Əlaqə Arxiv
news Image
2013.10.22
15:26
| A A A
Suraxanı rayonu ilin doqquz ayını uğurla başa vurdu

Suraxanı rayon İcra Hakimiyyətindən Movqe.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasdakı nitqindən irəli gələn məsələlər Suraxanı Rayon İcra Hakimiyyətində də ətraflı müzakirə olunmuşdur. RİHB yanında Şuranın geniş iclasında rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin, sənaye, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları Rayon İcra Hakiiyyətinin inzibati binasının foyesində sərgilənən "GÖZƏL ŞƏHƏR - BAKI RİQALILARIN GÖZÜ İLƏ" adlı foto sərgiyə baxmışlar. Məlumat üçün bildirək ki, sərgi 14 may 2013-cü il tarixdə Suraxanı rayon İcra Hakimiyyəti ilə Riqa şəhərinin Şərqi İcra Direksiyası arasında imzalanmış əməkdaşlıq haqqında sazişin yerinə yetirilməsi çərçivəsində reallaşmışdır. Cari ilin iyul ayında Riqa şəhərindən iki fotoqraf – Arnis və Yuris Kalninşlər Bakı şəhərinə səfər edərək ilk dəfə olaraq birgə "GÖZƏL ŞƏHƏR - BAKI RİQALILARIN GÖZÜ İLƏ" adlı foto layihəni həyata keçirmiş, Bakı haqqında fotosərgi hazırlamışlar. Riqa şəhər Dumasının Şərqi İcra Direksiyası sərgiyə daxil olan 30 fotoşəkli Suraxanı Rayonu İcra Hakimiyyətinə hədiyyə olaraq bağışlamışdır. Sərgi böyük maraqla qarşılanmışdır.

Rayon İcra Hakimiyyətinin Konfrans zalında davam etdirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov xüsusi vurğulamışdır ki, 9 oktyabr 2013-cü il tarixdə Azərbaycanda çox yüksək səviyyədə Prezident seçkiləri keçirilmişdir. Seçkilərə hazırlıq dövründə rayonda bütün seçki məntəqələri təmir olunmuş binalarda yerləşdirilmiş, zəruri avadanlıqlarla təciz olunmuş, seçicilərin öz iradələrini sərbəst ifadə etmələri üçün lazım olan hər cür şərait yaradılmışdır. 9 oktyabr tarixində Suraxanı seçicilərinin mütləq əksəriyyəti seçimlərini düzgün edərək ölkədə gedən inkişafa, sosial-iqtisadi siyasətin uğurlarına, dövlətin diqqət və qayğısına olan minnətdarlıqlarını və bu siyasətin davamını arzuladıqlarını seçki məntəqələrinə gələrək öz seçimlərində ifadə etdilər. Bu böyük qələbə münasibəti ilə rayonun bütün sakinlərini təbrik edir, seçkilərin təşkilində əməyi olmuş hər bir şəxsə təşəkkürmü bildirirəm.

İclasda rayon ictimaiyyətinin ölkə başçısı cənab İlham Əliyevə oktyabrın 9-da keçirilən prezident seçkilərində qazandığı inamlı qələbə münasibəti ilə  təbriki səsləndi, xalqımızın rifahı və ölkəmizin gələcək inkişafı naminə ali fəaliyyətində dövlət rəhbərinə yeni uğurlar arzulandı.

Hesabat məruzəsi ilə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat verərək qeyd etmişdir ki, ölkədə 9 ay ərzində qazanılmış nailiyyətlər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir.

 Hesabat dövründə Suraxanı rayonunda görülən işlərdən danışan rayon rəhbəri bildirmişdir ki, ölkəmizin bütün regionlarında olduğu kimi Suraxanı rayonunda da ötən dövr ərzində Dövlət və yerli Proqramlarının yerinə yetirilməsi işləri uğurla davam etdirilmişdir. 

2013-cü  ilin  9 ayında   rayonun   sənaye  müəssisələri  tərəfindən   218,1, tikintidə 145,3, nəqliyyatda isə 14,5 milyon manat həcmində iş görülmüş, əsas kapitala 51,2 milyon manat investisiya yönəldilmiş, pərakəndə ticarət  dövriyyəsi  195,2  milyon  manat  təşkil etmiş,  1580  yeni  iş  yeri yaradılmış, orta aylıq əmək haqqı 582,5 manata çatdırılmışdır.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində həyata keçiriləcək Tədbirlər Planında nəzərdə tutulmuş 102 tədbirin 44-ü tam icra olunmuş, 48-nin icrasına başlanılmış, başlanılan və başa çatdırılan tədbirlər proqramın 90,20 faizini təşkil etmişdir. Həmin Dövlət Proqramının "Əlavə Tədbirlər Planı"nda nəzərdə tutulmuş 48 tədbirin 4-ü tam icra olunmuş, 7-nin icrasına başlanılmış və onlar proqramın 22,92 faizini təşkil edir.

Rayonun yollarına və məhəllələrə 464,3 min kv.m. asfalt örtüyü salınmış, 285 işıq dirəyi, 563 ədəd çılçıraq quraşdırılmış, Bülbülə və Əmircan qəsəbələrində hər biri tutumu 2000 nömrə olan ATS-lər tikilmiş, Hövsan qəsəbəsinin "Bağlar" yaşayış sahəsində tutumu 2000 nömrə olan ATS-in tikintisi davam etdirilmişdir.

281 saylı məktəb üçün 600 şagirdlik tədris korpusunun tikintisi və məktəb binasının əsaslı təmiri, 76 və 270 saylı məktəblərin, 273, 324 saylı uşaq bağçalarının, 2 saylı Uşaq evinin, 12 saylı Birləşmiş Şəhər Xəstəxanasının, 23 saylı Şəhər Poliklinikasının əsaslı təmiri, 85 saylı məktəb üçün yeməkxana, laboratoriya, idman və akt zalının tikintisi, 101 saylı məktəb üçün 400 şagird yerlik əlavə tədris korpusunun və idman zalının tikintisi başa çatdırılmış, 84 saylı məktəbin yerində yeni 960 şagirdlik müasir məktəb binasının və "Gənclər evi"nin tikintisi,  5, 23, 126, 262, 263, 279 saylı və Vüqar Bayramov adına uşaq bağçalarının, 31 saylı Şəhər Poliklinikasının, 13 saylı Birləşmiş Şəhər Xəstəxanasınını (əvvəlki 4 saylı Tibbi sanitar hissə) əsaslı təmiri, 2 saylı Bərpa Xəstəxanasının köhnə binasının yerində yeni xəstəxana binasının, şahmat məktəbinin tikintisi davam etdirilmişdir.

Zığ qəsəbəsində qəza nəticəsində yararsız vəziyyətə düşmüş yaşayış binasının əvəzinə RİH tərəfindən 5 mərtəbəli, 2 girişli, 25 mənzilli yaşayış binasının tikintisi başa çatdırılmış və sakinlər evlərə köçürülmüşdür.

"Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda bərpa və yenidənqurma işləri aparılmış, Qoruğun və A.Rzayev, S.Bəhlulzadə, Balandin küçələrinin ətrafında genişmiqyaslı abadlıq işləri görülmüşdür. Əmircan qəsəbəsi S.Bəhlulzadə dairəsindəki park yenidən qurulmuş, Hövsan qəsəbəsində istirahət parkının yenidənqurulması və mərkəzi küçədə genişmiqyaslı abadlıq-quruculuq işləri davam etdirilmişdır.

Rayonun ekoloji durumunun sağlamlaşdırılması işləri davam etdirilmiş, neftlə çirklənmiş torpaqlarda aparılmış rekultivasiya işləri nəticəsində 17,0 hektardan çox sahə təmizlənmiş, ümumi sahəsi 7,2 hektar olan 86 neft gölməçəsi qurudulmuş, 27 quyunun işçi meydançası və quyuətrafı sahələri neft tullantılarından təmizlənmişdir. 

Zığ və Bülbülə qəsəbələrində, Yeni Günəşli yaşayış sahəsində əvvəllər mövcud olmuş məişət tullantıxanaları təmizlənmiş, Zığ qəsəbəsi "Dədə Qorqud" adlandırılan yaşayış sahəsinin yanında mövcud olmuş məişət tullantıxanasının təmizlənməsinə başlanılmışdır.

Rayon təsərrüfatının növbəti payız-qış mövsümünə hazırlığını yüksək səviyyədə təmin etmək məqsədi ilə RİH başçısının sərəncamı ilə Rayon Qərargahı yaradılmış və həyata keçiriləcək tədbirlər planı təsdiq edilmişdir. Payız-qış mövsümünə hazırlıqla əlaqədar  rayonda bir sira işlər həyata keçirilmişdir. 

"Azəristiliktəchizat" ASC tərəfindən qazanxana və istilik məntəqələrində nasos və mühərriklər təmir olunaraq işçi vəziyyətə gətirilmiş, istilik kəmərləri yuyulmuş və hidravliki təzyiqlə yoxlanmışdır. Məhəllədaxili və aşağıpaylama istilik xətlərinin üzərindəki siyirtmələr təmir olunmuş, müxtəlif diametrli 1 546 p/m istilik istilik xətti dəyişdirilmişdir. 

Dövlət Proqramı çərçivəsində Hövsan qəsəbəsində 3, Qaraçuxur qəsəbəsində 1 istilik qazanxanası tikilmlmiş, Yeni Günəşli "D" yaşayış sahəsində 2 istilik məntəqəsi modernləşdirilərək qazanxanaya çevrilmiş, müxtəlif diametrli borularla 6879 p/m istilik xətti çəkilmiş, yaşayış binalarının zirzəmisindən keçən istilik xətləri yenidən qurulmuşdur. Tikilən qazanxanaların hesabına bu il istilik alan binaların sayı 40 bina - 1045 mənzil artmışdır. 

Rayonun elektrik şəbəkəsində 4 Kompleks Transformator Məntəqəsi quraşdırılmış, 11356 p.m. kabel xətti və 3423 p.m. naqil çəkilmiş, Hövsan qəsəbəsində 1 yeni yüksəkgərginlikli elektrik yarımstansiyası tikilmişdir. Suraxanı Rayon Qaz İstismar Sahəsi tərəfindən müxtəlif diametrli borularla 142,0 min p.m. yeni qaz xətti çəkilmiş, 5937 ədəd mexaniki qaz sayğacı smart kart tipli qaz sayğacı ilə əvəz olunmuşdur. Suraxanı Sukanal Departamenti tərəfindən 2402 p.m. su və 1521 p.m. kanalizasiya xətti dəyişdirilmiş, 78,7 min p.m yeni su xətti, 5890 p/m yeni kanalizasiya xətti çəkilmişdir. 

2013-cü ilin 9 ayı ərzində Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 493 ailəyə yeni sosial müavinət,  2166 ailəyə ünvanlı sosial yardım təyin edilmişdir.

Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi tərəfindən bu dövr ərzində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən 1,08 milyon manat vəsait toplanmış, artım 38,0 faiz təşkil etmiş, 26728 nəfər təqaüdçüyə xidmət göstərilmiş və 40,0 milyon manatdan artıq pensiya ödənilmişdir.

2013-cü ilin 9 ayı ərzində Rayon Məşğulluq Mərkəzinə  735 nəfər müraciət etmiş, 442 nəfər işlə təmin olunmuşdur.

Kənd Təsərrüfatı Nazirliyi ilə birgə təşkil edilmiş kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında 9 ayı ərzində rayon əhalisinə  727 ton kənd təsərrüfatı məhsulları satılmışdır.

2013-cü ilin 9 ayı ərzində Rayon İcra Hakimiyyətinə 3810 vətəndaş müraciəti daxil olmuş, müraciətlərin böyük hissəsi fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahəsinin ayrılması, layihələrinin təsdiqi, ilkin hüquqi qeydiyyata alınması, mənzil növbəsinə götürülmə, mənzil ilə təmin olunma, su və kanalizasiya xətlərinin çəkilməsi, yolların asfaltlanması, maddi köməklik göstərilməsi, ünvanlı sosial yardım verilməsi və s. məsələlərlə bağlıdır.

Bu dövr ərzində Rayon İcra Hakimiyyətində 2679 nəfər, o cümlədən RİH başçısı tərəfindən 1107 nəfər vətəndaş qəbul edilmiş, qəsəbələrdə sakinlərlə 34 səyyar görüş-qəbul keçirilmiş, qəbullarda 2496 nəfər sakin iştirak etmiş, qaldırılan məsələlərin əksəriyyəti müsbət həll edilmişdir.

Son illər Respublikamızda, eləcə də Bakı şəhərində sosial, infrastruktur, kommunikasiya, yol-nəqliyyat yönümlü layihələrin uğurla yerinə yetirilməsi, Dövlət və yerli əhəmiyyətli proqramların müvəffəqiyyətlə həyata keçirilməsi vətəndaşları narahat edən məsələləri, müvafiq olaraq müraciətləri nəzərəçarpacaq dərəcədə azaltmışdır.

Hesabat dövründə Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən bir sıra tədbirlər təşkil olunmuş, görüşlər keçirilmişdir. Bu günə qədər Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə 42500 nəfərdən  yuxarı yerli və xarici ziyarətçi tanış olmuş, Mərkəzin Elektron kitabxanasının xidmətindən 10,5 min istifadəçi faydalanmış, Mərkəzdə 2013-cü ilin 9 ayı ərzində 12 ümumrayon tədbiri keçirilmişdir.

Rayon rəhbəri Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 27 iyun 2013-cü il tarixli Sərəncamı ilə uzun müddət dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuş Suraxanı Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Səfərov Pənah İbrahim oğluna medalı təqdim etdi.

2013-cü ilin 9 ayında rayonda görülmüş işlər barədə film nümayiş etdirildi. 

İclasda YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seydiov, Dalma Qurğularının Təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisənin direktoru Nazim Qafarov, Suraxanı rayon MKTB-nin rəisi Mais Məmmədov, 282 saylı tam orta məktəbin direktoru Camal Əlirzayev, Suraxanı rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Səbuhi Zeynalov, 9 sayllı Stomatoloji Poliklinikanın baş həkimi Sənan Əliyev, Suraxanı rayon Sukanal Departamentinin rəisi Rövşən Kazımov Suraxanı Qaz İstismar Sahəsinin rəisi Hacı Şahbazov çıxış etmişlər.

Hesabat yığıncağına yekun vuran İlqar Abbasov bildirdi ki, Suraxanı rayonunun sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində işlər ilin qalan dövrü  ərzində davam etdiriləcək, dövlət başçısı cənab İlham Əliyevin Nazirlər Kabinetinin 6 oktyabr 2013-cü il tarixli iclasında qarşıya qoyduğu vəzifələrin icrası naminə bütün imkanlar səfərbər olunacaqdır.

Suraxanı rayonuna göstərilən diqqət və qayğıya görə İlqar Abbasov rayon sakinləri adından bir daha Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirdi və dövlətimizin başçısını əmin etdi ki, rayonun əmək kollektivləri və sakinləri həmişə olduğu kimi, yenə də Heydər Əliyev siyasi kursuna sadiqliyini nümayiş etdirəcək, qazanılmış uğurların daha da artırılması və ölkəmizin iqtisadi qüdrətinin gündən-günə möhkəmləndirilməsi üçün əzmlə çalışacaqlar. 


Sizin Reklam Yeriniz