Əlaqə Arxiv
news Image
2013.10.28
13:42
| A A A
Orxan Zeynalovun həbsindən sonra Rusiyadan 100 azərbaycanlı deportasiya olunub

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi: Milli zəmində keçirilən hər bir toplantını, o cümlədən "Rus marşı"nı yolverilməz hesab edirik


 Rusiyada Azərbaycan vətəndaşı Orxan Zeynalovun həbs olunmasından sonra miqrantlarla bağlı aparılan reydlər davam etdirilir və miqrasiya qanunlarını pozanlar mütəmadi olaraq ölkədən deportasiya olunur.

 

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin Rusiyadakı son hadisələrlə əlaqədar yaradılmış İşçi Qrupun rəhbəri, komitənin I ərazi (Rusiya, Ukrayna, Belarus və Moldova) şöbəsinin müdiri Rizvan Əliyev APA-ya açıqlamasında bildirib ki, evlərdə və bazarlarda aparılan bu reydlər nəticəsində indiyədək Rusiyadan təxminən 100 azərbaycanlı deportasiya olunub.

 

Onun sözlərinə görə, hər həftənin cümə günü Rusiya Daxili İşlər Nazirliyi tərəfindən miqrantlarla bağlı evlərdə aparılan reydlər daha da güclənib. Artıq elə azərbaycanlılar var ki, sənədlərinin düzgün olmadığından, deportasiya olunmaq təhlükəsindən ehtiyat edərək özləri ölkədən çıxırlar: "Bu yaxınlarda Rusiya dövlət orqanları deportasiya olunanların konkret sayı ilə bağlı məlumat verəcəklər". İşçi Qrupunun rəhbəri bildirib ki, hazırkı məlumata görə, azərbaycanlılar həmişə deyildiyi kimi, artıq heç də Rusiyada say tərkibinə görə yaşayan birinci etnik xalq deyil: "Hazırda Rusiyada yerli vətəndaşlığı olan 629 930 nəfər azərbaycanlı yaşayır. Miqrantların sayını da bura əlavə etsək, ümumilikdə Rusiya üzrə 2 milyon 200 min azərbaycanlı yaşayır. Bu rəqəm ötən illə müqayisədə azalıb. Məsələn, hazırda Rusiyadakı özbəklərin sayı 2,5 milyondan çoxdur".

 

Komitə rəsmisi onu da bildirib ki, məlum hadisədən sonra Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) vasitəsi ilə Rusiyanın müxtəlif regionlarında yaşayan azərbaycanlıların şikayəti daxil olmaqdadır: "Daha çox miqrasiya problemi ilə bağlı incidilmələrlə yanaşı, yerli millətçilər tərəfindən də narazılıqlar var. Bu, Moskvadan başqa əsasən azərbaycanlıların daha çox yaşadığı Sverdlovsk və Sankt-Peterburq vilayətlərindəndir: "Noyabrın 4-də Rusiya üzrə millətçilərin digər xalqlara qarşı "Rus marşı" adı altında kütləvi aksiyalar keçirməsi elan olunub. Əgər Rusiya dövlət orqanları bunun keçirilməsinə rəsmi razılıq versələr, o zaman biz milli zəmində keçirilən hər bir toplantını qəbul olunmaz hesab edəcəyik. Biz bunu bütün hallarda yolverilməz hesab edirik".

 

R.Əliyev O.Zeynalov ilə bağlı son durumdan da danışıb: "Orxan Zeynalovun tutulmasında hüquq-mühafizə orqanlarına kömək edənlərin azərbaycanlı olması haqqında məlumatlar təsdiqini tapmayıb. Hazırda istintaq gedir. Lakin əsas odur ki, artıq Rusiya dövlət və hüquq-mühafizə orqanları bununla bağlı baş verən rezonansdan təşviş içindədirlər və məsələnin tam hüquqi müstəvidə başa çatacağı əminliyi var. Biz nəzarəti elə qurmuşuq ki, əgər yenə bu məsələdə hüquqi zidd hadisə baş versə, dərhal müdaxilə edəcəyik. Azərbaycanın Rusiyadakı səfirliyindən daxil olan informasiyalar üzərində işimizi qurmalı olduq. Bundan irəli gələrək mütəmadi olaraq regionlarda qubernatorlar, merlər və milli məsələlər üzrə məsul olan digər rəsmi şəxslər səviyyəsində işləyirik. Onların faktiki münasibəti belədir ki, hər bir məsələ Rusiya qanunları çərçivəsində həll olunmalıdır. Hesab edirik ki, əgər dövlət tərəfindən hansısa xalqa qarşı qeyri-hüquqi, qeyri-obyektiv münasibət sərgilənsə, o zaman Rusiyada bu xaosun qarşısını almaq olmayacaq".

 

R.Əliyev İşçi Qrupunun tezliklə Rusiyaya dönəcəyini də bildirib.

 

Xatırladaq ki, Rusiya paytaxtının Qərbi Biryulevo rayonunda oktyabrın 10-da 25 yaşlı Yeqor Şerbakovun qafqazlı şəxs tərəfindən qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus millətçisi və "skinhed"lər Qərbi Biryulevo rayonunda yerləşən "Biryuza" ticarət mərkəzi və "Pokrov" meyvə-tərəvəz bazasına hücum edərək, ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asyadan olan miqrantları ölümcül döyüblər. Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri yeridilib. "Skinhed"lər polislərə də müqavimət göstərib. Onlar ticarət mərkəzində yerləşən mağazalara, ətrafdakı obyektlərə və avtomobillərə ciddi zərər vurublar. İğtişaş nəticəsində xeyli sayda miqrant və yerli sakin yaralanıb.

 

Y.Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov oktyabrın 15-də Moskva ətrafındakı Kolomna şəhərində saxlanılıb və vertolyotla Moskvaya aparılıb. O, ilkin dindirmə zamanı qətli törətdiyini etiraf etsə də, məhkəmədə bu ifadəni təzyiq altında verdiyini bildirib və ittihamları rədd edib.

Sizin Reklam Yeriniz