Əlaqə Arxiv
news Image
2013.10.21
16:37
| A A A
Unudulan xalq oyunları
Rafiq Təmraz: «Bu gün azyaşlı uşaqdan keçmiş oyunlarımızı soruşsalar, onların adını, qaydalarını bilməyəcəklər»

Könül Cəfərova: "Hər dövrün öz tələbi olduğu kimi, müasir dövrdə də texnika üstünlüyünü göstərir"


Bir vaxtlar uşaqlar arasında dəbdə olan xalq oyunları çox təəssüf ki, tədricən unudulmaqdadır. Bu hala xüsusən şəhər yerlərində daha çox təsadüf olunur. Əvəzində uşaqların kompüter oyunlarına daha çox maraq göstərməsi, vaxtlarının böyük hissəsini belə oyunlara sərf etməsi müşahidə edilir. Texnologiya inkişaf etdikcə, uşaqların oynadığı oyunlar da onların təsirindən yan keçmir. Artıq birmənalı həqiqətdir ki, əvvəllər daha çox xalq oyunlarına müraciət edilirdisə, müasir uşaqların çoxu bu oyunlardan xəbərsizdirlər.  Xalq oyunları uşaqlarda düşünmə qabiliyyəti, təxəyyül və təfəkkürü formalaşdırır. Onlar həm də folklor nümunəsidir.Lakin son dövrlər hərəki oyunların yerini fərdi, xüsusilə kompüter oyunlarına verməsi ciddi problemdir.


Sosioloq Rafiq Təmraz Mövqe.az-a açıqlamasında bununla bağlı bildirir: "Çox maraqlı mövzuya toxunmusuz. Mənə çox xoş oldu ki, nə yaxşı jurnalistlər bu gün belə mövzularla da maraqlanırlar. Hər bir xalqın özünün mədəni dəyərlər üzərində formalaşan sanki bir sistemi var. Bizim dünyada, televiziyada, cəmiyyətdə gördüyümüz hər bir şey ayrı-ayrı xalqların mədəniyyətindən, keçmişindən və ya indsindən bu günə kimi gələn nümunələrdir. Bizim də öz mədəniyyətimiz, keçmişimiz olub. Mənim yadıma gəlir, elə biz  özümüz də o vaxtlar mehribancasına yığışıb, məhlədə müxtəlif oyunlar oynayırdıq. Ancaq indi bu tendensiya unudulur və ya unudulmaqdadır. "5 daş", "7 daş", "Bənövşə" oyunları təkcə oyun kimi oynanılmırdı. Həmin oyunlar bizim formalaşmağımıza, rəng seçiminə, hesablama sisteminin yaxşılaşmasına birbaşa təsir edən oyunlar idi. O cür oyunları oynayan uşaqları küçələrdə, həyətdə görməsək də, ancaq komputerdə həmin oyunların daha müasirləşmiş formalarına rast gəlinir. Bu gün istər rayonlarda, istərsə də şəhərdə yaşayan azyaşlı  uşaqdan keçmiş oyunlarımızı soruşsalar, onların adını, qaydalarını bilməyəcəklər. Kompüter oyunlarını da tam pisləmək, uşağı bundan məhrum etmək olmaz. Onların da xeyirli cəhətləri var. Ancaq kompüter oyunlarının ən mənfi cəhəti odur ki, uşaqlar bu gün onlardan aslı vəziyyətə düşə bilirlər. Bu cür oyunlar sanki alkoqalizm, narkotika kimi bir şeydir".  

Psixoloq Könül Cəfərova isə qeyd edir: " Hər bir xalqın özünün  etnosu, sərvət dəyərləri və özünə xas olan mentaliteti vardır. Təbii ki, bu dəyərlərin praktik göstəricisi gənclikdir. Gənclik isə uşaqlıqdan düzgün formalaşmalı və dəyərlərə uyğun yetişməlidir.  Oyunlar güzəran psixologiyasinda çox önəmli faktordur. Milli mənəviyyatın istiqamətlərində və mental ruhun inkişafında çox önəm daşıyıcı məqamdır. Deməzdim ki, bu gün keçmişdə oynanılan bütün uşaq oyunları  unudulub. Sadəcə, hər dövrün öz tələbi olduğu kimi, müasir dövrdə də texnika üstünlüyünü göstərir. Amma bayram və şənliklərdə yenə oyunlar, milli dəyərlər öz rolunu oynayır. Sadəcə, günlük rejmləri çox zəngin olduğu üçün və bu dəyərlər bayram və şənliklərdə ancaq istifadə olunduqca yada düşür. Və burada təkcə uşaqların deyil, böyüklərin də günahı var. İndi uşaqlar daha çox komputerarxası oyunlara üstünlük verirlər. Bu, dövrün tələbi ola bilər. Ancaq hər şey valideyndən, uşağın aldığı tərbiyədən və böyüdüyü mühitdən aslıdır. Ümumiyyətlə, hər bir valideyn övladının nəzarətçisi olmalıdır. Uşağın maraqları təmin olunmalıdır. Ancaq ifrata çatılmasına icazə verilməməlidir".


Sizin Reklam Yeriniz