Əlaqə Arxiv
news Image
2013.08.11
13:51
| A A A
Məktəbli qızlarını nişanlayaraq dərsdən yayındıran ailələrin siyahısı hazırlanacaq

Növbəti tədris ilində təhsilə davamiyyət məsələsinə ciddi nəzarət ediləcək. Bu barədə virtualaz.org saytına Təhsil Nazirliyindən məlumat verilib. Xəbərdə deyilir ki, xüsusən qızların məktəbdən kənarlaşdırılması faktlarına qarşı tədbirlər görüləcək: "Məktəb rəhbərlərinə qızlarını məktəbdən yayındıraraq nişanlayan və ya ərə verən ailələrin siyahısının hazırlanması haqqında tapşırıqlar verilib. Uşaqların təhsilə cəlb edilməsində hüquq-mühafizə orqanlarının da köməyindən istifadə ediləcək".
Qeyd edək ki, məktəbdən yayınma halları Azərbaycan təhsilinin ən ağrılı yeridir. Bunu Təhsil Nazirliyinin rəhbər şəxsləri də dəfələrlə vurğulayıblar. Keçmiş təhsil naziri Misir Mərdanov hələ iki il öncə dəhşətli bir statistika açıqlamışdı. O bildirmişdi ki, Azərbaycanda orta məktəb şagirdlərinin 10-11 faizi təhsildən yayınır. Ekspertlərin rəyləri də bunu təsdiqləyir. Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağayeva da virtualaz.org-a açıqlamasında küçə uşaqları arasında məktəbdən yayınanların çox olduğunu vurğuladı: "Bizim təşkilata müraciət edən uşaqlar arasında hərf tanımayanlar belə var. Bəziləri isə adları məktəbdə qeydiyyatda olsa da təhsildən yayınıb. Buna görə də uşaqların təhsildən yayınmalarının qarşısının alınmasına ciddi nəzarət olunmalıdır".
Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova isə təhsildən yayınmaların əsasən bölgələrdə və Bakıətrafı kəndlərdə qeydə alındığını dedi: "Xüsusilə Bakıətrafı kəndlərdə qızların təhsildən yayındırılaraq erkən yaşda ərə verilməsi faktları var. Belə faktlar gizlədildiyindən vaxtında tədbir görmək mümkün olmur".
M.Əzizova qeyd etdi ki, Bakıətrafı kənd və qəsəbələrdə maarifləndirici tədbirlərin keçirilməsi çətindir, çünki kənd qadınları belə tədbirlərə gəlmirlər.

Sizin Reklam Yeriniz