2013-cü il iyunun 12-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yeni təyin edilmiş Müşahidə Şurasının ilk iclası keçirilib.
Mövqe.az-ın məlumatına görə, iclasın gündəliyində əsas məsələ Fondun Müşahidə Şurası sədrinin və onun müavinin seçilməsi olub.
İclası Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov açaraq, yeni
təyinatla bağlı Fondun icraçı direktorunu və Müşahidə
Şurasının üzvlərini təbrik edib. O, ötən 4 il ərzində Fondun
səmərəli fəaliyyət göstərdiyini, "Azərbaycan Respublikasında
kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi
Konsepsiyası"nın qarşıya qoyduğu vəzifələrin yerinə
yetirilməsi üçün zəruri tədbirlər həyata keçirdiyini diqqətə
çatdırıb. Ə.Həsənov Azərbaycan Respublikasının Prezidenti Cənab
İlham
Əliyevin göstərdiyi yüksək etimadı
doğrultmaq, Azərbaycanda KİV-lərin müstəqilliyinin inkişaf
etdirilməsi, mətbuatın maddi-texniki bazasının gücləndirilməsi və
digər məsələlərin həlli məqsədilə həyata keçirilən dövlət
siyasətinə əməli işlə daha böyük töhfələr vermək üçün Fondun
kollektivinin və Müşahidə Şurası üzvlərinin bundan sonra da əzmlə
çalışmalı olduqlarını bildirib: "Ötən 4 ildə Fondun fəaliyyətinin
təşkili, KİV-lərə yardım mexanizminin formalaşdırılması, onun
təkmilləşdirilməsi üçün zəruri tədbirlər görülmüşdür. Fondun
maliyyə dəstəyi, reallaşdırdığı digər tədbirlər mətbuatın iqtisadi
müstəqilliyini gücləndirmiş, onun problemlərinin həllinə müsbət
təsir göstərmişdir. Fond məqsədyönlü fəaliyyəti ilə cəmiyyətdə və
media arasında nüfuz qazanmışdır. İndiki mərhələdə isə artıq
hazır mexanizmə, yetkin fəaliyyət proqramına əsaslanaraq Azərbaycan
mediasının daha dərindən öyrənilməsi, onun ehtiyaclarının
müəyyənləşdirilməsi və ödənilməsi üçün var qüvvənizlə
çalışmalısınız".
Fondun İcraçı direktoru Vüqar Səfərli
çıxış edərək həm fondun icraçı direktoruna, həm də Müşahidə
Şurasının üzvlərinə göstərdiyi etimada görə Azərbaycan Prezidenti
cənab İlham Əliyevə təşəkkür etmişdir. O, ötən 4 il ərzində Fondun
fəaliyyətinin təşkili və mətbuata yardım məqsədilə həyata
keçirilən tədbirlərdən danışmış, habelə qarşıdan gələn dövrdə
görüləcək işlər barədə ümumi məlumat vermişdir.
Bundan sonra Fondun Müşahidə Şurası sədrinin və onun müavininin seçilməsi məsələsi müzakirə edilib. Təkliflər dinlənildikdən sonra Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyevin Fondun Müşahidə Şurasının sədri, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin isə sədr müavini seçilməsi təklifi səsə qoyulub və yekdilliklə qəbul edilib.
İclasda Mətbuat Şurasının sədri Əflatun Amaşov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək Fondun gələcək fəaliyyəti barədə fikirlərini bölüşüblər.