"Xalq kompüteri" layihəsi çərçivəsində satılan kompüterlərin sayı 21 min 580 ədədə çatıb. BestComp Group şirkətinin nümayəndəsi Fatma Fətullayevanın Movqe.az-a verdiyi məlumata görə, layihə çərçivəsində bu günədək 21 min 580 ədəd kompüter satılıb.
Qeyd edək ki, layihə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, HP şirkəti və Microsoft şirkəti ilə birgə həyata keçirilir. Layihənin operatoru BestComp Group şirkətidir. Layihənin əsas məqsədi – əhalinin müxtəlif sosial təbəqələrinə müasir kompüterlər və lisenziyalı proqram təminatı almaq üçün şərait yaratmaq, regionlarda İKT-nin geniş tətbiqi vasitəsilə "rəqəmli fərqliliyin" aradan qaldırmaq və Azərbaycan hökumətinin informasiya cəmiyyəti və "elektron hökumət"-in inkişafına yönəlmiş fəaliyyətlərini dəstəkləməkdir."Xalq kompüteri" layihəsi çərçivəsində Azərbaycan orta məktəblərinin müəllimləri, şagirdləri, ali məktəb tələbələri və təhsil sektorunun işçiləri güzəştli şərtlərlə kompüterlər almaq imkanı əldə ediblər. Layihədə təqdim edilən kompüter və noutbuklar lisenziyalı proqram təminatına malikdir və bazar qiymətlərindən 25% - dən 40% - ə qədər aşağı qiymətə, 12 ay müddətinə faizsiz kreditlə təqdim edilir.