Əlaqə Arxiv
news Image
2012.05.24
12:53
| A A A
Paytaxt binaları üçün zəlzələ testi
Ənvər Əliyev: "Baş verən zəlzələdən sonra yeni tikilən binalarla bağlı həyata keçirilən tədbirlərə bir daha nəzər yetirməli, başdansovdu işlərin olduğu sahələrə yenidən baxmalıyıq"

Zaqatala-Şəki zonasında son günlər baş verən ardıcıl zəlzələlər və bu zaman xeyli dağıntının olması seysmik zonalarda inşa edilən tikililərin təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsinin vacibliyi məsələsini gündəmə gətirdi. Onun nəticəsidir ki, Zaqatalada zəlzələdən sonra dağılmış binaların əvəzinə inşa ediləcək yeni binalar Rixter şkalası üzrə 9 ballıq təkanalara belə davam gəttirəcək.

Yəni həmin binalar 9 ballıq zəlzələyə hesablanaraq inşa ediləcək. Qeyd edək ki, paytaxt Bakı və Abşeron ərazisi də seysmik cəhətdən aktiv zonalara daxildir. Burada da vaxtaşırı zəif gücdə olsa da zəlzələlər özünü göstərir. Amma məsələ ondadır ki, bir neçə il bundan öncəyə kimi şəhərdə tikilən çoxmərtəbəli binaların əksəriyyəti heç də texniki, seysmik tələblərə cavab verən səviyyədə olmayıb. Bunun nəticəsidir ki, Fövqəladə Hallar Nazirliyi yeni tikilən 50-yə yaxın yaşayış binasını qeydiyyata almayıb. Belə vəziyyət paytaxtdakı bir çox binaların güclü zəlzələyə davamlı olmadığını deməyə əsas verir. Ona görə də son hadisələr Bakıdakı binaların da zəlzələyə davamlılığının yoxlanılmasını gündəmə gətirir. Görəsən, şəhərdə yeni tikilən binaların yenidən yoxlanılmasına ehtiyac varmı? Varsa, yoxlama prosesi necə həyata keçirilməlidir?

AMEA-nın Coğrafiya İnstitutunun əməkdaşı Ənvər Əliyev bildirdi ki, tikilən yeni binaların zəlzələyə davamlılığının yenidən yoxlanılmasına ehtiyac vardır: "Böyük Qafqaz sıra dağlarının Şamaxı-Zaqatala zonası 9 ballıq zəlzələyə davamlı yerdir. Əvvəllər həmin ən intensiv zona 7 ballığa hesablanırdı, indi isə 9 ballıqdır. Amma Bakı-Abşeron zonası, 7 ballıq zəlzələyə hesablanıb. Bununla belə bu ərazidə tikilən evlər, məsələn Leninqrad tipli binaların çoxu 7-9 ballığa hesablanıb. Ancaq məsələ ondadır ki, təbii hadisələrlə bağlı olaraq Bakının başqa problemləri var. Şəhərdə keçən əsrin əvvəllərinə aid tikililər, gecə qonduları, karkas evlər, daşdan tikilməyən xeyli sayda evlər də var. Məsələn, Sovet küçəsi, Kubinka deyilən ərazilər, Füzuli küçəsindəki birmərtəbəli evlər güclü konstruksiyalı olmadığından zəlzələyə elə də davamlı deyil. Ona görə də fikrimcə, həmin yerlərdəki evlərin sökülüb yenidən qurulması vacib məsələlərdəndir. Abşeron ərazisində Rixter şkalası üzrə 7 ballıq zəlzələ baş versə, təbii ki, həmin evlərin böyük əksəriyyəti ziyan çəkəcək. Azərbaycan hökumətinin Bakı şəhəri və Bakıətrafı ərazilərlə bağlı yeni planında olan proqramında düzgün olaraq sözügedən evlərin söküntüsü planlaşdırılır. Amma zənnimcə, proses bir qədər də sürətlənsə daha yaxşı olar. Əvvəla Bakının siması müasirliyi doğru daha da dəyişər, həm də insanların zəlzələnin fəsadlarından gələcəkdə sığortalanması işi daha yaxşı təşkil olunar. Bakıda yeni tikilən binaların zəlzələyə davamlılığının yenidən yoxlanılmasına gəldikdə, düşünürəm ki, Fövqəladə Hallar Nazirliyi bu istiqamətdə kifayət qədər təcrübəyə malikdir və onun əsasında da müəyyən işlər görüb. Bir müddətə qədər Bakıda fantastik şəkildə mənzil bumu baş verdi. Bir neçə il bundan əvvələ qədər çoxmərtəbəli evlərin kütləvi tikintisi başlanmışdı. Həmin tikilən binaların da əksəriyyəti nəinki seysmoloji, hətta adi ekoloji normalara da belə cavab verən səviyyədə deyildi. Həmin tikinti bumu zamanı şəhərsalmanın bir sıra qanunauyğunluqlarına riayət edilmədi. O ki qaldı konstruksiyanın bərkliyi, işlənilən materialın bərkliyi və s. məsələlər, bunların müəyyənləşdirilməsi birbaşa Fövqəladə Hallar Nazirliyinin funksiyasıdır. Düşünürəm ki, Zaqatala-Şəki zonasında baş verən zəlzələ hadisələrindən sonra bu istiqamətdə həyata keçirilən tədbirlərə bir daha nəzər yetirməklə götür-qoy etməli, hansı sahələrdə başdansovdu işlər baş veribsə, ona yenidən baxmalıyıq və əhalinin təhlükəsizliyinə tam təminat verilməsi istiqamətində hərəkət etməliyik".

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz