirmək olduqca vacibdir: "Bir xalqın dili və mədəniyyətini öyrənməklə onların mənəviyyatını və nə cür düşündüyünü anlamaq daha rahat olur. Bütün bunlar insanların şüuraltı yaxınlaşmasına səbəb olur və bu zaman ölkələrarası əməkdaşlıq asanlaşır. Məhz bu baxımdan sizin burada gördüyünüz işlər təqdirəlayiqdir. Əbəs yerə deyildir ki, Belarusiyanın Prezidenti cənab A.Q.Lukaşenko bu mərkəzin açılışında şəxsən iştirak etmişdir. Mədəni əlaqələrimizin inkişafı gələcəkdə respublikalarımızın əlaqələrinin daha da möhkəmlənməsinə zəmin yaradacaqdır". Cənab nazir BSU-nun Belarus Dili və Mədənniyyəti Mərkəzinin Belarusiyanın Xarici İşlər nazirliyi tərəfindən himayəyə götürüləcəyinə, mərkəzinin lazımi vəsaitlərlə təmin ediləcəyinə və gələcəkdə belarus dilini öyrənən BSU tələbələrinin Belarusiyanın Xarici İşlər Nazirliyində təcrübə keçmələri məsələsinə münasibət bildirəcəyinə söz verdi.

Görüşdə Z. Salahova Belarus ədəbiyyatının klassiki Yanka Kupalanın Miniatür Kitab Muzeyi tərəfindən iki cilddə nəşr olunmuş "Жалейка" toplusunu tədbir iştirakçılarına təqdim edərək BSU-nun Belarus Dili və Mədəniyyəti Mərkəzinə hədiyyə etdi.

Akademik Z.Səmədzadə və M.Alışanova Belarusiya ilə Azərbaycan arasında yüksək səviyyədə inkişaf edən münasibətlərdən razılıqlarını bildirdilər və gələcəkdə də bu əlaqələrin möhkəmlənməsi və inkişafına əmin olduqlarını qeyd etdilər.

Belarus Dili və Mədəniyyəti Mərkəzinin müdiri Albina Seyidova mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verən film çarxı nümayiş etdirdi. BSU-da belarus dilini öyrənən tələbələrin ifasında isə Y.Kupalanın "Да дзяучатак" şeiri və "Спадчына" mahnısı səsləndirildi.

Sonda V. Makey BSU-nun və mərkəzin "Fəxri Qonaqlar" kitablarına ürək sözlərini yazdı və tələbələrlə xatirə şəkli çəkdirdi.
Sizin Reklam Yeriniz