Tiflisin "Vera Palace" otelində Milli Şurada təmsil olunan müxalifət partiyalarının rəhbərləri və funksionerləri ilə Rüstəm İbrahimbəyovun görüşü başlayıb. Movqe.az APA-ya istinadən xəbər verir ki, görüşdə Milli Şuranın 16 üzvü iştirak edir. İştirakçılar arasında Müsavat başqanı İsa Qəmbər, ACP sədri Sülhəddin Əkbər, AXCP sədrinin müavinləri Fuad Qəhrəmanlı və Gözəl Bayramlı, Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov, Rüstəm İbrahimbəyovun vəkili Fuad Ağayev də var. Görüş mətbuat nümayəndələri üçün qapalı keçirilib. Müsavat Partiyasının başqanı İsa Qəmbər görüşdən sonra mətbuata açıqlama veriləcəyini bildirib. Görüşdə Milli Şuranın fəaliyyəti, Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığının ləğv olunması, onun Azərbaycana gəlməsi və digər məsələlər müzakirə ediləcəyi gözlənilir. Sabah eyni tərkibdə daha bir görüşün keçiriləcəyi gözlənilir. Müsavat başqanı İsa Qəmbər toplantının ilk 20 dəqiqəsində iştirak etməyib. O yalnız toplantı başladıqdan 20 dəqiqə sonra iclas keçirilən zala daxil olub. İsa Qəmbərin görüşün ilk hissəsinə qatılmamasının səbəbi məlum deyil.
Toplantının təxminən bir saat davam edəcəyi, daha sonra müzakirə olunan məsələlər barədə jurnalistlərə açıqlama veriləcəyi bildirirlib. Tiflisdəki mənbələr Rüstəm İbrahimbəyovun bundan sonrakı görüşlərinin, xüsusilə Milli Şuranın mühacirətdə olan üzvləri ilə toplantılarının da "Vera Palace"da keçiriləcəyini bildiriblər. Məlumata görə, "Vera Palace" oteli erməni mənşəli Gürcüstan vətəndaşı Andrey Nersesyana məxsusdur və hazırda onun oğlu tərəfindən idarə olunur. A. Nersesyan SSRİ dövründə Gürcüstanın ticarət naziri vəzifəsində işləyib. Onun hazırda Ermənistan prezidenti Serj Sərkisyanla yaxın əlaqədə olduğu və Gürcüstanda əsas dayaqlarından biri sayıldığı bildirilir.