"Məhkəmə uşağın mənim himayəmə verilməsi ilə bağlı qərar çıxarmayıb". Bunu sabiq deputat Gültəkin Hacıbəylinin keçmiş həyat yoldaşı Mahmud Mehdiyev virtualaz.org-a açıqlamasında deyib.
M. Mehdiyev bildirib ki, məhkəmə ona oğlu ilə hər gün saat 16:00-dan saat 21:00-a qədər görüş icazəsi verib: "Oğlum yalnız bazar günləri mənim yanımda qalacaq. Burada qeyri-qanuni nə var ki?! Məgər mənim öz doğma balamla görüşmək hüququm yoxdurmu? Atanın öz doğma övladı ilə gündə heç olmasa bircə dəfə görüşmək haqqı nə vaxtdan yasaq edilib? Gültəkin Hacıbəyli bu məsələni niyə siyasiləşdirir? Gültəkin Hacıbəylinin "uşaq atasının kim olduğunu bilmir" sözlərinə gəlincə isə ona ayıb olsun. Uşaq mənim haqqımda gec-tez hər şeyi biləcək. Gültəkin Hacıbəyli öz deputat statusundan və əlindəki hakimiyyətdən istifadə edib uşağımı məndən gizlətmək hüququna malik idimi? İndi mən öz oğlumla tanış olmaq, onu gündə heç olmasa bir dəfə görmək hüququnu əldə etmişəm".