Əlaqə Arxiv
news Image
2013.06.12
18:19
| A A A
“Vergi partnyorluğu” mövzusunda III Vergi Konfransı keçirilib

İyun ayının 12-də  Azərbaycanda Amerika Ticarət Palatasının  (AmCham) Vergilər Nazirliyi ilə birgə təşkil etdiyi "Vergi partnyorluğu" mövzusunda  konfrans keçirilib.


Vergilər Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, konfransı giriş sözü ilə açan AmCham-ın icraçı direktoru xanım Nərgiz Nəsrullayeva-Müdüroğlu tədbir iştirakçılarını salamlayaraq AmCham ilə əməkdaşlığın səviyyəsindən məmnun olduğunu, bu istiqamətdə göstərilən dəstəyə görə qurum adından Vergilər Nazirlyinə təşəkkürünü bildirib. Qeyd olunub ki, bu günkü tədbirin əsas məqsədi vergi ödəyiciləri ilə vergi orqanı arasında partnyorluğun yeni mərhələyə qaldırılması və cəmiyyətdə mövcud olduğundan daha yüksək vergi mədəniyyətinə olan ehtiyacı müzakirə etməkdir. Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatının hər bir sahəsində fəal olan yüzlərlə xarici və yerli şirkəti özündə birləşdirən AmCham, ölkədə biznes mühitini yaxşılaşdıran mükəmməl vergi qanunvericiliyinin olmasında maraqlıdır. Bu məqsədlə qurum artıq üçüncü ildir ki, vergi partnyorluğu mövzusunda tədbirlər həyata keçirir, vergitutma sahəsində aktual olan mövzular üzrə müzakirələr aparılır, konkret təkliflər irəli sürülür. 


Sonra xanım N.Nəsrullayeva-Müdüroğlu qurumun hazırladığı "Ağ Sənəd" kimi tanınan "Azərbaycanda işgüzar mühitin təkmilləşdirilməsinə dair müşahidələr və tövsiyələr" adlı hər il dərc olunan sənədin növbəti sayı barədə məlumat verərək qeyd etmişdir ki, "Ağ sənəd" AmCham-ın üzv olduğu 240-dan çox şirkətin vergitutma, sığorta, maliyyə, bank işi və iqtisadiyyatın digər sahələrini əhatə edən fəaliyyətini əks etdirir.   


Vergilər nazirinin birinci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Natiq Əmirov  çıxış edərək, ölkəmizin vergi sistemində aparılan islahatlar və bu sahədə əldə olunan uğurlar haqqında məlumat verib, AmCham və digər ictimai təşkilatlar ilə mütəmadi olaraq keçirilən işgüzar görüşlərin əhəmiyyətindən danışıb. Vurğulanıb ki, Azərbaycanda uğurlu vergi siyasətinin həyata keçirilməsi ölkədə biznes mühitinin təkmilləşdirilməsinə yardım edir. Vergilər Nazirliyi bu mühitin daha da yaxşılaşdırılması istiqamətində ictimai təşkilatlarla müxtəlif müzakirələrin keçirilməsinə böyük önəm verir. Natiq Əmirov  bildirib ki, vergi mühitinin liberallaşdırılması, vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi dərəcələrinin optimallaşdırılması məqsədilə qanun layihələri hazırlanarkən  Vergilər Nazirliyi ölkədə fəaliyyət göstərən yerli və xarici biznes strukturlarının, onların ictimai təşkilatlarının rəyini nəzərə almağa, hər bir təklifə diqqətlə yanaşmağa çalışır.


Konfransda çıxış edən Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə biznesin sosial məsuliyyətinin formalaşdırılması ilə bağlı fikirlərini bölşmüş, sosial münasibətlərin şəffaflığına və səmərəliliyinə nail olunmasını, sosial məsuliyyətin iqtisadi artımla uzlamasını və ölkə iqtisadiyyatının qarşısında duran vəzifələrə adekvat olmasını vacib saydığını qeyd edib. 


Konfrans öz işini sessiyalarda davam etdirib, vergi orqanı və özəl sektoru təmsil edən mütəxəssislər vergitutma, vergi qanunvericiliyindəki dəyişiliklər və vergi güzəştləri, vergi mədəniyyəti, vergi ödəyicilərinə xidmət vasitələri, mühasibatlıq təcrübələri və onun vergi inzibatçılığına təsiri, Vergilər Nazirliyinin elektron xidmətləri və digər mövzular ətrafında fikir mübadiləsi aparıb. 


Tədbirdə Azərbaycan  Respublikasının Milli Məclisinin, Prezident Administrasiyasının, Nazirlər Kabinetinin, Amerikanın  Azərbaycandakı səfirliyinin və AmCham-ın nümayəndələri, Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri və KİV nümayəndələri  iştirak ediblər.


Sizin Reklam Yeriniz