Əlaqə Arxiv
news Image
2013.10.22
17:42
| A A A
2014-cü ilin büdcəsi: Güclü sosial-iqtisadi inkişafın real mənzərəsi

Məlum olduğu kimi, Maliyyə Nazirliyi (MN) 2014-cü il və sonrakı üç il üçün Azərbaycanın dövlət büdcəsinin və icmal büdcəsinin layihələrini Nazirlər Kabinetinə təqdim edib. Hökumətin rəy və təklifləri nəzərə alınmaqla, ölkənin ali maliyyə sənədi Milli Məclisə göndərilib və parlament qarşıdakı ilin büdcə zərfini müzakirəyə çıxaracaq.

Əlbəttə ki, MN yeni büdcə layihəsi və inkişaf konsepsiyasının əsas detallarını da açıqlayıb və sənəddə qarşıdakı illərdə ölkəmizin yüksək inkişafı ilə bağlı ssenarilər öz əksini tapıb.

Ümumiyyətlə, büdcə paketi Azərbaycanın dayanıqlı inkişafı fonunda güclü maliyyə-fiskal siyasətin dinamikliyindən xəbər verir, sosioiqtisadi tərəqqinin bütün seqmentləri üzrə proqnozlaşdırılan hədəflərə çatmağa möhkəm zəmin yaradır.

2014-cü ilin büdcə layihəsinin əsas konseptual məzmunu respublikamızın sosial-iqtisadi inkişaf göstəriciləri və ümumi daxili məhsulun artım dinamikasının davamlılığını, ölkəmizin maliyyə sabitliyi və artım tempi ilə irəlilədiyini şərtləndirir.

Hazırda ölkəmizin makroiqtisadi inkişaf indikatorları və qarşıdakı dövrlə bağlı proqnozlar Azərbaycanda davam edən iqtisadi inkişaf dinamikasının 2014-cü ildə daha da sürətlənəcəyini, maliyyə ehtiyatlarının artımı fonunda respublikamızın sosial-iqtisadi hədəfləri tammiqyaslı şəkildə yerinə yetirəcəyini deməyə əsas verir.

Hazırki makroiqtisadi və makrososial inkişaf proqnozlarına əsasən, 2014-cü ildə ölkədə güclü maliyyə sabitliyi potensialı möhkəmlənəcək, inflyasiyanın birrəqəmli həddə saxlanması və iqtisadiyyatın çoxşaxəliliyinin təmin edilməsi əsas məqsədlərdən olacaq. Bütün bu makroamillər gələn il üçün yaxşı perspektivlərdən xəbər verir, nikbin inkişaf ssenariləri fonunda qarşıdakı ilin büdcə vəsaitlərinin artımının olmasını şərtləndirir.

2014-cü ilin ekonomik ssenariləri ilə yanaşı, mövcud maliyyə resursları və dövlət büdcəsi bütün sosial və iqtisadi hədəflərə çatmağa imkan verir. Eyni zamanda, ölkəmizin qarşıdakı 3 ilə dair sosial-iqtisadi inkişaf proqnozları ilə bağlı makroiqtisadi göstəricilər də perspektiv uğurlardan xəbər verir. Yeni ilin dövlət büdcəsi respublikamızın inkişaf strategiyasını əks etdirməklə, mühüm iqtisadi və sosial prioritetlərin reallaşmasına əhəmiyyətli dərəcədə baza yaradır. Büdcə layihəsi ölkəmizin sosial, iqtisadi, investisiya bölmələrində əhatəli və davamlı layihələrin həyata keçirilməsini nəzərdə tutan güclü maliyyə resurslarına söykənir. Gələn ilin dövlət büdcəsinin gəlirləri nominal ifadədə 18,384 milyard manat, xərcləri 20,063 milyard manat proqnozlaşdırılır.

Yeni ilin büdcəsinin gəlirləri proqnozlaşdırılan ümumi daxili məhsul (ÜDM) istehsalının 31,4 faizi, xərcləri isə 34,3 faizi qədərində olacağı güman edilir. 2014-cü ilin büdcəsinin gəlirlər hissəsi 2013-cü ilə nisbətən az nəzərdə tutulub. Proqnoza əsasən, 2014-cü ildə büdcə gəlirlərinin həcmi cari ilə nisbətən 775 milyon manat və ya 4 faiz az olacaq. Amma bu o demək deyil ki, yeni ilin dövlət büdcəsinin vəsaitlərinin həcmi azalmış olacaq və büdcədən ayrılan xərclər azalacaq. Əsla belə deyil və bunu hansısa formada mənfi tendensiya kimi şərh etməyə çalışanların nəzərinə çatdırmaq gərəkdir ki, ümümi büdcə vəsaitlərindəki artım tempi müşayiət olunur və gələn il büdcədən bütün iqtisadi, sosial, infrastruktur, investisiya sektorlarında nəzərdə tutulan layihələrə əlavə pulların ayrılması realdır. Yəni, büdcənin xərclərinin artım dinamikası əlavə maliyyələşdirməyə tam baza yaradır.

Nəzər salsaq görərik ki, 2014-cü ilin büdcə layihəsində xərclərin həcmi 2013-cü ilə nisbətən daha çox proqnozlaşdırılır (20,063 milyard manat). Gələn il xərclər bu ilə nisbətən 213 milyon manat, yaxud 1,1 faiz artacaq. Bəziləri fikirləşə bilər ki, 1 faizlik artım az rəqəmdir. Amma bu, heç də belə təsəvvür yaratmamamlıdır və 1 faiz heç də az vəsaiti ehtiva etmir, təxminən 215 milyon manat deməkdir. Sadə bir hesablama və yaxud müqayisə aparsaq görərik ki, Azərbaycanın dövlət büdcəsinin 1 faizlik xərc artımı Gürcüstanının ümümu büdcə vəsaitlərinin 8, Ermənistanın büdcə vəsaitlərinin 12, Moldova və digər MDB (Rusiya, Qazaxıstan və Ukrayna istisna olmaqla) ölkələrinin cəmi büdcə vəsaitlərinin 4-5 faizlik hissəsi deməkdir.

2014-cü il dövlət büdcəsi gəlirlərinin 9,3 milyard manatını və ya ümumi büdcə daxilolmalarının 50,8%-ni Dövlət Neft Fondundan (DNF) transfertlər, 7,1 milyard manatını və ya 38,6%-ni Vergilər Nazirliyi, 1,5 milyard manatını və ya 8,2%-ni Gömrük Komitəsinin xətti ilə, 0,4 milyard manatını və ya 2,2%-ni büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 0,2%-ni isə digər daxilolmalar təşkil edir. DNF-dan dövlət büdcəsinə 9,337 milyard manat transfert nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 2,013 milyard manat və ya 17,7 faiz azdır. Dövlət büdcəsinə Dövlət Neft Fondundan edilən transfert nəzərə alınmadan digər mənbələr üzrə dövlət büdcəsinin gəlirləri 2013-cü ilə nisbətən 15,9 faiz və yaxud 1,238 milyard manat artımla proqnozlaşdırılir.

2014-cü ilin büdcə zərfinin başlıca istiqamətləri ölkə iqtisadiyyatının inkişaf tempinin qorunub saxlanmasını, sosial-iqtisadi islahatların əvvəlki illərdə olduğu kimi davam etdirilməsini, əhalinin maddi rifahının təmin olunmasını və sosial şəraitinin yaxşılaşmasını, investisiya qoyuluşlarının həyata keçirilməsini, iqtisadiyyatın diversifikasiyasını və digər tədbirləri özündə əks etdirəcək. Ümumiyyətlə, büdcə layihələri hazırlanarkən strateji inkişaf xəttinə və ölkədə yaranmış makroiqtisadi mühitə uyğun olaraq dövlət büdcəsi gəlirlərinin stabilləşdirilməsinə, qeyri-neft sektorundan və digər real mənbələrdən büdcəyə əlavə daxilolmaların müəyyən edilməsinə, əhalinin sosial rifahının yaxşılaşdırılmasına, aztəminatlı insanların sosial müdafiəsinin gücləndirilməsinə, onların gəlirlərinin və məşğulluq səviyyəsinin yüksəldilməsinə, qeyri-neft sektorunun, sahibkarlığın inkişaf etdirilməsinə, dövlətin müdafiə potensialının artırılmasına, iqtisadi, enerji, nəqliyyat, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunmasına xüsusi diqqət yetirilir. Bu komponentlər 2014-cü ilin büdcə zərfinin başlıca makroiqtisadi və sosial indikatorlarını təşkil edir.

Yeni ildə büdcədə qeyri-neft sektorunun üzərinə böyük yük düşəcək. Beləki, növbəti il üçün dövlət büdcəsi gəlirlərinin 6,245 milyard manatı qeyri-neft sektoru üzrə daxilolmaların payına düşəcək ki, bu da 2013-cü ilin proqnozu ilə müqayisədə 1,076 milyard manat və ya 20,8 faiz, 2012-ci ilin faktiki icra göstəricisinə nisbətən 1,6 milyard manat və yaxud 34,5 faiz çoxdur. Göründüyü kimi, ölkə iqtisadiyyatında neft sektorunun payınının azalması, əksinə qeyri-neft sektorları üzrə daxilolmalarının həcminin artması artıq iqtisadiyyatın şaxıliliyinin göstəricisi kimi özünü biruzə verir. Bu amil, eyni zamanda, qeyri-neft sektorundakı 10 faizlik dinamika gözlənilir. Neftdənkənar sahələrin sektorial artım dinamikası ölkəmizin qeyri-neft məhsulları üzrə ixrac potensialının əhəmiyyətli dərəcədə artımı üçün real zəmin yaratmış olacaq. Bütün bu amillər büdcəyə əlavə gəlirlərin toplanmasını meydana çıxarmış olacaq. Həmçinin, iqtisadiyyatın inkişafının qeyri-neft sektorları üzərində irəlilədiyini şərtləndirir.

Gələn ilin dövlət büdcəsində sosial yönümlü xərclərə 5 milyard 337,3 milyon manat ayrılacaq ki, bu da ümumi büdcənin 26,6 faizi deməkdir. Ayrılan vəsait 2013-cü illə müqayisədə 298,9 milyon manat və ya 5,9 faiz çoxdur. Gələn ilin büdcə layihəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən xərclər üçün 4909,5 milyon manat vəsait nəzərdə tutulub. Bu, 2013-cü illə müqayisədə 475,9 milyon manat və ya 10,7 faiz çoxdur. Ümumilikdə sözügedən sahələr üzrə nəzərdə tutulmuş xərclərin dövlət büdcəsinin xərclərinin tərkibində xüsusi çəkisi 24,5 faiz təşkil edəcək. Bu da 2013-cü illə müqayisədə 2,2 faiz çoxdur.

Sosial xərclər dövlət üçün mühüm əhəmiyyət kəsb edir və büdcənin ümumi məzmunundan da bunu görmək mümkündür. Yeri gəlmişkən, gələn ilin büdcəsinin xərclərində əməkhaqqı artımı ilə bağlı xərclər də nəzərə alınıb ki, bu da xeyli məbləğ deməkdir. Məlum olduğu kimi Prezident İlham Əliyevin cari ilin avqust-sentyabr aylarında imzaladığı müvafiq sərəncamlara əsasən ölkədə əməkhaqqı, pensiya, müavinətlərin həcmi artırılıb. Təkcə əməkhaqqı artımı ilə bağlı sosial tədbirlər təxminən 3 milyona yaxın Azərbaycan vətəndaşını əhatə edir. Onların əksər hissəsi dövlət büdcəsindən maliyyələşən təşkilatlarda, təhsil sistemində (422 min nəfər) və səhiyyə sahəsində (təqribən 140 min nəfər) çalışanlardır. Həmçinin, əməkhaqlarının artırılması sosial təminat, mədəniyyət, elm, gənclər və idman sahələrində çalışanları əhatə edir. Təkcə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanları götürsək, bu, 700 min nəfəri əhatə edir. Ölkə başçısının sərəncamı ilə ölkədə pensiya alan 1 milyon 209 min vətəndaşın pensiyaların baza hissəsi artırılaraq 100 manata çatdırılıb. Ümumilikdə, əmək pensiyalarının baza hissəsi təxminən 17,6 faiz artırılıb.

Dövlət başçısının sərəncamına uyğun olaraq sosial müavinətlər sahəsində də əhəmiyyətli tədbirlər görülüb. Belə ki, məcburi köçkünlərə yemək üçün verilən müavinətlər, həm də valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına verilən, ailə başçısının itirilməsinə görə verilən müavinətlər və şəhid ailələrinə, milli qəhtəmanlara verilən müavinətlər əhəmiyyətli dərəcədə artırılıb. Sosial müavinətlərin artımı miminum 10 faiz, maksimum 60 faiz təşkil edib. Sosial müavinətlərin artımı ilə 400 mindən çox şəxs, o cümlədən 540 min nəfər məcburi köçkün əhatə olunub. Ümumilikdə isə 940-950 min nəfər sosial müavinətlərin artırılmasından bəhrələnib.

Beləliklə, dövlət başçısının əməkhaqqı və pensiyaların artımı ilə bağlı sərəncamları 2013-cü ilin dövlət büdcəsindən əlavə olaraq 200 milyon manata qədər əlavə vəsaitin xərclənməsinə səbəb olub. Eyni zamanda, 2014-cü ildə isə bu xərclərin maliyyələşdirilməsi üçün əlavə 600 milyon manatın ayrılması nəzərdə tutulub. Göründüyü kimi, gələn ilin dövlət büdcəsinin xərclərinin 600 milyon manatı, yəni ümumi büdcə vəsaitlərinin 3,4 faizi qeyd olunan bölmələrdəki artımım maliyyələşdirilməsi üçün nəzərdə tutulub.

Təhsil və səhiyyə xərclərinin həcmi də gələn ilin artım paketində xüsusi yer tutur. Büdcəsinin layihəsinə əsasən, səhiyyə xərclərinə 725,6 milyon manat ayrılması nəzərdə tutulub ki, bu da 2013-cü illə müqayisədə 56,3 milyon manat, yaxud 8,4 faiz çoxdur. Səhiyyənin maliyyələşməsi üçün nəzərdə tutulan xərclərin xüsusi çəkisi 2013-cü illə müqayisədə 0,2 faiz artaraq 3,6 faiz olacaq.

Gələn ilin dövlət büdcəsində müdafiə xərclərində də artım olacaq. Belə ki, 2014-cü ildə müdafiə xərcləri bu ilkindən 7,1 faiz çox olacaq. Gələn il müdafiəyə 1 637 362,4 milyon manatın ayrılması proqnozlaşdırılır. 2014-cü ildə dövlət büdcəsindən məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanları üçün ayrılan xərclərin 1 240 298.0 milyon manat təşkil edəcəyi gözlənilir. Bu isə builki xərclərdən 11,3 faiz çoxdur. Müdafiə xərcləri 2014-cü ildə dövlət büdcəsi xərclərinin 14,7 faizini təşkil edəcək.

Göründüyü kimi, respublikamızın ali maliyyə sənədi iqtisadiyyatın sosial məzmununu və investisiyayönümlülüyünü əhatə etməklə sosial-iqtisadi inkişaf, yüksək maddi rifah, ölkəmizin müdafiə potensialının və hərbi qüdrətinin artırılması, enerji, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, sahibkarlığın inkişafına dəstək verilməsi, məqsədli dövlət proqramlarının həyata keçirilməsinə mühüm maliyyə təminatı yarada biləcək. Eyni zamanda, hökumətin əlavə sahələrə, xüsusi olaraq sosial bölmələrə diqqət və qayğını artırmağa imkan vermiş olacaq.

                                                                                               Aydın Hüseynov- YAP Siyasi Şurasının üzvü



Sizin Reklam Yeriniz