Əlaqə Arxiv
news Image
2013.10.02
12:10
| A A A
Bakıda seçki prosesində KİV nümayəndələrinin fəaliyyəti ilə bağlı konfrans işinə başlayıb-YENİLƏNİB

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KIVDF) və Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı ilə "Seçki prosesində KİV nümayəndələrinin fəaliyyətinin əsasları, onların hüquqları, vəzifələri və məsuliyyətləri" mövzusunda konfrans işinə başlayıb. Movqe.az-ın xəbərinə görə, Beynəlxalq Mətbuat Mərkəzində baş tutan konfransa ölkənin aparıcı qəzetlərinin, informasiya agentliklərinin, televiziyaların əməkdaşları, həmçinin, hüquqşünaslar və MSK təmsilçiləri qatılıblar. Konfrans içtirakçılarını salamlayan KİVDF-nin İcraçı Direktoru Vüqar Səfərli konfransda MSK-nın sədr müavini Natiq Məmmədovun, Mətbuat Şurasının sədri Əflatun Amaşovun və KİV nümayəndələrinin iştirak etdiyini söyləyib. Konfransın keçirilməsinin əhəmiyyətindən danışan V. Səfərli bu tədbirin jurnalistlərə seçki prosesində öz fəaliyyət və hüquqlarını bir daha yada salmaq məqsədi daşıdığını söyləyib. 9 oktyabrın ölkə vətəndaşları üçün əhəmiyyətli gün olduğunu vurğulayan KİVDF-nin icraçı direktoru, seçki prosesini işıqlandırmaq üçün jurnalistlərin üzərinə böyük məsuliyyət düşdüyünü bildirdi: "Çünki, ölkə cəmiyyəti və beynəlxalq ictimaiyyət ilk öncə jurnalistlərin bu prosesi işıqlandırması nəticəsində Azərbaycanda keçiriləcək prezident seçkilərindən xəbər tutacaq, məlumatlanacaq".

Daha sonra çıxış üçün söz MSK-nın sədr müavini Natiq Məmmədova verildi. N. Məmmədov bildirdi ki, 9 oktyabr Azərbaycan vətəndaşlarının həyatında ona görə əlamətdar gün sayılır ki, xalq öz müqəddaratını özü həll edir. Hakimiyyətin idarə olunmasından danışdıqda, seçkilərin keçirilməsinə xüsusi baxmaq lazımdır. Bu prosesin şəffaf keçirilməsindən danışanda, prosesi KİV-siz təsəvvür etmək mümkün deyil. KİV-lərin bu prosesdə rolu əvəzsizdir. Çünki KİV bu prosesin ölkə və beynəlxalq ictimaiyyətə çatdırılmasında birbaşa rol oynayan institutdur. Ancaq jurnalistlər bu prosesi işıqlandırarkən öz məsuliyyətlərini, davranışlarını eyni zamanda hüquqlarını unutmamalıdırlar. Mən inanıram ki, konfransda seçki prosesində jurnalistlərin hüquq və fəaliyyətləri ilə bağlı qeyd edilən məqamlar KİV nümayəndələri tərəfindən diqqətdə saxlanılacaq".

Mətbuat Şurasının sədri Əflatun Amaşov isə jurnalistlərin seçkilərdə iştirakının aktual olduğunu qeyd seçki prosesinin KİV-də işıqlandırılması ilə bağlı monitorinq keçirildiyini diqqətə çatdırdı. Ə. Amaşov seçki prosesi ilə bağlı "qaynar xətt" yaradıldığını bildirdi. Şura sədri media nümayəndələrinin seçki prosesində iştirakının vacib önəm daşıdığını qeyd etdi.

MSK üzvü Azər Tağıyev isə "Jurnalistlər tərəfindən seçki prosesində müşahidə aparılmasının hüquqi əsasları"ilə bağlı məruzəsində jurnalistlərin müşahidə zamanı aşkar olunan pozuntularla bağlı Komissiyaya məlumat verməli olduqlarını söylədi: "Müşahidəçilər kimi jurnalistlərin də yardımı bizim üçün vacibdir. Müşahidəçilərin hüquqları seçki qanunvericiliyində daha genişdir. Ona görə də jurnalistlər tərəfindən seçki prosesində qanun pozuntu aşkar edirsə, müşahidəçi statusuna yaxın statusda çıxış edir və jurnalistlərə bu qanun pozuntuları ilə bağlı səlahiyyətli orqanlara müraciət etməyə də icazə verilir".

A.Tağıyev qeyd edib ki, KİV təmsilçisi pozuntu ilə bağlı MSKsədrinə müraciət etməlidir: "Çünki qanun pozuntusu varsa, ona dərhal münasibət bildirilir. Jurnalist bu qanun pozuntusu barədə müşahidəçiyə də məlumat verə bilər. Qanunların hər birində məlumatı alma qaydaları, bunun müddəti müəyyən edilib. Amma seçki prosesində KİV nümayəndəsi məlumatı dərhal almalıdır. Seçki prosesində "dərhal institutu" çox önəmlidir. Bu prosesdə Seçki Məcəlləsi, seçki qanunları əsas götürülür. Çünki jurnalist seçki prosesində müşahidəçiyə çevrilir. Seçki prosesində KİV dərhal məlumat əldə etməli, KİV-i maraqlandıran məsələlərə səlahiyyətli orqanlar dərhal münasibət bildirməlidir".

Hüquqşunas Aydın Kərimov isə "Demokratik cəmiyyətdə KİV-lərin seçki müşahidəçiliyinin əhəmiyyəti" mövzusunda çıxış etdi.

Konfransda müzakirələrə qoşulan KİV nümayəndələri "Seçki prosesində fəaliyyət göstərən jurnalistlər üçün bələdçi" kitabçasının əhəmiyyətindən danışdılar. KİVDF-nin maliyyə yardımı ilə həyata keçirilən ""Jurnalistlərin seçki müşahidəçiliyi vərdişlərinin artırılmasına yardım" layihəsi çərçivəsində nəşr olunan kitabçanın seçki prosesində iştirak edən KİV nümayəndələrinə əsl bələdçi olduğunu söylədilər.  Konfrans diskusiyalarla davam etdirildi.

***

Bakıda Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KIVDF) və Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı ilə "Seçki prosesində KİV nümayəndələrinin fəaliyyətinin əsasları, onların hüquqları, vəzifələri və məsuliyyətləri" mövzusunda konfrans işinə başlayıb. Movqe.az-ın xəbərinə görə, Beynəlxalq Mətbuat Mərkəzində baş tutan  konfransa ölkənin aparıcı qəzetlərinin, informasiya agentliklərinin, televiziyaların əməkdaşları, həmçinin, hüquqşünaslar və MSK təmsilçiləri qatılıblar. Konfrans iştirakçılarının jurnalistlərin seçki müşahidəçiliyi mövzusu ətrafında apardıqları müzakirələri davam edir.












Sizin Reklam Yeriniz