"Azərbaycan Milli Elmlər Akademiyasında magistratura pilləsinin yaradılması ilə bağlı akademiyanın prezidenti Akif Əlizadə yüksək rəhbərliklə danışıqlar aparıb".
Bunu APA-ya açıqlamasında AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.
Onun sözlərinə görə, A.Əlizadə AMEA-da magistratura pilləsinin yaradılması barədə təkliflərlə çıxış edib və bu sahədə ilkin razılıq əldə olunub: "Yeni təhsil pilləsi yaratmaq üçün əvvəldən ona hazırlıq işləri görmək lazımdır. Belə ki, qəbul planı əvvəldən verilməli, bina məsələsi həll olunmalı, dərs keçəcək müəllimlərlə bağlı məsələlər müzakirə edilməli, maddi-texniki baza yaradılmalıdır. Düşünürəm ki, sentyabr ayına kimi bunu həyata keçirmək tez olar. Amma bu məsələ gündəmdədir. Düşünürəm ki, növbəti dərs ilinə kimi lazımi hazırlıq işləri aparılacaq və akademiyada magistratura təhsilinə başlanacaq. Bunun böyük əhəmiyyəti var. Çünki bu, gəncliyin, yeni elmi nəslin akademiyada fəaliyyətə cəlb olunması baxımından son dərəcədə əhəmiyyətli bir islahatdır".