Müdafiə naziri Səfər Əbiyev Sloveniyanın müdafiə naziri Roman Yakiçlə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan-Sloveniya
əlaqələrinin son illər inkişaf etdiyini qeyd edən S. Əbiyev iki
ölkə arasında imzalanmış hərbi sazişin bu sahədə də əməkdaşlığın
tərəqqisinə geniş imkanlar yaratdığını vurğulayıb.
O, görüş zamanı sloveniyalı həmkarına bölgədəki gərgin hərbi-siyasi
vəziyyət və Dağlıq Qarabağ münaqişəsinin bu günədək sülh yolu ilə
həll edilməməsinin səbəbləri barədə məlumat verib.
Öz növbəsində Sloveniyanın müdafiə naziri R.Yakiç də bu münaqişəni
yaradan amillər və problemin həllinə maneçilik törədən
yanaşmalardan xəbərdar olduğunu bildirib.
Görüş zamanı nazirlər hərbi təhsil sahəsində əməkdaşlığın
genişləndirilməsini və digər zəruri əlaqələrin inkişafını önə
çəkiblər.
Sloveniyanın müdafiə naziri gələn il hər iki ölkənin ortaq
qəhrəmanı əfsanəvi Mixaylonun-Mehdi Hüseynzadənin 95 illiyinin
Sloveniyada təntənəli surətdə qeyd ediləcəyini bildirib. R.Yakiç
Azərbaycanın müdafiə nazirini həmin tədbirdə iştirak etməyə dəvət
edib.