Əlaqə Arxiv
news Image
2013.10.28
17:42
| A A A
Yay-qış vaxtına keçid birmənalı qarşılanmır

Məlumdur ki, Nazirlər Kabinetinin yay vaxtının tətbiq edilməsi haqqında 1997-ci il 17 mart tarixli qərarına əsasən, hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Oxşar praktika dünyanın bir çox ölkələrində tətbiq edilsə də, bu üsuldan istifadə etməyən ölkələrdə az deyil. Burada məqsəd, enerjiyə qənaət edilməkdir. Amma bəzi psxoloqların fikrincə, yay və qış vaxtına keçid psixoloji problemlər yaradır. Hətta Bakı Dövlət Universitetinin Astrofizika kafedrasının müdiri, fizika- riyaziyyat elmləri doktoru, professor Cəfər Quluzadə sözlərinə görə, bu əslində elmə ziddir: "Məlumdur ki, məişətdə vaxt Günəşin günlük hərəkətinə görə təyin olunur. Gün (sutka) Günəşin aşağı kulminasiyasından (Günəşin göy meridianın zenitdən uzaq nöqtəsindən keçməsindən) hesablanır. Ona görə Yerli vaxt (Günəşin aşağı kulminasiyasından verilən ana qədər keçən vaxt) ədədi qiymətcə Günəşin saat bucağının 12 saat artırılmasına bərabərdir.

Saatı bir saat qabağa çəkəndə biz günortanı həqiqi olduğundan bir saat əvvəl qeyd edirik.

Saatı bir saat qabağa çəkdikdə biz gecəyarısını Günəş aşağı kulminasiyaya çatmazdan bir saat əvvəl qeyd edirik. Bunlar azmış kimi, sonralar bir çox ölkələrdə, o cümlədən Azərbaycanda yay vaxtı daxil edilmiş, yaz və yay aylarında saat daha bir saat qabağa çəkilmişdir. Beləliklə təbiətin göstərdiyindən iki saat fərqli olan vaxt sistemi qəbul edilmişdir. Bu təbiəti daha da saxtalaşdırmaqdır. Onu da qeyd etmək lazımdır ki, saatı qabağa çəkməklə heç şey udulmur, daha doğrusu səhər udulan gündüz işığı axşam uduzulur və nəticədə heç bir şey udulmur. Son vaxtlar bəzi ölkələr bunu nəzərə alaraq saatların çəkilməsindən vaz keçdilər. Məsələn Rusiya federasiyası artıq vaxtı Günəşin təbii hərəkətinə görə təyin edir. Ona görə indi Bakı və Moskvada saatlar eyni vaxtı göstərir. Bu isə yanlışdır. Əslində Bakıda təbii olaraq saat Moskvadakından bir saat əvvəli göstərməlidir. Çünki, Bakı 3 – cü saat qurşağında, Moskva isə 2 – ci saat qurşağında yerləşir. Oktyabr ayının axırıncı bazar günü gecəsi saatı bir saat geri çəkməklə yay vaxtı ləğv olundu. Ancaq yenə saatlarımız həqiqi vaxtı göstərmir, bir saat əvvəli göstərir. Əgər Bakıda saatların əqrəbini əlavə olaraq bir saat da geri qaytarsaq həqiqi təbii vaxtı göstərmiş olarıq. Onu da qeyd etmək lazımdır ki, saatların gah irəli, gah da geri çəkilməsi insan psixologiyasına da neqativ təsir edir. Bəziləri saatların qabağa çəkilməsini gündüz işığından səmərəli istifadə edilməsində görür. Bu problemi başqa cür həll etmək olar".

Sizin Reklam Yeriniz