Əlaqə Arxiv
news Image
2013.10.30
11:19
| A A A
Parisdə Zəngilanın işğalının 20 illiyi ilə əlaqədar tədbir keçirilib (FOTO)

Tədbirdə münaqişə zamanı həlak olan zəngilanlıların xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Oktyabrın 29-da Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Zəngilan rayonunun erməni hərbi birləşmələri tərəfindən işğalının 20 illiyinə həsr olunmuş anma tədbiri keçirilib. Tədbirdə münaqişə zamanı həlak olan zəngilanlıların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Fransadakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Nigar Hüseynova mərasimdə çıxış edərək Zəngilan rayonunun 1993-cü il oktyabrın 29-da Ermənistan hərbi qüvvələri tərəfindən işğal edildiyini, dinc sakinlərə amansızlıqla divan tutulduğunu, 200 nəfərin qətlə yetirildiyini, 395 uşağın valideynlərindən birini itirdiyini, 30 zəngilanlının itkin düşdüyünü, 120 nəfərin isə əlil olduğunu diqqətə çatdırıb.


Azərbaycanın əzəl ərazisi Dağlıq Qarabağ və ona bitişik 7 rayonun işğalçılıq siyasəti aparan Ermənistan tərəfindən zəbt edildiyini qeyd edən N. Hüseynova nüfuzlu beynəlxalq təşkilatlardan BMT Təhlükəsizlik Şurasının, Avropa Şurasının və digərlərinin münaqişə ilə bağlı mühüm sənədlər qəbul etdiklərini, münaqişənin həlli üçün hüquqi bazanın tərkib hissəsi olan bu sənədlərdə Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının əksini tapdığını, torpaqlarımızın qeyri-şərtsiz azad olunması tələbi qoyulduğunu bildirib.


Vurğulanıb ki, Beynəlxalq təşkilatların tarixi qətnamələrindən irəli gələn şərtləri yerinə yetirməyən Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində Suriyadan olan qaçqınları yerləşdirməklə beynəlxalq hüquq normalarını pozmaqda davam edir. Təkcə Zəngilan rayonunda 200-dən artıq suriyalı qaçqın yerləşdirilib.


Sonda müşavir Azərbaycanın Fransadakı səfirliyi Qafqaz bölgəsi və bütünlükdə Avropada sülh və sabitlik üçün ciddi təhlükə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və Azərbaycanın ərazi bütövlüyünün bərpasının təmin edilməsi məqsədilə, Ermənistanın işğalçılıq siyasətindən və Azərbaycan torpaqlarının qeyri-qanuni məskunlaşma aparmaqla hərbi işğalın nəticələrinin möhkəmləndirilməsi istiqamətində fəaliyyətindən əl çəkməsi üçün ATƏT-in Minsk qrupunun səylərini artıracağına ümid etdiyini vurğulamışdır.


Parisdə fəaliyyət göstərən "Ulduz" Assosiasiyasının sədri Aytən Muradova Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 20 faizinin işğal edildiyini bir daha xatırlatmış, Fransadakı güclü erməni diasporunun fəaliyyət göstərdiyini, uzun illər öz həmvətənlərinin işğalçılıq siyasətinə başqa don geydirərək ölkəmizə qarşı iyrənc təbliğat apardığını qeyd edib. Bildirilib ki, son illər Heydər Əliyev Fondunun ölkəmizi fransızlara yaxından tanıtmaq məqsədilə bu ölkənin müxtəlif regionlarında keçirdiyi tədbirlər, Azərbaycanın Fransadakı səfirliyinin, UNESCO yanındakı Daimi Nümayəndəliyinin, Avropa-Azərbaycan Cəmiyyətinin və digər təşkilatların səyi nəticəsində artıq fransızlar Azərbaycanın zəngin tarixə, mədəniyyətə və incəsənətə malik sülhsevər bir ölkə kimi tanımağa başlamış, hansı dövlətin işğalçı olduğunu yaxşıca başa düşüb.


Müxtəlif ölkələrdə, o cümlədən Fransada yaşayan hər bir azərbaycanlıya müraciət edən A. Muradova onları azərbaycançılıq ideyası ətrafında sıx birləşməyə, Azərbaycan ilə bağlı həqiqətləri yaymağa, ermənilərin məkrli siyasətinin əsas mahiyyətini açıb göstərməyə səsləyib.


Tədbirdə Fransa ictimaiyyətinin nümayəndələri, Azərbaycanın Fransadakı səfirliyinin və UNESCO yanındakı Daimi Nümayəndəliyinin əməkdaşları, diaspor təmsilçiləri və azərbaycanlı tələbələr iştirak ediblər. 


Sizin Reklam Yeriniz