Müdafiə Nazirliyinin daşınmaz əmlak fondundan qeyri-hərbi məqsədlər üçün paylanmış, icarəyə verilmiş və satılmış obyektlərin inventarizasiyasına başlanılıb
Müdafiə Nazirliyi Səfər Əbiyevin icarəyə verdiyi və satdığı əmlakları yoxlamağa başlayıb. Movqe.az-ın Modern.az saytına istinadən verdiyi məlumata görə, Əbiyevin dönəmində Nazirliyin daşınmaz əmlak fondundan qeyri-hərbi məqsədlər üçün paylanmış, icarəyə verilmiş və satılmış obyektlərin inventarizasiyasına başlanılıb.
Məlumata görə, Səfər Əbiyev vaxtı ilə hərbi şəhərciklərdə və Müdafiə Nazirliyinə məxsus torpaq sahələrindəki binaların bəzi hissəsini ayrı-ayrı təşkilatlara icarəyə verib və ya satıb.
"Hazırda sənədlər araşdırılır və bu obyektlərin təyinatı üzrə istifadəyə qaytarılması prosesi həyata keçiriləcək. Nəzərinizə çatdırmaq istəyirik ki, mülki şəxslərin istifadəsinə verilmiş obyektlər arasında "Ordunun Dostları" Mətbuat Klubunun sədri Emin Həsənliyə Ceyhun Hacıbəyli küçəsində verilmiş tikili də var. Həmin təşkilata şifahi müraciət olunub və obyektin boşaldılması üçün yaxınlarda məktub göndəriləcək"-deyə Nazirlikdən bildiriblər.
Qeyd edək ki, müdafiə naziri Zakir Həsənovun bir nüçə gün imzaladığı müvafiq əmri ilə Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi (Mİİ) ləğv edilib və bu idarənin funksiyalarının yerinə yetirilməsi üçün təzə qurum yaradılıb.