Nizami Qarayev: "Nəqliyyat xərclərinin və bazarlarda satış xərclərinin baha olması səbəblərindən məhsul Bakıya gələndə qiyməti yüksək olur"
Ölkə fermerlərinin vaxtaşırı olaraq üzləşdiyi problemlərdən biri də əldə etdikləri məhsulların satışı ilə bağlıdır. Məsələn, hazırda Qubada fermerlər topladıqları almanı isdəikləri qiymətə sata bilməmələrindən şikayətlənirlər. Qeyd edək ki, ağ almasıyla məşhur olan Quba rayonunda bir neçə gündür alma yığımına başlanıb. Ancaq yığımın ilk günlərindən Quba bağbanları satış bazarının olmamasından gileylənirlər. Bağbanlar almanın yığıma qədər onlara xeyli xərc və zəhmət hesabına başa gəldiyini bildirirlər. Dediklərinə görə, indi daxili bazarda bu meyvənin 1 kilosu 20-25 qəpik arasında dəyişir ki, buda onlara sərfəli deyil. İl ərzində çəkilən xərci tam ödəmir. Qonşu Rusiya bazarlarına məhsul aparmaqda bağbanlara əlverişli deyil. Bundan başqa son zamanlar Moskva və digər Rusiya şəhərlərindəki bazarların bağlanması bu ölkəyə alma ixrac edən qubalı bağbanları da düşündürür. Onlar bu amilin də Rusiyaya meyvə ixracına təsirindən də narahatdırdılar. Daxili bazara gəlincə isə meyvə istehsalçıları Qubadan paytaxt bazarlarına meyvə aparmağa elə də cəhd göstərmirlər. Digər tərəfdən bazar alverçiləri də buna imkan vermir. Maraqlıdır ki, paytaxt bazarında Quba almasının kilosu 80 qəpik 1 manat arasında dəyişir.
Millət vəkili Vahid Əhmədov Mövqe.az-a açıqlamasında məsələ ilə bağlı bildirir: "Fermerlərin topladıqları məhsulu satmaq problemi bu gün də var. Azərbaycan bölgələrində yaxşı məhsul istehsal olunur, ancaq satılmaq imkanı aşağıdır. Məsələdən iki çıxış yolu var. Dövlət tərəfindən həmin məhsullar alınıb bazara çıxarılmalıdır. Fermerin əsas vəzifəsi məhsul yetişdirməkdir. Onun satılması ilə yaxşı olar ki, "Azərittifaq" sistemi məşğul olsun. Ya da ki, rayonlarda tikilən anbarlardan satılsın. Anbarlarda da qiymət baha olduğu üçün insanlar ora az müraciət edir. Hal-hazırda rayonlarda meyvə-tərəvəzin satışı ilə əlaqədar ciddi problemlər var. Meyvə-tərəvəz orada satılmır. Bakı bazarlarına da gətirilərkən yollarda müxtəlif problemlər olur. Sahibkarın əsas problemi məhsulun satışdır. Satışla yaxşı olar ki, "Azərittifaq" sistemi, koporotivlər məşğul olsun. Onlar məhsulu alsın, bazara, supermarketlərə çıxarsın. Ya da ki, sahibkar malını rayonlardan Bakıya gətirən zaman yollarda heç bir mane olmasın. Hazırda inhisar yaradanlara görə, fermerlərin bazara çıxmaq imkanları aşağıdır. Məhsul əldən-ələ çıxdığı üçün alıcıya məhsul baha başa gəlir".Kənd təsərrüfatı eksperti Nizami Qarayev isə bildirir: "Kənd təsərrüfatı məhsullarının satışında bu problemin yaranması əslində, gözlənilən hal idi. Azərbaycan məhsullarının xaricdə əsas bazarı Rusiya idi. Rusiya da Ümumdünya Ticarət Təşkilatına üzv olandan sonra Azərbaycandan gedən məhsullara bəzi tələblər qoyulub. O cümlədən Rusiyada kolxoz bazarlarının ləğv edilməsi bizim məhsulların ənənəvi satışı bazarının itirlməsi ilə nəticələnəcək. Bu proses artıq başladığı üçün Azərbaycan məhsullarının Rusiya idxalında müəyyən problemlər yaradır.
Vəziyyətdən çıxış yolundan danışan ekspert qeyd etdi: " Bizim məhsullar Rusiya bazarlarına primitiv qablaşdırılmış formada çatdırırlırdı. Bu da kalxoz bazarlarında satıla bilirdi. Ancaq Rusiyada indi kolxoz bazarları supermarketlərlə əvəz olunduğu üçün o cür qablaşmada bizim məhsullar satıla bilmir. Baxmayaraq ki, bizim məhsullar kifayət qədər ekoloji təmiz, tələblərə cavab verəcək dərəcədə keyfiyyətlidir. Rusiyada da marka olaraq Azərbaycan məhsulları tanınır. Amma əgər biz qablaşdırma və markalama ilə bağlı problemlərimizi yaxın zamanda həll etməsək, Rusiya bazarında olan mövqeimizi itirəcəyik. Fermerlərə də bu istiqamətdə dəstək olmalıdır. Onlar da başa düşməlidir ki, yeni qablaşdırma, markalama lazımdır. Taxta yeşiklərdən imtina olunmalıdır. Avropa bazarlarına da məhsullarımızı çıxartmalıyıq. Bunun üçün isə sertifikatlaşma və qablaşdırma ilə olan problemlər həllini tapmalıdır. Biz təkcə Avropa, Rusiya bazarlarını deyil, ərəb ölkələrini də bir bazar olaraq görməliyik".
Ekspert regionlarla paytaxt aarsında məhsulun qiymət fərqindən də danışdı: "Nəqliyyat xərclərinin və bazarlarda satış xərclərinin baha olması səbəblərindən məhsul Bakıya gələndə qiyməti yüksək olur. Bu cür xərclər aşağı salınmasa, regionlarla Bakı bazarları arasında qiymət fərqi olduğu kimi qalacaq. İxtisaslaşmış bir təşkilatın yaradılmasına ehtiyac var ki, o təşkilat tədarüklə məşğul olsun. Qoy tədarüklə məşğul olan həmin adamlar fermerlərdən məhsul alaraq onun Bakıya çatdırılmasını sürətləndirsinlər. Azərbaycanda daxili daşınma ilə məşğul olan bir şirkət yoxdur. Kənd təsərüfatı məhsullarının hamısı demək olar ki, regionlarda yetişdirilir. Onların Bakıya çatdırılması üçün peşəkar kompaniyalar demək olar ki, yoxdur. Əgər adam öz istehsal etdiyi məhsulu primitiv qaydada Bakıya gətirirsə, xərcləri çox olur və real olaraq məhsulun region qiyməti ilə Bakı qiyməti arasında ciddi fərqlər ortaya çıxır".