Əlaqə Arxiv
news Image
2013.06.19
17:26
| A A A
BŞDYP- avtomobili yanan sürücülərə təskinlik verdi-Eksklüziv
Vaqif Əsədov: "Əgər sığortaları varsa narahat olmasınlar"

"Bakının Nizami rayonunda Dövlət Yol Polis İdarəsinə aid cərimə meydançasında yanan avtomobillərə dəyən maddi ziyanın ödənilməsi ilə bağlı hələki indidən bir söz demək olmaz. Bu məsələ araşdırılacaq və qanunvericiliyin tələbinə uyğun tədbir görüləcək. Amma avtomobili yanan şəxslərə onu demək istəyirəm ki, əgər sığortaları varsa narahat olmasınlar".

Bu sözləri Movqe.az-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ( BŞDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov  söyləyib. V. Əsədov bildirib ki, hazırda BŞDYPİ səlahiyyətlisi kimi baş vermiş hadisəni təsdiqləyir. Amma cərimə meydançasında yanan avtomobillərə dəyən maddi ziyanın ödənilməsinə gəlincə, V. Əsədov avtomobilini icbari sığorta etdirənlərin narahatçılığına əsas olmadığını söyləyir. Onun sözlərinə görə, sığortası olan avtomobillərə dəyən maddi ziyanı sığorta şirkəti ödəyəcək. Amma bununla belə V. Əsədov yol polisi idarəsinin də yanan avtomobillərin təhlükəsizliyinə məsuliyyət daşıdığını söylədi: "Təbii ki, adından da göründüyü kimi, camaat arasında cərimə meydançaları kimi tanınan müvəqqəti mühafizə dayanacaqlarında saxlanılan avtomobillərin təhlükəsizliyinə yol polisi idarəsi məsuliyyət daşıyır. Hadisə bu gün olub. Məsələ araşdırılsın bununla bağlı qanunvericiliyin tələbi nədirsə ona uyğun tədbir görüləcək. Amma avtomobilini sığorta etdirənlər narahat olmasınlar. Mən də buradan bütün sürücülərə səslənib avtomobillərini sığorta etdirməyə səsləyirəm".

Qeyd edək ki,  Bakının Nizami rayonunda Dövlət Yol Polis İdarəsinə aid cərimə meydançasında güclü yanğın baş verib. Güclü külək cərimə meydançası ərazisindən keçən yüksək gərginlikli elektrik xəttini qırıb. Elektrik xətti meydançada olan avtomobillərin üzərinə düşüb, nəticədə yanğın başlayıb. ANS televiziyasının əməkdaşı Ruslan Eldaroğlunun ANS PRESS-ə verdiyi məlumata görə, yanğın qısa zaman ərzində böyük bir ərazini əhatə edib. Dərhal II dərəcəli yanğın elan olunub və əraziyə Bakı şəhər Yanğından Xilasetmə Qarizonun canlı qüvvəsi və texnikaları cəlb olunub. Fövqəladə Hallar Nazirliyinin qərargah rəisi Ələkbər Novruzov da əraziyə gəlib. Alovun şiddətlənməsinin qarşısı alınıb. Hazırda yanğınsöndürənlər yanğının tam söndürülməsinə çalışırlar. Yanğın nəticəsində cərimə meydançasında olan 50-dən çox avtomobil yanıb. 


Sizin Reklam Yeriniz