Əlaqə Arxiv
news Image
2013.10.24
18:19
| A A A
Penitensiar Xidmətdən ömürlük məhkumlarla bağlı açıqlama-Özəl
Ömürlük məhkum Müslümət Rzaxanovanın oğlu bir ailəni- 40 yaşlı kişini və onun 24 yaşlı hamilə qadınını zorlayaraq yandırarıb

Ədliyyə Nazirliyinin Penitenisiar Xidməti ömürlük məhkum Şakir Rzaxanovun anası Müslümət Rzaxanovanın ittihamlarına cavab verib. Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov Movqe.az-a açıqlamasında bildirib ki, Qobustan Həbsxanasında ömürlük məhkumların məktublarının oxunması qanunvericiliyə zidd deyil: "Qobustan Həbsxanasında məhkumların bütün məktubları oxunmur. Xüsusilə də onların Ombudsmana və yuxarı instansiyalara ünvanladıqları məktublar açılmır. Məhkumların fərdi şəxslərə ünvanladıqları məktubların oxunmasına isə icazə var. Bu məhkumların hansısa cinayəti hazırlamasının qarşısını almaq üçün keçirilən əməliyyat tədbiridir. Məhkumun məktubu onun yanında açılaraq oxunur. Hansı məktub oxunursa məhkumun özünün bundan xəbəri olur. Yuxarı instansiyalara ünvanlanmış məktublar isə açılmır. Məhkumların həbsxanadan Ombudsmana və yuxarı instansiyalara göndərdikləri heç bir məktubun ünvana çatmasına maneəçilik törədilmir. O ki, qaldı məhkumların saxlanılma şəraitinə, vaxtaşırı beynəlxalq təşkilatlar tərəfindən saxlanılma şəraitinə baxış keçirilir. Azərbaycanda ölüm hökmü ləğv olunandan sonra ölümə məhkum olunmuş məhbusların cəzalarının 15 illə əvəzlənməməsinə gəlincə, qeyd edim ki, Azərbaycanda ölüm hökmü ləğv edildikdə, Milli Məclisin qərarı ilə ölümə məhkum olunanların cəzaları ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəzləndi. Ömürlük məhkumun anasının iddiasına görə, ölüm hökmü qüvvədə olduğu vaxt ən ağır cəza 15 il azadlıqdan məhrumetmə olduğundan, ölüm hökmü ləğv olunarkən onların cəzası 15 illik həbslə əvəzlənməli idi".

M. Sadıqov rəsmi statistik rəqəmlərə görə, hazırda Azərbaycanda 250-ə yaxın ömürlük məhbusun olduğunu söylədi. 

Qeyd edək ki, bu gün Müslümət Rzaxanova Modern.az-a açıqlamasında Qobustan həbsxanasındakı acınacaqlı vəziyyətdən də danışıb. Onun sözlərinə görə, məhkumların məktubları əlaqədar orqanlara, ombudsmana həbsxana rəhbərliyi tərəfindən oxunmamış göndərilmir. "Hətta məxfi olaraq göndərilən məktublar da açılır, oradakı sənədlər götürülür. Qəzetlərə abunə yazılan məhbuslara qəzetlər verilmir. Hətta orada elə məhbuslar var ki, hansı səbəb də ömürlük həbs cəzası almalarını bilmirlər. Məhbusların prezidentə, ombudsmana, nazirə yazdığı məktublar açılıb oxunur və göndərilmir. Məhbusların hər hansı bir problemi mütləq döyülərək cərimə təcridxanasına salınmaqla həll olunur".

Xatırladaq ki, Müslümət Rzaxanova törətdiyi dəhşətli cinayəti ilə çoxlarının yaddaşında qalan Şakir Rzaxanovun anasıdır. Onun oğlu Şakir Rzaxanov Cinayət Məcəlləsinin 94-cü maddəsi ilə ittiham edilib. İttihama görə, o bir ailəni- 40 yaşlı kişini və onun 24 yaşlı hamilə qadınını yandıraraq məhv edib. Onun cinayət əməli tam sübuta yetirilib. 

Həmin vaxt mətbuata açıqlama verən mərhum  Telmanın anası Klara Babayeva oğlunun qatili haqqında bunları söyləmişdi: "Oğlum üçün hər gün ağlayıram. Onu zülümlə öldürüblər. Evini talan etdilər, maşınını yandırdılar, oğlumu, gəlinimi yandırıb öldürdülər. Nəvə yolu gözləyirdim, gəlinim hamilə idi, öldürməzdən əvvəl onu zorlamışdılar. On iki il əvvəl xoşbəxt ana idim, indi Allah bilir nələr çəkirəm. Hadisədən beş ay sonra gəlinin atası, iki il sonra isə öz həyat yoldaşım dünyasını dəyişdi. Oğlumu öldürənlər yaşayır, nəfəs alır, yeyir-içir. Amma mənim oğlum çürüyür, oğlum yoxdur. Oğlum heç kəsə pislik etməmişdi. Bilmirəm niyə bunlar baş verdi. Bəlkə də sifariş idi. Onların ikisinə güllələnmə, birinə isə 15 il iş verdilər. Güllələnmə sonradan ömürlük həbslə əvəz olundu".

Klara xanımın gəlini,Səkinə Əliyevanın anası Tahirə Əliyeva isə Şakir Rzaxanov barəsində bunları deyib: "Səkinə 17 il sonra tapdığım yeganə övladım idi. Onu da itirdim, qızım vəhşicəsinə, qəddarlıqla qətlə yetirildi, onu yandırdılar. Atası beş ay sonra rəhmətə getdi, özüm də infarkt keçirmişəm. Evin küncündə nə vaxt öləcəyimi gözləyirəm. Balamı öldürənləri azadlığa buraxmağa heç kəsin ixtiyarı yoxdur! Qatillərin analarının da övladlarını müdafiə etməyə haqqı çatmır. Onlar qatildir!".  



Sizin Reklam Yeriniz