"Azərbaycanda telekanallar ucuz xarici filmlərin yayımı ilə narkotik vasitələrin istifadəsinin və alqı-satqısının təbliğatını aparırlar. Belə ucuz kinoların yayım hüququnu alan telekanallar göstərdiyi filmlərdə narkotik vasitədən istifadə səhnələrinin üzərini tutqunlaşdırmadan efirə verirlər".
Bu sözləri Movqe.az-a Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) rəisi Raqif Abbasov bildirib.
R. Abbasov deyib ki, narkotik vasitələrin istifadəsi, alqı-satqısını əks etdirən kadrlar olan filmlərin Azərbaycana ucuz qiymətə satışının arxasında ölkəmizdə narkotik vasitələrin artımına maraqlı olan qüvvələr var: "Azərbaycanda narkotik vasitələrin istifadəsinə aludə olanlar arasında keçirilən monitorinqlərin nəticəsi göstərir ki, həmin gənclər arasında bu pis vərdişlərə öz telekanallarımızda yayımlanan kinolarda narkotik vasitə ilə bağlı səhnələri gördükdən sonra aludə olanlar da var. Gələcəkdə monitorinq göstərsə ki, narkotok vasitəyə aludə olan gənclər məhz bu kinolara baxmaqla bu bəlaya düçar olublar, onda bu filmləri yayımlayan telekanalların rəhbərlikləri qanunvericilik qarşısında məsuliyyət daşımalı olacaqlar".
R. Abbasov bildirib ki, belə filmlərdə narkomanlar mənfi obraz kimi canlandırılsalar da, bu kadrlar narkotik vasitələrin istifadəsində təbliğat rolunu oynayır. İdarə rəisi telekanalları belə ucuz kinoları yayımlayarkən ehtiyatlı olmağa səsləyib. R. Abbasov bildirib ki, ən azından belə kadrların üzəri görüntünü məhdudlaşdıran vasitələrlə tutqunlaşdırılmalıdır. R. Abbasov bildirib ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) da belə məsələlərdə telekanallar qarşısında öz tələbini qoymalıdır: "Düzdür telekanalların imkanı yoxdur ki, hər dəfə "Kaan" və "Oskar"kimi nüfuzlu festivalların qalibi olmuş filmləri yayımlasın. Amma belə ucuz kinoları da efirə verəndə bu məsələlərdə diqqətli olmalıdırlar".
MTRŞ-nın Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov isə Movqe.az-a açıqlamasında bildirib ki, Şura özü maliyyələşdirdiyi serialların çəkilişində, telekanallara narkotik vasitələrin, siqaretin və sair bu kimi pis vərdişləri təbliğ edən səhnələrin olmaması ilə bağlı tövsiyyə verir. Amma T. Dadaşov xarici filmlərin yayımı ilə bağlı MTRŞ-nın telekanallar qarşısında belə bir qadağa qoymaq səlahiyyətinin olmadığını söyləyir. Onun sözlərinə görə, filmlərdə həyatın reallıqlarını əks etdirən bu cür səhnələrin olmasını tam məhdudlaşdırmaq mümkün olmasa da, bu məsələdə ehtiyatlı olmaq vacibdir.