"Azərbaycandan dəmiryolu ilə xaricə səfər etmək daha komfortlu olacaq. Bunun üçün "Azərbaycan Dəmir Yolları" QSC 20 yeni avropa standartlarına uyğun vaqon alacaq".
Bu sözləri Movqe.az-a açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov söyləyib. Onun sözlərinə görə, yeni alınacaq qatarlar müasir, avropa standartlarına uyğun olmaqla yanaşı həmin vaqonların təkər cütlərini böyüdüb kiçiltmək də mümkün olacaq: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 iyul 2010-cu ildə imzaladığı "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında" sərəncamı sürətlə icra olunur. Həmin sərəncamdan irəli gələn tələblərdən biri də xarici səfərlər üçün yeni müasir vaqonların alınmasıdır. Vaqonlarda yüksək komfort, müasir texnologiyaların tətbiqi ilə yanaşı təkər cütlərinin relslər arası məsafəyə uyğunlaşdırılması da mümkündür. Avropada dəmiryolu relsləri arası məsafə 1435 mm-dir. Bizdə isə 1520-mm-dir. Bu qatarlarla xaricə reyslər zamanı təkər cütlərini həmin relslər arası məsafəyə uyğunlaşdırmaq mümkün olacaq".