"Əsaslı təmir üçün Ukraynaya göndərilən 50 vaqondan artıq 32-i Azərbaycana gətirilib. Həmin vaqonlarda təmirdən sonra kondisioner, kamera, bələdçinin çağırmaq üçün müasir tipli düymələr və sair kimi müasir və rahatlığı təmin edən cihazlar quraşdırılıb".
Bu sözləri Movqe.az-a açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov söyləyib. N. Əzməmmədovun sözlərinə görə, tədricən dəmiryolunun vaqon parkı yenilənir. Yaxın gələcəkdə dəmiryolundakı bütün vaqonlarda əsaslı təmir işləri aparılaraq kondisionerlər quraşdırılacaq: "Hazırda bəzi istiqamətlər üzrə hərəkət edən qatarlarda kondisoner sistemi yozdur. Amma yaxın gələcəkdə dəmiryolunun vaqon parkının yenilənərək tamamiləm müasirləşdirilməsi nəzərdə tutulur. Hazırda bu proses gedir. Daha 18 vaqon da əsaslı təmir edilərək ölkəyə gətiriləcək".