Rusiyada keçirilən sosioloji sorğu Rusiya vətəndaşlarının miqrantlara qarşı münasibətinin mənfi olduğunu ortaya çıxarıb.
APA-nın "İzvestiya" qəzetinə istinadən verdiyi məlumata görə, "Levada" Mərkəzinin keçirdiyi sorğuda respondentlərin 61,5%-i şəhərlərində yaşayan Qafqaz və Orta Asiya əsilli şəxslərə mənfi yanaşdıqlarını bildiriblər.
Rəyi öyrənilənlərin 62%-i əmindir ki, oktyabr ayında Qərbi Biryulevo rayonunda qeydə alınan milli zəmində toqquşmalar gələcəkdə də baş verəcək. Onların 71%-i bu və ya digər dərəcədə "Qafqazı yedirtmək yetər!" şüarını bölüşür, 78%-i isə miqrant axınının məhdudlaşdırılmasının tərəfdarıdır. Respondentlərin 66%-i "Rusiya ruslar üçündür" ideyasının tərəfdarıdır, bu yanaşmanı faşistsayağı sayanların sayı isə 19%-i ötmür.
"Levada" Mərkəzinin direktor müavini Aleksey Qrajdankin deyib ki, gəlmələrə qarşı mənfi münasibət ildən-ilə pisləşir. Onun sözlərinə görə, 2008-ci ildə Rusiyada miqrasiyanın məhdudlaşdırılmasına qarşı çıxanlar 52% olub, amma bundan sonra miqrantlara qarşı mənfi münasibətin göstəricisində artım qeydə alınıb. A.Qrajdankin hesab edir ki, anti-miqrant əhval ruhiyyəsinin artmasına səbəb iqtisadi problemlər və hakimiyyətdən narazılıqdır. O, Qərbi Biryulevo rayonunda baş verən hadisələrin də miqrantlara qarşı mənfi əhval-ruhiyyənin artmasına təkan verdiyini vurğulayıb.