Əlaqə Arxiv
news Image
2013.10.18
12:03
| A A A
Rusiya Dövlət Dumasının komitə sədri: “Heç bir halda cinayətkara milliyyətinə görə qiymət vermək olmaz”
Vyaçeslav Nikonov: “Azərbaycanla viza rejiminin tətbiq olunmasının qəti əleyhinəyəm”

"Məsələ qatilin hansı millətdən olmasında deyil. Qətl hər gün baş verir. Təəssüflər olsun ki, bütün millətlərdə cinayətkar var. Rusiyada heç kəs cinayətkarı etnik mənsubiyyətinə görə ayırmır. Yaxşı və ləyaqətli insanlar var, biri də var cinayətkar və qatillər, hansılar ki, cəzalandırılmalıdır. Heç bir halda cinayətkara milliyyətinə görə qiymət vermək olmaz". APA-nın Moskva müxbirinin məlumatına görə, bunu bir qrup Azərbaycan jurnalistinə açıqlamasında Rusiya Dövlət Dumasının "Vahid Rusiya" (Yedinaya Rossiya) Partiyasından olan deputatı, Dumanın Təhsil Komitəsinin sədri Vyaçeslav Nikonov deyib.

 

V. Nikonov bildirib ki, Rusiya, xüsusən də Moskva şəhəri hər zaman çoxmillətli olub: "Burada hər zaman müxtəlif xalqların nümayəndələri yaşayıblar. Baş verən hadisədə söhbət Azərbaycandan və azərbaycanlılardan getmir. Söhbət hadisəni tərədən pozğun insandan gedir, hansı ki, adam öldürüb. Həmin insan milliyyətindən asılı olmayaraq pozğun insandır. Biz Azərbaycanın bu hadisəyə reaksiya verməsini qiymətləndiririk. Bu reaksiya həm siyasi, həm də sırf insani nöqteyi-nəzərdən düzgün və savadlı idi. Əminəm ki, bu, ölkələrimiz arasındakı münasibətlərə mənfi təsir göstərmir, əksinə, nə qədər yaxın olduğumuzu anlamağa kömək edir".

 

V. Nikonov Dövlət Dumasının bəzi deputatlarının Azərbaycana viza rejiminin tətbiq olmasının vacibliyi ilə bağlı səsləndirdikləri bəyanatları da şərh edib. O, Azərbaycan vətəndaşlarına viza rejiminin tətbiq olunmasının qəti əleyhinə olduğunu söyləyib: "Mən viza rejiminin tətbiq olunması ideyasının qəti əleyhinəyəm. Bunun bir çox səbəbləri var. Birincisi, biz MDB üzvü olan ölkələrik, tərəfdaşıq. Necə ola bilər ki, öz tərəfdaşına viza tətbiq edəsən?! Viza ikitərəfli olur, yəni qarşılıqlı olan bir şeydir. Sən viza tətbiq edirsənsə, sənə qarşı da viza tətbiq olunacaq. Bizim üçün qəbulolunmazdır ki, başqa ölkələr ruslara viza rejimi tətbiq etsin. Bu, bizə lazım deyil. İkincisi, viza rejimi heç nəyi həll eləmir. Rusiya ilə Gürcüstan arasında viza rejimi var. Bu, məgər Rusiyada gürcülərin sayının azalmasına təsir edib? Sözsüz ki, yox! Mən "Russkiy mir" Fondunun icraçı direktoru kimi deyə bilərəm ki, SSRİ-nin süqutundan sonra Rusiyadan kənarda 25 milyon rus qalıb. İndi onlara qarşı viza tətbiq etməliyik? Bu, sadəcə axmaqlıqdır. Ona görə də, mən viza tətbiq olunmasını təklif edən həmkarlarımla razı deyiləm". 

Sizin Reklam Yeriniz