Azərbaycanda qarışıq nikahların artmasının fəsadları 20 ildən sonra özünü göstərəcək. Bu sözləri Movqe.az-a Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib. M. Quliyev bildirib ki, Azərbaycan vətənaşlarının əcnəbilərlə nikaha daxil olmasından narahat olmaq lazım deyil. Millət vəkili bunun təbii və qarşısıalınmaz proses olduğunu söyləyib. M. Quliyev bildirib ki, sovet dövründə Azərbaycanda kişilər başqa millətlərin nümayəndələri ilə daha çox nikaha daxil olurdularsa, indi qızlar əcnəbi oğlanlarla ailə qurmağa başlayıb: "Bunun səbəbi Azərbaycanın inkişafı ilə əlaqədar ölkəmizə əcnəbi vətəndaşların gəlməsi, yeni layihələrlə bağlı əcnəbilərin Azərbaycanda işləməsidir. Nəticədə azərbaycanlı qızlarla əcnəbi oğlanlar arasında iş tanışlıqları evliliklə nəticələnir. İkinci səbəb azərbaycanlı qızların xarici ölkələrdə təhsil alaraq orada işləməsidir ki, bu da əcnəbilərlə qurulan nikahların sayını artırır".
M. Quliyev hazırda bu cür nikahların heç bir demoqrafik problem yaratmadığını söyləsə də, 20 ildən sonra Azərbaycanda qızların sayının oğlanlara nisbətdə azalacağı ilə nəticələnəyini söyləyir: "İndi bunun heç bir mənfi təsiri yoxdur. Əsas odur ki, bizim əcnəbilərlə nikaha girən qızlarımız azərbaycanlı olduqlarını öz ailələrində yaşada, övladlarına aşılaya bilsinlər. Əgər bu gün nikahların 10 faizini əcnəbilərlə bağlanan nikahlar təşkil edirsə burada narahatlığa əsas olacaq amil yoxdur. Amma 20 ildən sonra Azərbaycanda qızların sayının azalması ciddi problem kimi Azərbaycanda bağlanılan nikahların sayının azalmasına təsir edə bilər".
Qeyd edək ki, Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsindən bildiriblər ki, bu ilin ilk altı ayı ərzində bağlanmış 38453 nikah qeydə alınıb. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 5042 nikah çox deməkdir. Xatırladaq ki, ötən ilin ilk altı ayı ərzində 33411 nikah qeydə alınmıışdı.
Bu ilin ilk yarımilliyində qeydə alınan nikahların 1719-u qarışıq, yəni əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlanıb ki, bu da ötən ilin analoji ilə dövrü ilə müqayisədə demək olar ki, iki dəfədən də çoxdur. Belə ki, ötən ilin ilk altı ayında 847 qarışıq nikah bağlanmışdı. 2013-cü ilin altı ayı ərzində 97-si əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlı olmaqla ümumilikdə 5788 nikah pozulması baş verib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumən pozulan nikahların sayı azalsa da, pozulan qarışıq nikahların sayı dörd dəfə artıb. Xatırladaq ki, 2012-ci ilin birinci yarısında 24-ü əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə bağlı olmaqla ümumilikdə 5386 nikah pozulması baş vermişdi.