"Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək" gənclər ictimai birliyi "World Vision" beynəlxalq humanitar təşkilatının maliyyə dəstəyi ilə fiziki qüsurlu uşaqlar üçün "Bərabər İmkanlar" layihəsini həyata keçirib.
İctimai birlikdən Mövqe.az-a verilən məlumata görə, layihənin keçirilməsində əsas məqsəd əlil insanların sosial həyata inteqrasiyası, onların cəmiyyətin digər vətəndaşları ilə bərabər imkanlar qazanması, sağlam həyat tərzinin təbliğinin geniş ictimaiyyətə çatdırılmasıdır.Layihə çərçivəsində xüsusi təlimatlandırma xarakteri daşıyan avtobus turu keçirilib. Bakı ətrafı qəsəbələri,Sumqayıt şəhərini əhatə edən avtobus turunda təşviqat və təbliğat qrupları, xüsusi qayğıya ehtiyacı olan insanlar iştirak edib. Daha sonra fiziki qüsurlu uşaqlar tərəfindən Milli parkda flaşmob nümayiş olunub və ardınca əyləncəvi tədbirlər "Park Bulvar" ailəvi istirahət və əyləncə mərkəzində davam etdirilib.