Əlaqə Arxiv
news Image
2013.09.30
16:03
| A A A
Qadınlar arasında seçki sorğusu başa çatdı

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə yaradılan "Qadınlar və Seçkilər" koalisiyası indiyədək 10 əyalət rayonunda qadınlarla "Prezident seçkilərində qadın seçicilərin aktivliyinin artırılması" layihəsi çərçivəsində görüşlər keçirib. Oktyabrın 9-da keçiriləcək prezident seçkilərinə dair qadın seçicilərin fikirləri, təəssüratları öyrənilib. Qadınlarla maarifləndirmə işləri aparılıb. Sentyabrın 28-də Bakı Atatürk Mərkəzində koalisiyanın növbəti toplantısı keçirilib. Koalisiyanın rəhbəri Aynur Camalqızı bildirib ki, əyalətdə yaşayan qadınlarla görüşlər çox maraqlı olub və onlarla aparılan söhbətlər koalisiya üçün bir növ qeyri-rəsmi rəy sorğusu rolu oynayıb. Qobustan rayonundan tutmuş dağ rayonu olan Qusara qədər edilən səfərlərdə koalisiya üzvləri ilə yanaşı, tanınmış sənət adamları, elm ictimaiyyətinin nüfuzlu simaları, ziyalılar da iştirak edib və bu görüşlər qadınlar tərəfindən maraqla qarşılanıb: "Artıq bu layihə çərçivəsində səfərlərimizi yekunlaşdırmaq üzrəyik. Apardığımız araşdırmalardan bu qənaətə gəldik ki, 9 oktyabr seçkilərinin nəticələri demək olar, bəllidir. Özünün, övladlarının, ətrafının, doğmalarının gələcəyi ilə bağlı narahatlıq keçirən qadınlarımızın mütləq əksəri artıq öz seçimini müəyyənləşdirib. Sevindirici haldır ki, hətta ən ucqar bölgələrdə yaşayan qadınlar belə ölkədə ictimai-siyasi prosesləri diqqətlə izləyirlər. Biz bu prosesdə onun da şahidi olduq ki, qadınlarımız İlham Əliyevin ölkədə apardığı işləri yüksək qiymətləndirirlər".

Koalisiya rəhbəri dedi ki, əksər ölkələrdə seçkilərin taleyini məhz qadınlar həll edir. ABŞ-da son prezident seçkilərində qadın seçicilərin 56 faizinin məhz B.Obamaya səs verdiyini deyən Aynur Camalqızı ABŞ mətbuatının "Barak Obamanı qadınlar seçib" başlıqlı məqalələrini də xatırlatdı və öz qənaətini belə bölüşdü: "Mən düşünürəm ki, 9 oktyabr seçkilərindən sonra Azərbaycan mətbuatı da yazacaq ki, "İlham Əliyevi qadınlar seçib". Ona görə bu fikri cəsarətlə deyirəm ki, ölkədə seçiçilərin yarısı qadındır və bu da o deməkdir ki, qadınlar kimi dəstəkləsə, prezident də o olacaq".

Bu səfərlərdə "Seçki mədəniyyəti ilə bağlı tarixi ekskursiya və müasir vəziyyət" mövzusunda çıxış edən Faina Hənifəyeva dedi ki, əslində Azərbaycan qadınları seçki hüququnu asanlıqla əldə edib: "Avropa, ABŞ qadınları ilə müqayisədə bizim qadınlarımız seçki hüququ qazanmaq üçün ciddi mübarizə aparmayıblar. 1918-ci ildə Azərbaycanda demokratik respublika qurulan zaman qadınlarımıza seçki hüququ verildi. Baxmayaraq ki, o zamanın aydınları qadınlarımızın fəallaşması üçün kifayət qədər işlər görmüşdü, amma qadınların özləri seçim kültürünə o qədər də hazırlıqlı deyildi. O vaxt ilk qadın qəzeti olaraq "İşıq" qəzetinə Həmidə xanım rəhbərlik edirdi. Mirzə Cəlil, Əhməd bəy Ağayev bu qəzetdə çıxış edərək o zamankı qadınlarımızın vəziyyətini tənqid edirdi. Hazırda isə qadınlarımız seçkidə fəaldırlar. 2008-ci il statistikasına nəzər salsaq, qadınlarımız ümumi seçkinin 56 faizini təşkil edib. Amma indi vəziyyət bir qədər dəyişib, qadınlarımız seçicilərin 49 faizini təıkil edir, 51 faiz isə kişilərdir. Bu da ailələrdə oğlan uşaqlarına üstünlük verilməsi ilə bağlıdır. Buna baxmayaraq 49 faiz də böyük nəticədir".

Professor Məhərrəm Qasımlı Azərbaycan qadınının cəmiyyətdəki rolu barədə fikrilərini bildirdi və dedi ki, hazırda qadın problemləri ilə məşğul olan 40-a yaxın təşkilat sistemli iş aparır: "Xalqın arasına gedib strateji hədəflərə yönəlmiş mücadilə aparmaq öz bəhrəsini şübhəsiz ki, verəcək. Bir xalq ki, Ana haqqını Tanrı haqqına bərabər tutur, orda gender bərabərliyindən danışmağa dəyməz. Seçkilərin nəticələrinə gəlincə, şübhəsiz ki, qadınlarımız həmişə fəal olublar və yenə də fəal olacaqlar. Bu günlərdə Tovuzda bir tədbirdə iştirak edirdim. Yaşlı bir qadın dedi ki, bu mitinqlər artıqdır, çünki İlham Əliyev özünün seçki təbliğatını gördüyü işlərlə seçkiyə qədər həll edib, onun əməlləri xalqın ürəyindəndir. Hər bir adamı inandırmaq lazımdır ki, onun əlindəki seçki büllüteni hər şeyi həll edir. Bu inamı Türkiyədəki seçicilərdə müşahidə etmişəm. Bizim xanımlarımız da özünə və ətrafına "Sənin əlindəki bülleten seçkinin taleyini həll edir" inamını aşılasa, seçkinin nəticələri uğurlu olacaq! İnanaıram ki, cənab prezidentin namizədliyi yekdilliklə dəstəklənəcək!"

Bakı Dövlət Universitetinin müəllimi, professor Alxan Məmmədov isə dedi ki, koalisiyanın təbliğat bülletenində qeyd edilən "Bir qadın - bir səs" fikrilə razılaşmır, çünki qadınların təbliğat bacarığı ailədə də, cəmiyyətdə də kişilərdən üstündür: "Baxmayaraq ki, islamın müəyyən mərhələsində aşınmalar oldu, qadınları küncə sıxıb qara çarşaba bürüdülər. Bu aşınmaların izləri hələ qalsa da, qabaqcıl görüşlü insanlarımızın xidmətləri nəticəsində qadınlarımız cəmiyyətdə fəallaşdı. Dövlətin, millətin gələcəyi, inkişafı naminə qadınlarımızın fəallığı getdikcə artır. İnanırıq ki, insanlar 9 oktyabr seçkisində də fəal olacaqlar. Seçkidə iştirak etməkdən imtina edən vətəndaş başa düşməlidir ki, onun səsvermə hüququ başqasının rəyi nəticəsində qutuya atıla bilər. İnanıram ki, qadın təşkilatlarının fəallığı seçkidə öz müsbət nəticəsini verəcək!"

Filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlilli Azərbaycan qadınının folklorumuzda, poeziyada nümunələrində qüdrətli xatun olaraq vəsf olunmasından danışdı: "Azərbaycan qadını zahiri və batini gözəlliyi ilə dünya ədiblərinin yaddaşında yaşayıb. Azərbaycan qadını öz kamilliyi ilə tarixin bütün zamanlarında qüdrətli xaqanlar yetişdirib və ən dar məqamda o ərənlərin arxasında dağ kimi dayana bilib. Möminəxatun, Sara xatunların diplomatik gedişləri Roma papalarını, Osmanlı sultanlarını heyrətə gətirib". Şərəf Cəlilli bu taixi ənənənin Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xidmətlərinə təsirini də xüsusi qeyd etdi: "İlham Əliyevin bütün uğurları həm də Azərbaycanın birinci xanımının adı ilə tarixə yazılır. Xarici səfərlərdə İlham Əliyevin arxasında olan Mehriban Əliyeva Avropa qiyafəli bir türkün zahiri görkəmini ifadə edir. Geniş miqyaslı layihələri dünyada icra edəndə Tuti Bikənin, Tomirisin, Nüşabənin iradəsini ortaya qoyur. Oktyabrın 9-u bizim dildə, fikirdə, işdə birliyimizə bir nümunədir. Hamı kimi, şübhəsiz, mən də seçkiyə gedəcəm və mənə verilən seçki hüququmdan istifadə edib bizə edilən əmanətə xəyanət etməyəcəm".

Fəlsəfə doktoru Naibə Rzayeva, filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayeva da qadın seçiciləri fəallığa çağırdı. G.Babayeva qadınlara müraciətlə dedi ki, onlar təmsil etdikləri təşkilatlarda çalışan həmkarlarını da seçkilərdə fəal olmağa cəlb etməlidirlər.

Sonda A.Camalqızı bir daha İlham Əliyevin həm bir vətəndaş, həm də dövlət başçısı kimi vətənpərvərliyindən, insanpənvərliyindən misallar gətirməklə qadınları seçkidə fəal olmağa və doğru seçim etməyə səslədi: "Milli qəhrəman Mübariz İbrahimovun nəşini düşmən əlindən alıb vətən torpağında qəhrəmanlara layiq dəfn etmək, yad ölkədə ömürlük həbs cəzasına məhkum edilən Ramil Səfərovu kimsənin ağlına gəlmədiyi halda, günün birində məhz incə bir diplomatiya ilə Azərbaycana gətirtmək və onu gətirən təyyarə hava limanında yerə enməmiş Ramilə azadlıq vermək... Bundan gözəl nə ola bilər? Yaxud Nabranda ayaqlarını itirən 2 yaşlı İmran Cəfərovun bütün müalicə xərclərini üzərinə götürməkdən tutmuş ordumuzun əsgərinədək cənab prezident bizim yanımızda ola bilirsə, niyə biz də bir gün onun yanında olmayaq? Mən düşünürəm ki, öz taleyimizi, dövlətimizin, Qarabağımızın taleyini yeganə əmanət edə biləcəyimiz şəxs İlham Əliyevdir!"

Sizin Reklam Yeriniz