Əlaqə Arxiv
news Image
2013.07.24
18:30
| A A A
Keçid ballarının aşağı salınmasının səbəbləri bilindi
Elnur Nağızadə: "Bu cür təkliflərlə müqayisədə biz daha leqal yol təklif edirik”

2013/2014-cü tədris ili üçün ali və orta ixtisas məktəblərinə  qəbul imtahanlarında minimum keçid balının aşağı salınması ənənəsi çoxlu, həm də ziddiyyətli suallar yaradıb. Artıq qəbul imtahanı  başa çatmış iki ixtisas qrupu üzrə keçid ballarının aşağı salınması aşağı nəticə göstərmiş abituriyentləri sevindirsə də, mütəxəssisləri narahat edir. Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin direktoru Ülviyyə Mikayılova Movqe.az-a açıqlamasında söyləyib ki, ali və orta ixtisas məktəblərinə  qəbul imtahanlarında müəyyənləşdirilmiş keçid ballarının endirilməsi ənənəsi standartın aşağı salınması deməkdir: "Ali və orta ixtisas məktəblərinə qəbul üçün müəyyənləşdirilmiş keçid balları standart sayılır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) həmin balı endirməklə standartı aşağı salmış olur. Bununla da belə çıxır ki, ali məktəblərə qəbul imtahanlarında ikili standat var. Qeyri-müəyyən qalır ki, biz keçid balını aşağı salmaqla hansı nəticəni əldə etmək istəyirik? Bir tərəfdən müəyyən ixtisaslar üçün keçid balı müəyyənləşdirmişik ki, yalnız hımin standartlara cavab verənlər həmin ixtisas qrupu üzrə təhsil almaq imkanı əldə edə bilərlər. Digər tərəfdən isə, bu standartı aşağı salaraq həmin standarta cavab verməyənlərə ali və orta ixtisas təhsili müəssisələrində təhsil almaq imkanı veririk. Bu zaman sual yaranır- bizə nə lazımdır? Yaxşı mütəxəssis, yaxud ali və orta ixtisas təhsili müəssisələri üçün ayrılmış plan yerini doldurmaq?".

Mərkəzin direktoru bildirir ki, hazırki halda keçid ballarının endirilməsi ancaq ali və orta ixtisas təhsili müəssisələri üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin dəyişməz qalmasına xidmət edir:  "Keçid ballarının endirilməsi ilə nəyə nail oluruq? Bu sualın indi bir cavabı var. Universitetlərə dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti dəyişməz qalır, müəllimlər iş yerlərini itirmirlər, ayrılmış plan yerləri boş qalmır. Nəticədə bu təhsil müəssisələrinin necə mütəxəssis olacağı isə heç kəsi maraqlandırmır. Ona görə də konkret qərar verilməlidir. Bizə sadəcə diplomlu kadrlar lazımdır, yoxsa sözün əsl mənasında savadlı mütəxəssislər?". 

TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə isə deyir ki,ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında keçid ballarını həmin qruplar üzrə imtahan verən abiturientlərin bilik göstəriciləri müəyyənləşdirir. E. Nağızadə abituriyentlərin göstəricilərinə uyğun olaraq keçid ballarının aşağı salınmasının müəyyənləşmiş standartın aşağı salınması kimi xarakterizə olunması ilə bağlı səslənən fikirlərlə razılaşmır. Onun sözlərinə görə, 3-cü ixtisas qrupunda 200-ə,1-ci ixtisas qrupunda isə 150-ə endirilən keçid balını toplayan abituriyentlər   dövlət sifarişli yerlərə qəbul oluna bilməzlər. 150-200 arası  bal toplayanların ödənişli təhsil almaq şansları olacaq. Özünüz bilirsiniz ki, hazırda bəzi işbazlar artıq indidən MDB ölkələrinə imtahansız qəbul elan edirlər. Bu cür təkliflərlə müqayisədə biz daha leqal yol təklif edirik".     


 


Sizin Reklam Yeriniz