Bu gün Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ad günüdür
Avqustun 26-da Azərbaycanın birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın ad
günüdür. Mehriban Əliyeva Bakıda tanınmış ailədə anadan
olub. Atası Azərbaycan Milli Elmlər Akademiyasının akademiki,
fizika-riyaziyyat elmləri doktoru, professor, Milli Aviasiya
Akademiyasının rektoru Arif Mir Cəlal oğlu Paşayev, anası şərqşünas
alim, filologiya elmləri doktoru, professor, Azərbaycan Milli
Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru olmuş,
ərəb ədəbiyyatı sahəsində mütəxəssis Aida Nəsir qızı
İmanquliyevadır. Mehriban Əliyeva 1982-ci ildə Bakıda 23 saylı orta
məktəbi qızıl medalla bitirib, Nəriman Nərimanov adına Azərbaycan
Dövlət Tibb İnstitutunun Müalicə işi fakültəsinə daxil olub. İkinci
kursdan təhsilini İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb
İnstitutunda davam etdirib, 1988-ci ildə bu institutu fərqlənmə
diplomu ilə bitirib. 1988-1992-ci illərdə Moskva Göz Xəstəlikləri
Elmi-Tədqiqat İnstitutunda işləyib. 1990-cı illərin ortalarında
Mehriban xanım Əliyeva Azərbaycan Mədəniyyətinin Dostları Fondunu
yaradıb. Ölkənin birinci xanımı indiyədək bu fonda rəhbərlik edir.
Fond Azərbaycan mədəniyyətinin geniş təbliği məqsədi ilə üç dildə
(Azərbaycan, ingilis, rus) "Azərbaycan-İRS" jurnalını nəşr etdirir.
Bu nəşrin sayəsində Azərbaycan beynəlxalq arenada təkcə neft və
qazla zəngin dövlət kimi deyil, həm də əksər sahələrdə - musiqi,
memarlıq, təsviri və tətbiqi incəsənət sahələrində şedevrlər
yaratmış ölkə kimi tanınmağa başlayıb. Mehriban xanım Heydər Əliyev
Fonduna onun yaradıldığı gündən - 10 may 2004-cü ildən rəhbərlik
edir. Fondun məqsədi ümummilli lider Heydər Əliyevin zəngin irsinin
öyrənilməsi və yeni nəslin milli dövlətçilik ideyaları ruhunda
tərbiyə edilməsidir. Fondun işinin prioritet istiqamətləri ən
müxtəlif sahələrdə humanitar fəaliyyətdən ibarətdir. Bura valideyn
himayəsindən məhrum olmuş uşaqlara kömək, uşaq evlərinin,
internat-məktəblərin abadlaşdırılması və maddi bazalarının
yaxşılaşdırılması da daxildir. Birinci xanım statusu və Fonddakı
işi Mehriban xanıma bu işi sistemləşdirmək, layihələrin miqyasını
genişləndirmək, onların həyata keçirilməsi üçün əlavə resurslar
cəlb etmək imkanı verir. Azərbaycan mədəniyyətinin
populyarlaşdırılması və təbliği məqsədilə Heydər Əliyev Fondunun
təşəbbüsü ilə Qəbələ iyulda yenidən bütün dünyadan olan çoxsaylı
qonaqları növbəti Beynəlxalq Musiqi Festivalında qəbul edib. Heydər
Əliyev Fondu görkəmli Azərbaycan ifaçılarının musiqi albomlarının
buraxılmasına böyük diqqət yetirir. Fond, həmçinin dünyanın məşhur
mütəfəkkiri, görkəmli alimi, ensiklopedik biliyə malik Nəsirəddin
Tusinin "Əxlaqi-Nasir" əsərini latın qrafikasında yenidən nəşr
etdirib, "Azərbaycan" kitab-fotoalbomu və əksər türk ölkələrində
populyar olan "Qabusnamə" kitabının rus variantını hazırlayıb,
"Azərbaycan muğamı" multimedia məcmuəsi və "Muğam dünyası" kitabını
buraxıb. Heydər Əliyev Fondunun beynəlxalq musiqi layihəsi
çərçivəsində "İntizar" operasının yeni quruluşda premyerası
keçirilib. Bakıda Mehriban Əliyevanın təşəbbüsü ilə Müasir
İncəsənət Muzeyi açılıb və fəaliyyət göstərir. Fondun başqa
ölkələrdə nümayəndəlikləri var və Azərbaycandan kənarda da bir çox
layihələri uğurla həyata keçirir. Belə ki, 2010-cu ilin iyununda
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
ilə Bakıda "Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu"
mövzusunda forum keçirilib. Fond ümumbəşəri mədəniyyət abidələrinin
bərpasında da iştirak edir. Belə ki, dünya irslərinin siyahısına
daxil olan Parisin Versal sarayının parkında zamanın və iqlimin
təsirindən zərər çəkmiş iki abidənin bərpası həyata keçirilib. Fond
Strasburq Kafedral kilsəsinin vitrajlarının təmirinə də maddi kömək
göstərib. İyunun 22-də Romada Heydər Əliyev Fondu ilə Müqəddəs
Taxt-Tac arasında "Roma katakombalarının bərpasına dair ikitərəfli
Saziş" imzalanıb. Azərbaycanda da bir çox məscid, sinaqoq və
kilsələr bərpa olunub. 2012-ci il sentyabrın 18-də Parisin Luvr
muzeyində İslam incəsənətinə həsr olunmuş yeni zalların açılış
mərasimi keçirilib. Mərasimdə Prezident İlham Əliyev və xanımı
Mehriban Əliyeva, Fransa Respublikasının Prezidenti Fransua Olland
iştirak ediblər. Ertəsi gün Parisdə Heydər Əliyev Fondunun və
Fransada Azərbaycanın səfirliyinin dəstəyi ilə yaradılan Mədəniyyət
Mərkəzinin açılış mərasimi olub. Mərasimdə Azərbaycan Prezidenti
İlham Əliyev və onun xanımı Mehriban Əliyeva iştirak ediblər. Eyfel
qülləsinin yaxınlığında yaradılmış Azərbaycan Mədəniyyət Mərkəzi
dünya mədəniyyətinin paytaxtında ölkəmizin təbliği üçün ən
əhəmiyyətli addımlardan biridir. Xüsusi əhəmiyyətə malik olan bu
mədəni hadisə mədəniyyətlərarası dialoq platformasının aparıcı
qüvvəsi kimi dünya gündəliyinə daxil olmuş Azərbaycanın ən yüksək
səviyyədə populyarlaşmasına xidmət edir. Qədim və zəngin tarixə aid
olan eksponatların ölkəmizin mədəniyyətini bir məkanda təqdim
etdiyi mərkəz, həmçinin Parisin mədəni həyatında fəallığı ilə
fərqlənən bu sahədə Azərbaycanın həyata keçirdiyi fəaliyyətin
sübutu üçün geniş imkanlar açır. Azərbaycan Mədəniyyət Mərkəzi,
həmçinin bizim ölkəmizə hədsiz marağı təcəssüm etdirir.
Azərbaycanın mədəniyyətinin təbliği məqsədilə Fransanın
regionlarında mədəniyyət tədbirlərinin keçirilməsinə başlanıb.
Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı
səfirliyinin dəstəyi ilə yeni layihə həyata keçirilir. İlk belə
tədbir oktyabrın 19-da Reymsdə baş tutub. O cümlədən, "Qafqazın
incisi - Azərbaycanın mədəni dəyərləri" sərgisinin açılış mərasimi
olub. Sərgi həmçinin Fransanın Romoranten-Lantene, Miluz,
Strasburq, La Poşel şəhərlərində də keçirildi. Oktyabrın 27-də
Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycanın Fransadakı
səfirliyinin dəstəyi ilə Parisin məşhur "Salle Pleyel" sarayında
Azərbaycan ilə Fransa arasında diplomatik əlaqələrin qurulmasının
20 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib. Mərasimdə
Azərbaycanın birinci xanımı, Azərbaycan-Fransa parlamentlərarası
dostluq qrupunun rəhbəri Mehriban Əliyeva iştirak edib. İyulun 4-də
Fransanın Kann şəhərində "Azərbaycan Kannda" mədəniyyət günlərinin
rəsmi açılışı oldu. Heydər Əliyev Fondunun və ölkəmizin Fransadakı
səfirliyinin təşkilatçılığı ilə keçirilən mədəniyyət günlərinin
rəsmi açılışında Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyeva iştirak etdi. Fransanın
şərqində ən böyük kurort və mədəniyyət mərkəzlərindən olan Kann
şəhərində hər il beynəlxalq kinofestivalla yanaşı, Avropanın ən
böyük sərgi və konfransları da təşkil olunur. Mədəniyyət günləri
çərçivəsində Azərbaycan "Pirotexnika sənəti" (dArt Pyrotechnique)
Kann festivalında ilk dəfə təmsil olunub. Azərbaycan caz musiqisi
tarixi və müasir çalarlarda səslənib. Mədəniyyət günlərində yerli
sakinlər və turistlərin Azərbaycanı müxtəlif sərgilər vasitəsilə də
görmək imkanı olub. Bu sərgilər sırasında "Qız Qalası" və
"Ceyranlar" sərgisi xüsusi maraq doğurub. Azərbaycanın ən qədim və
dünya əhəmiyyətli abidələrindən olan Qız Qalasının təbliği
məqsədini daşıyan "Qız Qalası" sərgisində müxtəlif ölkələrin
rəssamları tərəfindən milli üslublarda naxışlarla bəzədilən kiçik
maketlər fərqli mədəniyyət və adət-ənənələrin sintezində təqdim
edilib. Heydər Əliyev Fondu tərəfindən təşkil olunan "Qafqaz incisi
- Azərbaycanın mədəni dəyərləri" və Azərbaycanın müasir incəsənət
nümunələrindən ibarət "Emosiyalar sərgisi" (Emotions Exhibition)
isə Azərbaycan və onun mədəni sərvətlərinin, müasir incəsənətinin
tanıdılması baxımından əhəmiyyət kəsb edib. Xüsusi şounun müşayiəti
ilə təqdim olunan "Milli mətbəx günü" Azərbaycanın süfrə
mədəniyyəti, qonaqpərvərliyi, ənənələri barədə dərin təəssüratlarla
yadda qalıb. Bu layihə Azərbaycanın milli mətbəx nümunələrinin hər
birinin tarixi, fəlsəfəsi barədə geniş məlumat əldə etmək imkanı
yaradıb. Sərgi çərçivəsində kinomuzun incilərindən olan "Arşın mal
alan" filmi də təqdim edilib. İyulun 18-də Azərbaycanın YUNESKO-ya
üzv qəbul olmasının 20 illiyi münasibəti ilə Parisdə qurumun baş
qərargahında mərasim keçirilib. Azərbaycanın birinci xanımı,
YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva və təşkilatın baş
direktoru İrina Bokova Azərbaycan Respublikası tərəfindən hədiyyə
edilən daş at və daş qoç abidələrinin YUNESKO-ya təqdim olunması
mərasimində iştirak etmişlər. YUNESKO-nun baş qərargahının
həyətində qoyulan bu heykəllər burada daimi olaraq sərgilənəcəkdir.
Bu heykəllər 12-13-cü əsrlərə aiddir və Tovuz rayonunun Aşağı
Ayıblı kəndindən tapılmışdır. Tədbir iştirakçılarına Azərbaycanda
tapılan daş heykəllərin tarixini əks etdirən kitablar paylanmışdır.
Noyabrın 15-də Romada Azərbaycan ilə İtaliya arasında diplomatik
əlaqələrin qurulmasının 20 illiyi münasibətilə Heydər Əliyev
Fondunun təşəbbüsü və dəstəyi ilə "Azərbaycan: mədəniyyət ruzigarı"
adlı təntənəli mərasim keçirilib. Romanın "Auditorium Parco Della
Musica" konsert və festivallar sarayında keçirilən "Azərbaycan:
mədəniyyət ruzigarı" adlı təntənəli mərasim və Qara Qarayev adına
Azərbaycan Dövlət Kamera Orkestrinin konserti keçirilib. 2012-ci il
noyabrın 14-də Vatikanda Heydər Əliyev Fondunun təşəbbüsü və
dəstəyi ilə "Azərbaycanın zəngin incilərinə tarixi baxış" adlı
sərgi açılıb. Azərbaycan ilk müsəlman ölkəsidir ki, Vatikanda
mədəni dəyərlərinin nümayiş olunduğu sərgi təşkil edib. Martın 5-də
Heydər Əliyev Fondunun, "Baku" jurnalının ingilisdilli versiyasının
və Azərbaycanın İtaliyadakı səfirliyinin birgə layihəsi
çərçivəsində Romanın MAXXİ Milli Müasir İncəsənət Muzeyində "Bakıya
uçuş: Müasir Azərbaycan incəsənəti" sərgisinin rəsmi açılışı olub.
Mayın 31-də 55-ci Ümumdünya təsviri incəsənət sərgisi - Venesiya
Biennalesi çərçivəsində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə
Azərbaycan pavilyonunun rəsmi açılış mərasimi olub. Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva
və Fondun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər.
Azərbaycan pavilyonu da şəhərin ən izdihamlı məkanlarının birində -
Kampo Santo Stefanodakı XIV əsrə aid Lezze Sarayında yerləşib.
55-ci beynəlxalq Venesiya Biennalesində 17 Azərbaycan rəssamının
müasir təsviri sənət əsərinin təqdim edildiyi Azərbaycanın və qonşu
ölkələrin müasir incəsənət sərgisi keçirilib. Bu il mayın 13-də
Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı olub. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva
mərasimdə iştirak ediblər. Vyanada yaradılan Mədəniyyət Mərkəzi
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyeva tərəfindən ölkənin xaricdə tanınması üçün növbəti
mühüm addımlardan biridir. Yeni mədəniyyət ocağı bu sahədə işlərin
gücləndirilməsi, onun vahid mərkəzdən idarə olunması və daha
səmərəli fəaliyyət göstərməsi üçün geniş imkanlar açır. 2012-ci
ilin sentyabrında Pakistanın Müzəffərabad şəhərində Heydər Əliyev
Fondu tərəfindən 2007-ci ildə tikilən və 2012-ci ildə əsaslı təmir
olunan, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adını
daşıyan qız liseyinin açılış mərasimi keçirilib. M.İ.Rudomino adına
Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının atriumunda Heydər
Əliyev Fondunun təşəbbüsü ilə böyük Azərbaycan yazıçısı, filosofu
və humanisti Mirzə Fətəli Axundzadənin abidəsinin təntənəli açılış
mərasimi olub. Layihə Azərbaycan Respublikasının Rusiya
Federasiyasındakı səfirliyi və M.İ.Rudomino adına Ümumrusiya Dövlət
Xarici Ədəbiyyat Kitabxanası ilə birgə həyata keçirilib. Sentyabrın
15-də dünyanın aparıcı hərrac evi hesab olunan "Christies" Heydər
Əliyev Fondu və "YARAT!" Müasir İncəsənət Məkanı ilə birlikdə
Bakıda yenicə istifadəyə verilmiş "The Four Seasons Hotel"in
möhtəşəm salonunda Azərbaycanda ilk sərgisini təşkil edib.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyeva açılış mərasimində iştirak
ediblər. Sərgidə "Christies"in London, Nyu-York və Dubayda
keçirdiyi payız satışlarında iştirak üçün seçilmiş müxtəlif sənət
əsərləri, əşyalar və eksponatlar nümayiş olunub. Həmin eksponatlar
sırasına impressionist, İkinci Dünya müharibəsindən sonrakı dövrün
və müasir incəsənət əsərləri, Şərq xalçaları, eləcə də Birləşmiş
Ərəb Əmirlikləri, İran və Türkiyənin çağdaş sənət nümunələri daxil
olub. Bu sərgidə dünyanın tanınmış fırça ustalarının əsərləri yer
alıb. Bu sırada Pablo Pikasso kimi dünya şöhrətli rəssamın
yaratdığı ölməz sənət incisi də olub. Rəssamın həyat yoldaşı və
itini təsvir etdiyi əsər "Qadın itlə" adlanır. Həmin əsərlə yanaşı,
"Christies"in kolleksiyasına daxil olan, XVIII əsrə aid Qarabağ
xalçası da nümayiş edilib. Mehriban Əliyeva Azərbaycan xalqının
rifahına xidmət edən belə humanitar proqramların effektivliyinin
güclənməsi üçün bütün mövcud imkanlardan istifadə etməyi özünün
vəzifəsi hesab edir. Heydər Əliyev Fondunun fəaliyyətinin prioritet
istiqamətlərindən biri dünya ictimaiyyətinə Dağlıq Qarabağ
münaqişəsinin reallıqlarının çatdırılmasıdır. Həyata keçirilmiş
layihələr arasında bir neçə dildə nəşr edilmiş, Ermənistanın
Azərbaycana təcavüzünün tarixini əks etdirən "Qarabağ reallıqları"
bukletlər toplusunu, erməni vəhşiliyindən bəhs edən "Müharibə və
mədəni-tarixi abidələrimiz", "Azərbaycana qarşı müharibə: mədəni
irs hədəf altında" kitablarını qeyd etmək olar. Bundan başqa, Fond
dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımına həsr olunmuş
aksiyalar, foto və videosərgilər təşkil edir. 2004-cü ilin
avqustunda Mehriban xanım Əliyeva Azərbaycanın şifahi xalq
ədəbiyyatının və musiqi irsinin mühafizəsi və inkişafı üzrə
yorulmaz səylərinə görə YUNESKO-nun xoşməramlı səfiri elan olunub.
İki il sonra birinci xanım müxtəlif sahələrdəkı genişmiqyaslı və
fədakar fəaliyyətinə, o cümlədən geniş sivilizasiyalararası dialoq,
qayğıya ehtiyacı olan uşaqlara diqqət, onların həyat şəraitinin və
təhsilinin yaxşılaşdırılmasında böyük dəstəyinə görə İSESKO-nun
(İslam ölkələrinin elm, təhsil və mədəniyyət təşkilatı) xoşməramlı
səfiri seçilib. Belə nüfuzlu beynəlxalq təşkilatların səfiri olmaq
çox şərəfli və məsuliyyətli missiyadır. Həm YUNESKO, həm də İSESKO,
nizamnamələrində qeyd olunduğu kimi, qeyri-siyasi institutlardır.
Eyni zamanda bu, Mehriban Əliyevanın öz ölkəsini təmsil etdiyi
beynəlxalq arenadır. Bu, müasir Azərbaycanın, qədim tarixi və
mədəni köklərə malik xalqımızın, incəsənətimiz, musiqimiz və
ədəbiyyatımızın nailiyyətlərinin bütün dünyaya çatdırılması üçün
fürsətdir. Xoşməramlı səfir kimi Mehriban Əliyevanın vəzifəsi elm,
mədəniyyət, təhsil vasitəsilə İslam dünyasının malik olduğu bütün
imkanları, Qərbin və Şərqin, eləcə də müxtəlif sivilizasiyaların
bir-birinə nə qədər maraqlı və faydalı ola bilməsini göstərməkdir.
2005-ci ildə mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə, təhsil və
mədəniyyətin təşkilinə dəstəyinə, Rusiya və Azərbaycan xalqları
arasında dostluğun möhkəmlənməsində böyük töhfələrinə görə Mehriban
xanım Əliyeva Rusiyanın "Yüzilliyin mesenatları" Beynəlxalq
Fondunun "Yaqut Xaç" ordeni ilə təltif olunub. Dünya Səhiyyə
Təşkilatı İcraiyyə Komitəsi isə birinci xanımı "Ana, uşaq və ailə
sağlamlığının qorunması və möhkəmləndirilməsi işində müstəsna
xidmətlərinə görə" xüsusi mükafatı ilə qiymətləndirib.
Xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət
sahəsində nailiyyətlərinə görə Mehriban Əliyeva 2007-ci ildə "Qızıl
Ürək" beynəlxalq mükafatına layiq görülüb. 2005-ci ildə
Azərbaycanda keçirilən sosioloji sorğunun nəticələrinə görə,
Mehriban Əliyeva "İlin qadını" fəxri adını alıb. Ölkəmizin təhsil
sisteminin inkişafında, dünyada milli-mədəni irsin qorunması və
təbliği ilə bağlı xidmətlərinə, xarici ölkələrdə xalqımızın müsbət
imicinin möhkəmləndirilməsi üzrə görülən işlərə, bədii gimnastika
üzrə 27-ci Dünya çempionatına hazırlığa və onun respublikada yüksək
səviyyədə keçirilməsinə, genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə
görə Milli qəhrəman Çingiz Mustafayev Fondu və ANS şirkətlər qrupu
Mehriban Əliyevanı "2005-ci ilin Adamı" elan edib. Bu ilin
fevralında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyeva türk mədəniyyətinin qorunmasında və
təbliğində xidmətinə görə "Türk mədəniyyətinin hamisi" adına layiq
görülüb. Mehriban Əliyeva "Türküstan" qəzetinin təşəbbüsü və 20-yə
yaxın təşkilatın dəstəyi ilə keçirilən "Türk dünyasına xidmət -
2012" rəy sorğusunun nəticələrinə görə, bu mükafata layiq görülüb.
Mehriban Əliyevanın geniş fəaliyyəti bununla məhdudlaşmır. O,
2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasının prezidentidir.
Xanım Əliyeva bu vəzifədə yüksək təşkilatçılıq qabiliyyətini
nümayiş etdirir. Onun nüfuzu 2003 və 2004-cü illərdə Azərbaycanda
bədii gimnastika üzrə Dünya Kuboku yarışının, 2005-ci ildə bədii
gimnastika üzrə Dünya çempionatının, 2007 və 2009-cu illərdə Avropa
birinciliyinin keçirilməsi barədə qərarın qəbulunda həlledici rol
oynayıb. 2012-ci ilin fevralında məlum oldu ki, 2014-cü ildə bədii
gimnastika üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək.
Çempionatın Bakıda tikilməkdə olan Olimpiya Gimnastika Kompleksində
təşkil olunacağı güman edilir. Bu gün bədii gimnastika üzrə
Azərbaycan yığma komandası dünyada böyük nüfuza malikdir.
İdmançılar beynəlxalq turnirlərdə lider mövqeləri tuturlar. 2004-cü
il dekabrın 28-də Azərbaycan Milli Olimpiya Komitəsinin IV Baş
Assambleyasında Mehriban xanım Əliyeva MOK-un İcraiyyə Komitəsinin
üzvü seçilib. Mehriban Əliyeva 2013-cü il aprelin 3-də keçirilən
Milli Olimpiya Komitəsinin (MOK) VI Baş Məclisində qurumun İcraiyyə
Komitəsinə yenidən üzv seçilib. Bu il yanvarın 17-də Azərbaycan
Prezidenti İlham Əliyev I Avropa Oyunlarının 2015-ci ildə Bakı
şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması
haqqında sərəncam imzalayıb. Sərəncama görə, komitənin sədri Heydər
Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya
Komitəsi İcraiyyə Komitəsinin üzvü, YUNESKO-nun xoşməramlı səfiri
Mehriban Əliyeva təyin edilib.
2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarının Təşkilat
Komitəsinin ikinci iclasında Təşkilat Komitəsinin sədri Mehriban
xanım Əliyeva qarşıda duran vəzifələrdən danışaraq deyib:
"Bildiyiniz kimi, 2015-ci ildə ölkəmizdə ilk dəfə Avropa Oyunları
keçiriləcəkdir. Bu vaxta qədər tarixdə belə tədbir keçirilməyib.
Baxmayaraq ki, ümumiyyətlə Olimpiya hərəkatı Avropada doğulub və
sonra yenidən Avropada bərpa olunmuşdur, digər qitələrdə qitə
oyunları keçirilirdi, Avropada isə ilk dəfə belə oyunların
keçirilməsi şərəfi bizə nəsib olub. Biz çalışmalıyıq ki, bu oyunlar
ən yüksək səviyyədə hazırlansın və ən yüksək səviyyədə keçirilsin.
Ümumiyyətlə, bu, Avropanın idman hərəkatının tarixində yeni bir
dövrün başlanmasıdır və Azərbaycan bu tarixin ilk səhifələrini
yazan ölkədir". 2005-ci ildə Mehriban Əliyeva fəlsəfə elmləri
namizədi elmi dərəcəsi alıb. Elə həmin il, eləcə də 2010-cu ildə
Azərbaycan Milli Məclisinə keçirilən seçkilərdə parlamentə deputat
seçilib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun
prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva 2013-cü il
iyunun 7-də keçirilən hakim Yeni Azərbaycan Partiyasının V
qurultayında partiyanın Sədr müavini seçilib. Bu il mayın 7-də
Milli Məclis Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın
təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90
illik yubileyi ilə əlaqədar təqdim edilən Amnistiya aktını qəbul
etdi. Amnistiya aktı təxminən 9 min şəxsə şamil edildi. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 5 may 2009-cu il tarixli
sərəncamı ilə Mehriban Əliyeva ölkənin ictimai-siyasi və mədəni
həyatında səmərəli fəaliyyətinə görə Heydər Əliyev Mükafatına layiq
görülüb. 14 sentyabr 2009-cu ildə Mehriban Əliyeva Azərbaycan və
Polşa arasında dostluq münasibətlərinin inkişafına verdiyi töhfəyə
görə Polşa Respublikasının "Xidmətlərə görə" Böyük Komandor Xaçı
ordeni ilə təltif edilib. 10 fevral 2010-cu il tarixdə Fransa
Prezidentinin sərəncamı ilə Mehriban Əliyeva "Fəxri legionun böyük
xaç komandoru" ordeni ilə təltif edilib. Bəşəriyyətin maddi və
qeyri-maddi mədəni irsinin populyarlaşdırılmasına sadiqliyə,
mədəniyyətlərarası dialoqun inkişafına yönələn yorulmaz səylərə,
mədəni müxtəlifliyin möhkəmləndirilməsinə böyük töhfəyə və
YUNESKO-nun ideya və məqsədlərinə sadiqliyə görə Mehriban xanım 30
iyul 2010-cu il tarixində bu təşkilatın "Motsart medalı"na layiq
görülüb. 2 iyun 2011-ci ildə xanım Əliyeva qaçqın və köçkün düşmüş
insanlar üçün Heydər Əliyev Fondunun həyata keçirdiyi humanitar
proqramlara, habelə türk dünyası mədəni irsinin zəngin parçası olan
Azərbaycan türklərinin maddi və qeyri-maddi mədəniyyət abidələrinin
qorunması və təbliği sahəsində böyük xidmətlərinə görə Türk Dünyası
Yazarlar və Sənətçilər Vəqfinin (TÜRKSAV) "Türk dünyasına xidmət"
mükafatına layiq görülüb. 24 iyun 2011-ci il tarixdə
Brüsseldə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun
prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli
Məclisin deputatı Mehriban Əliyevaya Krans Montana Forumunun Qızıl
medalı təqdim olunub. Krans Montana Forumunun Qızıl medalı dünyada
öz fəaliyyəti ilə böyük nüfuz qazanmış, xüsusi xidmətləri olan
insanlara verilir. Mehriban xanım Əliyevanın Krans Montana
Forumunun Qızıl medalına layiq görülməsi onun mədəniyyət, elm,
təhsil, səhiyyə, sosial və digər sahələrdə həyata keçirdiyi
çoxşaxəli fəaliyyətinin beynəlxalq miqyasda diqqət mərkəzinə
çevrilməsini bir daha təsdiq edir. 2012-ci il fevralın 13-də
Mehriban Əliyeva Rusiya Federasiyası İ.M.Seçenov adına Birinci
Moskva Dövlət Tibb Universitetinin fəxri professoru adına layiq
görülüb. 2012-ci il aprelin 13-də Mehriban Əliyeva MDB iştirakçısı
olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurasının (HƏŞ) və MDB
iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq
Fondunun (DHƏF) "Birliyin Ulduzları" mükafatı ilə təltif edilib.
2012-ci il iyunun 29-da Mehriban Əliyeva Krans Montana Forumunun
"Prix de la Foundation" mükafatına layiq görülüb. Forumun bu ali
mükafatı öz fəaliyyəti ilə fərqlənən və beynəlxalq səviyyədə rəğbət
qazanan şəxslərə təqdim edilir. Heydər Əliyev Fondu Azərbaycanın
"Eurovision" mahnı müsabiqəsində iştirakının təşəbbüskarı olub.
Azərbaycan bu müsabiqədə cəmi beş dəfə iştirak edib və ölkə
nümayəndələri həmişə müsabiqənin liderləri arasında olublar.
2011-ci ilin mayında Azərbaycanın gənc müğənniləri Eldar və Nigar
"Eurovision 2011"in qalibi oldular. Prezident İlham Əliyevin
sərəncamı ilə Mehriban xanım Əliyeva 2012-ci ilin mayında Bakıda
keçirilən "Eurovision 2012" mahnı müsabiqəsinin Təşkilat
Komitəsinin sədri təyin edildi. Azərbaycan qarşıya qoyulan
vəzifələrin öhdəsindən şərəflə gəldi. Ən qısa müddətdə Bakıda
xüsusi olaraq "Eurovision 2012" mahnı müsabiqəsi üçün Dövlət
Bayrağı Meydanının yaxınlığında 23 min tamaşaçı tutumuna malik
möhtəşəm konsert kompleksi olan "Bakı Kristal Zalı" ucaldıldı.
57-ci "Eurovision" mahnı müsabiqəsi ölkədə yüksək səviyyədə təşkil
edildi və bu fakt hələ də dünya mətbuatının diqqət mərkəzindədir.
Bakıda keçirilən "Eurovision" müsabiqəsi təkcə şəhərimizin zəngin
mədəniyyətinin, gözəl təbiətinin, turizm potensialının təbliği üçün
geniş imkanların yaradılması baxımından deyil, həm də Azərbaycanın
qısa müddət ərzində əldə etdiyi yüksək inkişaf səviyyəsini bütün
dünyaya nümayiş etdirməsi nöqteyi-nəzərindən çox əhəmiyyətli tədbir
oldu. /Trend/