Optimal variant kimi çağırış yaşının 20-yə qaldırılması təklif olunur
Azərbaycanda həqiqi hərbi xidmətə çağırış yaşının artırılması ilə bağlı təklif gələn ilin əvvəllərində hökumətə təqdim olunacaq.
Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.
Bu ilin əvvəlində analoji təklifin hökumətdə ilkin müzakirəsi aparılsa da, bəzi məsələlərin əsaslandırılmasında yaşanmış problemlərlə əlaqədar müzakirələr dayandırılıb.
Ziddiyyətli məqamlar artıq aradan qaldırıldığı üçün təklif yenidən hökumətin müzakirəsinə çıxarılır.
Hökumətdə razılaşdırma prosesi keçdikdən sonra təkliflər Prezident Administrasiyasına və prosedura uyğun olaraq mövcud qanunvericiliyə dəyişiklik edilməsi üçün parlamentə təqdim olunacaq.
Təkliflərdə Silahlı Qüvvələrdə çağırış yaşının 19-a qaldırılması əksini tapır. Lakin ilkin müzakirələrdə 20 yaşın daha optimal variant olduğu qeyd edilib.
Qeyd edək ki, hazırda Azərbaycanda gənclərin hərbi xidmətə çağırış yaşı 18-dir.