Əlaqə Arxiv
news Image
2013.09.20
12:45
| A A A
Qobustanlılar :“9 oktyabr seçkisinin qalibinin kim olduğunu bilirik"

"Qadınlar və seçkilər" koalisiyası "Prezident seçkilərində qadın seçicilərin seçki aktivliyinin artırılması" layihəsi çərçivəsində növbəti tədbirini Qobustan rayonunda keçirib. Koalisiyadan Movqe.az-a verilən xəbərə görə, tədbirdə folklorşünas alim, professor Məhərrəm Qasımlı, filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlilli, məruzəçi-ekspert Elçin Abdullayev, Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzinin rəhbə-ri Eynulla Xeyrullayev iştirak edirdilər. 300 nəfərə yaxın qobustanlı qadının iştirakı ilə keçirilən görüşdə çıxış edən Koalisiyanın rəhbəri Aynur Camalqızı qadınları oktyabrın 9-da keçiriləcək prezident seçkilərində fəal olmağa çağırdı. Adı çəkilən koalisiyada "Qadın Konsensus Mərkəzi" İctimai Birliyini təmsil etdiyini vurğulayan A.Camalqızı rəhbərlik etdiyi təşkilatın bu tədbirlərə həvəslə qatıldığını bildirdi: "Qadınları aktiv olmayan cəmiyyətlər heç vaxt inkişaf edə bilməzlər. Azərbaycanda qadınların öz potensialını realizə etməsi üçün bütün imkanlar var.  Hətta bəzi dövlət qurumlarında qadınlar üçün qeyri-rəsmi şəkildə kvota tətbiq olunur. Bu, qadınlarımızın irəli çıxması, seçkili orqanlarda təmsil olunması, siyasi qərarların qəbulu prosesində iştirakı üçündür. Sevindirici haldır ki, seçkili orqanlarda qadınların sayı artan xətt üzrə inkişaf edir. Biz yaradılan bu imkanlardan hərtərəfli istifadə etməliyik".

A.Camalqızı daha sonra əlavə etdi ki, Azərbaycan qadını həmişə inkişafa, tərəqqiyə səs verib və 9 oktyabrda da düzgün seçim edəcək: "Seçkiöncəsi keçirilən rəy sorğuları, monitorinqlər göstərir ki, Yeni Azərbaycan Partiyasının namizədi öz rəqiblərindən irəlidədir və əhalinin əhval-ruhiyyəsi də deməyə əsas verir ki, prezident seçkilərində məhz İlham Əliyev qalib gələcək". 

Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzinin rəhbəri Eynulla Xeyrullayev bildirdi ki, "Qadınlar və Seçkilər" koalisiyası artıq 7-ci rayonda qadınlarla öz görüşünü keçirir: "Bu görüşlərdən bizim gəldiyimiz nəticə budur ki, Azərbaycan qadınlarının seçki ilə bağlı maarifləndirməyə ehtiyacları yoxdur. Onların hər biri əslində bir maarifçidir və seçki günü öz yaxınları, doğmaları, iş yoldaşları ilə birgə seçki məntəqəsinə gedərək öz namizədlərinə - ən layiqli namizədə səs verəcəklər. Ən layiqli namizədin kim olduğunu Azərbaycanda hamı bilir".

"Ana haqqı - Tanrı haqqıdır" deyən professor Məhərrəm Qasımlı Azərbaycan qadınının ictimai-siyasi fəallığının dərin köklərə bağlı olduğunu bildirdi: "Şirvan torpağı tarixə bir-birindən qiymətli söz adamları bəxş edib. Ən istedadlı aşıqlar, alim və şairlər bu torpaqdan çıxıb.  Böyük şairlər, alimlər, qələm sahibləri dünyaya gətirib böyüdən analar şübhəsiz ki, 9 oktyabr seçimində də daha dəyərli, daha layiqli na-mizədə səs verəcək. Peyğəmbərimizin müdrik bir kəlamı var: "Cənnət anaların ayağı altındadır". Mən inanıram ki, siz səsvermə məntəqələrinə gedəndə cənnəti sizin üçün yaradan Prezidentimizə, cənab İlham Əliyevə səs verəcəksiniz. Bunun üçün sizin kifayət qədər əsasınız var. Abad yollar, təmirli məktəblər, xəstəxanalar tikib sizin istifadənizə verən bir şəxsiyyətə səs verməyin özü də bir imandır. Şirvan əhli həmişə dinə, imana sədaqət nümayiş etdirib. Bu toplum qüdrətli şəxsiyyətlər yetirdiyi kimi, həm də qüdrətli dövlət başçılarının arxasında olub". 

M.Qasımlı çıxışını belə yekunlaşdırdı: "Son bir neçə ildə Azərbaycan mədəniyyəti, aşıq sənəti, milli musiqimiz və muğamlarımız dünyanın maddi-mədəni irs siyahısına daxil edilib. Azərbaycan mədə-niyyəti dünyada kifayət qədər öz dəyərini alıb. Bu uğurların əldə olunmasında hör-mətli prezidentimizlə yanaşı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın da xüsusi xidmətləri var. Mən əminəm ki, siz seçkilərə gedəndə həm də hörmətli Mehriban xanımın mədəniyyətimiz qarşısında xidmətlərini nəzərə alacaq, öz taleyi-nizi etibarlı əllərə tapşıracaqsınız".

Fəlsəfə doktoru Şərəf Cəlilli görüşdə böyük məsuliyyət hissi ilə iştirak etdiyini bildirdi: "Çünki Şirvan qadını bəşər mədəniyyətinə Xaqani, Nəsimi, Seyid Əzim Şirvani, Sabir, Abbas Səhhət, Məhəmməd Hadi kimi qüdrətli ədiblər bəxş edib. Və bu qələm sahiblərinin adları Azərbaycanı Azərbaycan edən tarixi şəxsiyyətlərin sırasına yazılıb. Bizim üçün Atabəy Məhəmməd, Qara Yusif, Həsən bəy, Cavad xan, Fətəli xan kimi qüdrətli dövlət qurucuları ilə yanaşı, Şirvanşah İbrahimin adı da müqəddəs olub. Milli dövlətçilik tariximizi yaradan bu böyük sərkərdə-xaqanların yanında həm də böyük qadınlar olub. Möminə Xatunun, Bəyim xanımın, Tuti Bikənin adı xaqan ərləri ilə eyni sırada çəkilib. Azərbaycan qadını bu gün də Ramil Səfərov, Mübariz İbra-himov kimi qəhrəman oğullar dünyaya gətirir. Bu oğullar bu günümüzün qəhrəmanlıq tarixini yaradır".

Bu günlərdə Bakının işğaldan azad olunmasının növbəti ildönümünü qeyd etməyimizi xatırladan Ş.Cəlilli əlavə etdi ki, 1915-ci ildə Bakı şəhəri hələ işğaldan azad olunmamışdan öncə erməni daşnakları Şamaxı Cümə məscidində minlərlə şirvanlını od vurub yandırmışdı: "Bu il yayın əvvəlində prezident İlham Əliyev Şamaxıya səfəri zamanı həmin Cümə məscidini təmir və bərpadan sonra yenidən din-darların istifadəsinə verdi. Şirvan qadını müdrik qadındır. İnanıram ki, o qadınlar oktyabrın 9-da seçkilərə gedərkən 1915-ci ilin mart soyqırımını da yada salacaq, bu gün onun üçün qüdrətli ordu və dövlət quran Ali Baş Komandana səs verəcəklər. Bu, Allaha da xoş gedər, Şirvanı Şirvan edən müdriklərin ruhuna da..."

Tədbirdə qobustanlı qadınlar da çıxış edərək artıq seçimlərini etdiklərini və Azərbaycanı işıqlı gələcəyə aparacağına inandıqları bir namizədə səs verəcəklərini qeyd etdilər. 

Sizin Reklam Yeriniz