Əlaqə Arxiv
news Image
2013.06.19
17:30
| A A A
Azərbaycan təhsilində 2020-ci ilədək bu yeniliklər ediləcək

"Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası çərçivəsində ölkədə təhsilin keyfiyyətinin yüksəldilməsi üçün stimullaşdırıcı mexanizmlər yaradılacaq və bütün təhsil pillələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi genişləndiriləcək. Movqe.az xəbər verir ki, bunu Təhsil Nazirlyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov "Davamlı inkişaf strategiyalarının yeni mexanizmlərinin insan hüquqlarının müdafizəsində və təbliğində rolu" mövzusunda keçirilən Ombudsmanların XI Bakı Beynəlxalq konfransının ikinci günündə çıxışı zamanı deyib. Onun sözlərinə görə, 12 illik ümumi təhsil sisteminə keçid təmin ediləcək və bununla əlaqədar təhsil proqramları və dərsliklər müasir tələblər baxımından yeniləşdiriləcək: "Təhsil sistemində müasir monitorinq və qiymətləndirmə sistemi yaradılacaq. Peşə təhsili infrastrukturu əsaslı şəkildə müasirləşdiriləcək, peşə təhsilinə cəlb olunanların sayı artırılaraq ölkə iqtisadiyyatının tələbatı ilə uzlaşdırılacaq". Qədirov bildirib ki, ali təhsil müəssisələrinin ölkənin sosial-iqtisadi inkişaf tələblərinə uyğun bilik və bacarığa malik mütəxəssis yetişdirməsinə və onların təhsil, tədqiqat və innovasiya mərkəzlərinə çevrilməsinə dəstək verən standartlar hazırlanıb tətbiq olunacaq. Onun sözlərinə görə, müəllim hazırlığının gücləndirilməsinə xüsusi önəm veriləcək: "Müəllimlərin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə müasir mexanizmlər yaradılacaq, nəticələrə əsaslanan differensial əməkhaqqı və mükafatlandırma sistemi hazırlanacaq. Ucqar kənd məktəblərində pedaqoji kadrların təminatı üçün nəzərdə tutulmuş maddi stimullaşdırma tədbirləri gücləndiriləcək". O qeyd edib ki, xarici ölkələrin aparıcı universitetlərində dövlət xətti ilə təhsil alan azərbaycanlı tələbələrin sayı 2015-ci ilədək əhəmiyyətli dərəcədə artırılacaq. Xaricdə təhsil alaraq məzun olmuş mütəxəssislərin potensialının ölkənin inkişafında səmərəli istifadə olunması təmin ediləcək. Bundan əlavə, 2015-2020-ci illər üzrə gənclərin xarici ölkələrdə təhsili üzrə yeni dövlət proqramı qəbul ediləcək.

Sizin Reklam Yeriniz