Əlaqə Arxiv
news Image
2013.11.04
17:56
| A A A
Sevinc Babayevaya bahalı maşınları kim alıb?-Məhkəmədən reportaj

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmən prosesi davam etdirilib. Movqe.az-ın məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən bu günki məhkəmə prosesinə ilk olaraq şahid qismində Sevinc Babayevanın oğlu Ayxan Məmmədov dəvət olunub. Məhkəməyə ifadə verən A. Məmmədov istintaqa verdiyi ifadəsini təsdiqləyərək bildirib ki, Elşad Abdullayevlə olan pul söhbətindən sonra anasının G. Əhmədova ilə münasibətləri pisləşib: "Anamla Gülər Əhmədova rəfiqə olublar. Amma aralarında Elşad Abdullayevlə bağlı pul söhbəti olduğundan narazılıq yaranmışdı. Neçə il idi ki, danışmırdılar. Bir neçə ildən Gülər Əhmədova anam zəng edib. Anam dedi ki, Gülərlə görüşməlidirlər. Onda anam deyirdi ki,  Elşadla bağlı olan pul söhbəti yayılacaq. Özünə də pis olacaq, Gülərə də".

Daha sonra A. Məmmədov anasının Türkiyə getməsi ilə bağlı istintaqa verdiyi ifadəsinə toxundu: "Axşam anam evə gəldi dedi ki, təcili Türkiyəyə getməlidir. Mən qoymurdum onu getməyə. Buna görə anamla mənim aramda mübahisə də düşdü. Dedi ki, Gülər xanım deyir ki, hər şey yaxşı olacaq. Taksi çağrtdırdı getdi".

Gülər Əhmədovanın Ayxan Məmmədova "bəs ananı niyə düşüb yola salmadın? Niyə ananın gecə saatlarında evdən tək çıxmasına razı oldun?" sualına A.Məmmədov onunla mübahisəsi yarandığını əsas gətirdi. Dövlət ittihamçısının suallarını cavablandıran A. Məmmədov bildirib ki, anasından Türkiyədən geri qayıtmağını söyləsə də, S. Babbayeva ona Gülər Əhmədovanın geri qayıtmağına razı olmadığını söyləyib: "Anam qorxurdu ki, onu tutarlar. Deyirdi ki, G. Əhmədova ilə danışıb Əhmədova ona hər şeyin yaxşı olacağını söyləyib və gözləməsini məsləhət görüb: "Mən anamla danışanda ona dedim ki, sənın yanına gəlirəm. Anam razı olmasa da, mənim inadkar olduğumu bilirdi. Orada məni Səlcuq Ağlayanın oğlu qarşıladı. Anam xəstə idi. Yeməyə heç nəyi yox idi. Amma bununla belə geri qayıtmaq istəmirdi. Anam ordan "skayp"la Gülərlə danışdı. Gülər xanım anama deyirdi ki, səbirli olsun. Qayıdanda 500-600 dollar verdim. Azərbaycana qayıtdıqdan sonra yenə prokurorluğa gələrək anamın Türkiyədə yaşadığı yerin təxmini ünvanını verdim". 

"Ananın yerini bilirdin bəs niyə dəqiq ünvanı prokurorluğa vermədin? sualına  A. Məmmədov "Anamı  istəyirdim özüm gətirim" cavabını verdi: " Prokurorluqdan mənə dedilər ki, anam gəlib, ifadə versin, onu tutmayacaqlar. Mən də Gülər xanıma zəng etdim, soruşdum ki, bu nə məsələdir? Ona anamı Azərbaycana gətirmək istədiyimi bildirdim. O isə dedi ki, anan gələn kimi onu həbs edəcəklər. Soruşdum ki, nə üçün? Cavab verdi ki, bir neçə il əvvəl torpaq söhbəti olub. Sonra da mən yenidən Türkiyəyə getmək istədim. Lakin ölkədən çıxmağıma qadağa qoymuşdular".

Proses iştirakçılarının suallarını cavablandıran A. Məmmədov bildirib ki, G. Əhmədova anasına Türkiyədə onu maddi cəhətdən təmin edəcəyi barədə söz verib: "Mən Türkiyədə olanda anamın sənədləri özündə idi. Anamdan Bakıya qayıtmasını istədim, lakin o qayıtmadı. Bildiyimə görə, Gülər xanımın əri Fikrət Əhmədov da mən ordan qayıdandan sonra anama pul verib".

G. Əhmədova şahidə suallar ünvanlayaraq onun anasının 2005-2006-cı illərdə aldığı maşınlar, evlərlə bağlı nə bildiyini soruşub.A. Məmmədov isə bildirib ki, müəyyən zamanlarda kirayədə yaşasalarda daha sonra şəhərin müxtəlif yerlərindən ev alıblar. Ən son aldıqları ev isə Sahil metrostansiyasının üstündəki binadan olub. A. Məmmədov anasının Audi Q7, Hammer, Prado, İnifinite,Cip maşınlarının olduğunu təsdiqləyib. 

A. Məmmədov anasının üzərində olan sənəddən istifadə edərək xəstəxanalarda yoxlamadan keçə bilmədiyini deyib: "Səlcuq mənə zəng edib dedi ki, anan xəstəxanadadır, vəziyyəti pisdir, 16 min dollar götür, gəl. Mən də nənəmi götürüb, Gülər xanımgilə getdim. Orda olanda Səlcuq mənə "Başın sağ olsun, anan rəhmətə getdi" məzmunlu mesaj yazdı. Mən də oradan çıxıb, prokurorluğa getdim. Bundan sonra Gülər Əhmədova nənəmə 20 min dollar verib. Həmin pul Səlcuq Ağlayana çatmalı idi. Lakin Səlcuq qorxduğu üçün pulu götürmədi. Həmin pul anamın yas mərasiminə xərcləndi". 

A. Məmmədov daha sonra deyib ki, anası S. Ağlayanı G. Əhmədova vasitəsilə tanıyıb: "Anamı Türkiyədə Gülər xanım saxlayırdı".

Prosesin bu məqamında G. Əhmədovanın vəkili Əfsər Talıbov Ayxana müraciət edərək, anasının ölümündə G. Əhmədovanın günahlandırmasının səbəbini soruşub. Dövlət ittihamçısı Eldar Həmzəyev isə elan edib ki, S. Babayevanın ölümü ilə bağlı cinayət işi istintaq orqanı tərəfindən rədd edilib. Onun xəstəlikdən ölməsi müəyyənləşib. Daha sonra A. Məmmədov G. Əhmədovanın suallarını cavablandırıb. O bildirib ki, 2005-ci ildən sonra anasının G. Əhmədovaya münasibəti pis olub: "Çünki anamın çərəyinə bais oldun. Elşadla aralarını vurdun. Bundan sonra anam bədbəxt oldu, hər şey əlindən çıxdı. Ona kimi anam universitetə tələbələr düzəldirdi. Anam sizə inanırdı. Onu Türkiyəyə siz göndərmişdiniz, siz də məsuliyyət daşıyırdınız. Siz anama demişdiniz ki, ikinizi də tutacaqlar, ona görə də anam məcbur olub Türkiyəyə getdi". 

G. Əhmədova isə ona cavab olaraq bildirib ki. S. Babayeva ilə söhbət edəndə Ayxan onların yanında olmayıb. "Sən bizim nə danışdığımızı, ananın nə danışdığını bilmirsən. Oğlumla yaşıdsan, sənin danışdıqlarını cavanlığına bağışlayıram. Sənin ananın qolunda "Allahu-əkbər" yazılan döymə vardı. Onu xatırlayırsan?" Ayxan isə ona "Xatırlayıram, amma nə ilə bağlı olduğunu bilmirəm".

Bu vaxt G. Əhmədova hakimdən Ayxanın ona yaxınlaşmasını, həmin döymənin mənasını onun qulağına demək istədiyini söyləyib. Hakim isə buna icazə verməyib, məsələyə aidiyyəti olmadığını bildirib.

Daha sonra məhkəmədə hakimlər A. Məmmədovun istintaqa verdiyi ifadəsi ilə hazırda məhkəməyə verdiyi ifadəsinin düz gəlmədiyini, təzadlar olduğunu söyləyib. 

İfadələrin tutuşdurulması zamanı bəlli olub ki, A. Məmmədov ilk ifadəsində Türkiyəyə getdiyi tarixi hər ifadəsində müxtəlif cür göstərib. Bundan əlavə A. Məmmədov ilk ifadəsində anasının Azərbaycanı tərk edərkən müalicə almaq üçün getdiyini, daha sonra isə Gülər Əhmədovanın təhriki ilə Azərbaycandan getdiyini söyləyib. Hakimlər şahidin ifadəsində hər dəfə bir tarixin səsləndirildiyi bunun isə ziddiyyət yaratdığını söyləyiblər. 

A. Məmmədovdan sonra prosesə şahid qismində Bağırov Hikmət dəvət edilib. O, Səlcuq Ağlayanla tanışlıq münasibətlərindən danışıb. Bundan sonra prosesdə şahid Vidadi Qədirov ifadə verib. Şahid deyib ki, S. Babayeva ilə yaxın münasibətləri olub: "1998-ci ildən 2004-cü ilə qədər yaxın münasibətimiz olub. Qadın-kişi münasibətləri səviyyəsində idi münasibətimiz.  Gözəl qadın idi, ondan xoşum gəlirdi. Sonra dost kimi ayrılmışıq. Amma arada zəngləşirdik. Oğlu əsgərliyə gedəndə gedib, yola salmışam. Ayxanın atası kimi valideyn iclaslarına da qatılmışam. Hadisələrdən sonra Sevinc Türkiyədən zəng edib, ona kömək etməyimi xahiş edirdi. Mən də dedim ki, gəl ifadəni ver. Axır vaxtlar hər gün danışırdıq. Deyirdi ki, özünü pis hiss edir. Mənə bildirdi ki, Azərbaycana həbs olunmaqdan qorxduğu üçün gəlmir. Gülər Əhmədova ilə bağlı danışanda isə "Gülər mənə deyir ki, Türkiyədə, yaxşı olar", deyirdi. Sevinc mənimlə tanış olanda onun imkanı yaxşı deyildi. Mən ona qızıl, paltar alırdım. Ev tutmuşduq, evin pulunu da verirdim. Hələ üstəlik maşın da almışdım. Amma birdən-birə maddi imkanı çox yaxşılaşdı. Yeni evlər aldı özünə. Deyirdi ki, Elşad Abdullayev sağ olsun, ona çox kömək edib".

Şahid ifadəsini verdikdən sonra məhkəmə nahar fasiləsi élan etdi. Fasilədən sonra məhkəməyə ifadə verməyə şahid qismində Səyyarə Heydərova çağrıldı. O, Elşad Abdullayevin yaydığı videomaterialların montaj olunduğunu deyib. Şahid bildirib ki, bununla bağlı rusiyalı ekspertlə danışıb, ekspert də videoların montaj olduğunu açıqlayıb. Daha sonra şahid qismində Namiq Muradov və Natiq İsmayılov ifadə veriblər. Onlar Türkiyədə Sabiha Gökçən Hava Limanında Sevinc Babayevanı gördüklərini deyiblər. Şahidlər ifadələrində bildiriblər ki, S. Babayeva onlara yaxınlaşaraq Türkiyəyə ürək əməliyyatına gəldiyini deyib: "Onu qarşılayacaq adamın gəlmədiyini söylədi, bizim telefonlarından istifadə etmək istədi. Biz də kömək etdik. Onu qarşılayan adamla görüşdürdük. Yəni insanlıq naminə ona kömək etdik"

Daha sonra Gülər Əhmədovanı Gürcüstana apararkən yolda saxlanan,şahid Rüfət Hüseynov ifadə verib.  R. Hüseynov G. Əhmədovanın oğlu Toğrul Əhmədovla dost olduğunu deyib. Bildirib ki, Gülər Əhmədovanı onun oğlu Toğrulun xahişi ilə aparıb: " Toğrul mənə zəng edib dedi ki, anası xəstədir, Gürcüstana gedəcəklər.  Məndən onları aparmağı xahiş elədi. Mən də razılaşdım. Lakin Qazaxda sərhədi keçəndə bizi saxladılar. Maşında axtarış apardılar".

R. Hüseynov S. Babayevanın Türkiyəyə gediş biletini aldığını təsdiqləyib: "Mən əvvəldən onunla tanış idim. Məndən İstanbula elektron aviabilet almağı xahiş elədi, mən də onun istəyini yerinə yetirdim".

Prosesdə şahidin ibtidai istintaqa verdiyi ifadə elan olunub. İfadədə R. Hüseynov S. Babayevaya bileti T. Əhmədovun göstərişi əsasında aldığını deyib. İlkin ifadəsində qeyd olunub ki, T. Əhmədov göstəriş verdikdən sonra o, S. Babayevaya elektron billet alaraq mesajla  Sevincə göndərib. Ancaq şahid məhkəmədə bunu təsdiq etməyib. Bildirib ki, elə ifadəsini oxuyanda da bu 

cümləyə etirazını bildirib: "Toğrul mənim dostumdur. Yaşda da mən ondan böyüyəm. Necə o mənə göstəriş verə bilərdi?"  

Proses noyabrın 7-də davam etdiriləcək.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.

 

G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir. 


Sizin Reklam Yeriniz