Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilən binada təmir başa çatıb.
İyunun 28-də "Media forum" saytına açıqlamasında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli belə deyib. Vüqar Səfərli bildirib ki, hazırda binanın həyətində abadlıq və yaşıllaşdırma işləri gedir: "İyulun 22-də binanın açılışı olacaq". Fond rəhbəri əlavə edib ki, binanın həyətinə marşrut avtobuslarının işləməsi gələcəyin işidir: "Bu məsələ Bakı Şəhər İcra Hakimiyyəti və Nəqliyyat Nazirliyinin səlahiyyətində olan məsələdir". Vüqar Səfərli deyib ki, tikilmiş binadan mənzil almaq istəyən televiziya jurnalistlərinin sənədləri Milli Televiziya və Radio Şurasında yığılıb: "Artıq müraciət qəbul olunmur. Yəqin ki, bu müraciətlər gələn həftə ərzində Prezident Administrasiyasına göndərilər". İyunun 15-də isə Mətbuat Şurası Bakıda jurnalistlər üçün tikilmiş binanın mənzillərinin sahiblərinin müəyyənləşdirilməsi üzrə redaksiyalardan irəli sürülən namizədlərdən, eləcə də fərdi müraciət edənlərdən sənəd qəbulunu başa çatdırıb. Şura üzvü olan 27 gündəlik, 35 həftəlik və aylıq qəzetdən, 13 informasiya agentliyindən, 7 xəbər portalından və 5 jurnaldan müraciət daxil olub. Bundan başqa 70 fərdi müraciət də qeydə alınıb.