Bakı şəhər sakini, 2010-cu il təvəllüdlü İmran Cəfərzadənin Xaçmaz rayonunun Seyidli kəndində fəaliyyət göstərən "Nabran Holiday Village" istirahət mərkəzində ağır bədən xəsarəti alması ilə nəticələnən hadisəyə görə 3 nəfər həbs olunub. AzərTAc xəbər verir ki, Xaçmaz Rayon Məhkəməsinin qərarı ilə həmin şəxslər barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həbs olunanlar Xudat şəhər sakinləri Aslan Hacıməmmədkərimov, İbrahimov Firdovsi Ağamusa oğlu (obyektin icarədarı) və Sumqayıt şəhər sakini Rəşad Zərbəliyevdir.
İyulun 21-də İmran Cəfərzadə atası ilə birlikdə istirahət mərkəzinin ərazisindəki hovuzun içərisində suda olarkən hovuzun yaxınlığında quraşdırılmış "Akvapark" adlanan qurğu işlək vəziyyətə gətirilib. Bu zaman su borusunun hovuzun içərisindəki hissəsində təhlükəsizliyi təmin edəcək qoruyucu barmaqlıq olmadığından İmran Cəfərzadənin hər iki ayağı həmin borunun içərisinə daxil olub, o, ağır bədən xəsarəti alıb.
İmran Cəfərzadə Azərbaycan prezidentinin himayəsi ilə müalicə olunmaq üçün Almaniyaya göndərilib.