Əlaqə Arxiv
news Image
2013.10.25
11:27
| A A A
Azərbaycanda Təhsilin İnkişafı Fondu yaradılacaq

Azərbaycanda təhsilin dayanıqlı və müxtəlif mənbələrdən istifadə olunmaqla yeni maliyyələşdirmə mexanizmi yaradılacaq.


Bu, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda əksini tapıb.

 

Təhsilə adekvat həcmdə maliyyə resurslarının cəlb edilməsi, təhsilin maliyyələşdirilməsi xərclərinin Ümumi Daxili Məhsula nisbətinin mərhələlərlə 5-6 faizə çatdırılması, nəticəyönlü büdcə planlaşdırılması və müxtəlif mənbəli maliyyələşdirmə mexanizmlərinin yaradılması, təhsil müəssisələrini bir təhsilalana düşən xərc əsasında maliyyələşdirmə mexanizminə keçid, dövlət və bələdiyyə təhsil müəssisələrində özünümaliyyələşdirmə prinsiplərinin təşviqi, ödənişli təhsil xidmətlərinin göstərilməsinin dəstəklənməsi nəzərdə tutulur.

 

Büdcədənkənar vəsaitlər hesabına formalaşdırılan Təhsilin İnkişafı Fondu da yaradılacaq. Eyni zamanda təhsil tədqiqatlarının yeni maliyyələşmə mexanizminin tətbiqi, mülkiyyət formasından asılı olmayaraq müvafiq təhsil qurumları cəlb edilməklə təhsilverənlərin əlavə təhsilinin dövlət sifarişi əsasında adambaşına maliyyələşdirilməsi, təhsil müəssisələrinin keyfiyyət göstəricilərinə əsaslanan investisiya xərcləri sisteminin yaradılması, ali təhsil müəssisələrində dövlət büdcəsi vəsaitindən istifadə olunmayaraq məqsədli kapital fondlarının yaradılmasının stimullaşdırılması, aztəminatlı ailələrdən olan uşaq və gənclər üçün bərabər təhsil imkanlarının yaradılması məqsədilə maddi dəstək sisteminin yaradılması planlaşdırılır.

 

Müəllimlərin maddi motivasiyasının yaxşılaşdırılması, onların illik əmək haqqının adambaşına düşən Ümumi Daxili Məhsula nisbətinin mərhələlərlə, səriştə və nəticə əsasında diferensiallaşdırmaqla 1,8-2 dəfəyədək artırılması, tam orta təhsildə bir şagirdə düşən illik xərclərin adambaşına düşən Ümumi Daxili Məhsula nisbətinin mərhələlərlə 2 dəfəyədək artırılması da qarşıya məqsəd qoyulub. İnformasiya-kommunikasiya texnologiyalarına əsaslanan müasir təhsil infrastrukturunun, o cümlədən elektron təhsilin yaradılmasına əlavə vəsaitlərin ayrılması, təhsil şəbəkəsində rasionallaşdırma tədbirləri həyata keçirməklə, regionlar arasında təhsilin keyfiyyətini bərabərləşdirmək üçün ucqar regionlarda yerləşən təhsil müəssisələri üçün əlavə maliyyələşmənin təmin olunması, təhsilə çıxış imkanlarını yaxşılaşdırmaq üçün maliyyə mexanizmlərinin, o cümlədən tələbə kreditləri sisteminin genişləndirilməsi də nəzərdə tutulub. Eyni zamanda  məktəbəqədər və ümumi təhsil müəssisələrində uşaqlara pulsuz əsasda müvafiq xidmətlər (dərs və ya təlim vəsaitləri və s.) göstəriləcək.


Sizin Reklam Yeriniz