Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşəbbüsü ilə sentyabrın 4-6-da İsgəndəriyyə Kitabxanası, Roma Klubu, Dünya Elm və Mədəniyyət Akademiyası, Xarici Əlaqələr Şurası, Beynəlxalq Əməkdaşlıq və Dialoq Mərkəzi, Sülh və Mədəniyyət Fondu, Qlobal Etiks təşkilatı rəhbərlərinin iştirakı ilə "Ali Səviyyədə Görüş" keçiriləcək.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən Mövqe.az-a verilən məlumata görə, görüşün keçirilməsində məqsəd "Birgə Cəmiyyətlər Forumu 2014" hazırlıq, 2015-ci il Minillik İnkişaf Proqramı, Dini azlıqlar, Qadınların cəmiyyətdə aktivliyinin artırılması, Qlobal İnkişafın yeni Paradigması, Mədəniyyətlərarası və Dinlərarası Dialoq kimi mühüm əhəmiyyət kəsb edən problemlərin müzakirə edilməsidir.
Ali Toplantıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri - prezident Vaira Vike-Freiberga (Latviyanın sabiq Prezidenti), Dr. İsmail Seragəldin (İsgəndəriyyə Kitabxanasının Direktoru) və Mərkəzin İdarə Heyətinin üzvləri - prezident Tarja Halonen (Finlandiyanın sabiq Prezidenti), Walter Fust (YUNESKO-İTU Brodband Komissarı) o cümlədən Madrid Klubunun prezidenti Wim Kok (Hollandiyanın sabiq Baş Naziri) və vitse-prezidentlər Jennifer M. Shipley (Yeni Zellandiyanın sabiq Baş Naziri), prezident Jorge Quiroga (Boliviyanın sabiq prezidenti) və hər iki qurumun digər üzvləri, o cümlədən tərəfdaş qurumlar - CGDC sədri, prezident Petar Stoyanov (Bolqarıstanın sabiq prezidenti), Dünya Elmlər və Mədəniyyət Akademiyasının prezidenti Dr. İvo Slaus, Gürcüstan Universitetinin həmsədri, xanım Giuli Alasaniya və digər tanınmış simalar iştirak edəcəklər.
Toplantı çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun İdarə Heyətlərinin toplantısı keçirilməsi planlaşdırılır.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşdırılan Ali Toplantı silsiləvi xarakter daşıyacaq. "Birgə Cəmiyyətlər Forumu 2014" layihəsi çərçivəsində Brisbon (Avstraliya), Afina (Yunanıstan), İsgəndəriyyə (Misir) və Madriddə (İspaniya) toplantılar keçiriləcək.