Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmən prosesi davam etdirilib. Movqe.az-ın xəbərinə görə, bu günki prosesdə üç şahidin dindirilməsi nəzərdə tutulsa da, şahidlərin ifadələrinə ehtiyac olmadığı qərara alınaraq ifadələr yekunlaşdırılıb və sənədlərin tədqiqinə başlanıb. İlk olaraq Sevinc Babayeva ilə Elşad Abdullayev arasında olan telefon danışığının ekspertizasının nəticəsi elan olunub. Nəticədə göstərilir ki, ekspertizanın qənaətinə görə, səslərin Elşad Abdullayevə və Sevinc Babayevaya aid olduğu təsdiqlənib. Lakin həmin faylda redaktə işlərinin apardığına dair ekspertlər rəy verib. Həmçinin faylın yazılma tarixini müəyyən etmək mümkün olmayıb. Səs yazısında montaj müəyyən edilməyib. Daha sonra S. Babayeva, E. Abdullayev və G. Əhmədova ilə bağlı ekspertizanın rəyi elan olunub. Rəyə görə, səslər onların özlərinə məxsusdur. Danışanların mimika və jestləri hərəkətlərlə sinxron təşkil edir. Videoyazıda səsin saxtalaşdırılması mümkün deyil. Bundan sonra Gülər Əhmədovanın vəkili Əfsər Talıbov S. Babayevanın meyitinin məhkəmə ekspertizasının nəticəsinin elan olunmasını tələb etdi. Prosesdə mərhum S. Babayevanın meyitinin məhkəmə ekspertizasının nəticəsi elan olundu. Nəticəyə görə, S. Babayeva 1 saylı Şəhər Klinik Xəstəxanası, Mərkəzi Neftçilər Xəstəxanası və Mərkəzi Gömrük Hospitalına (MGH) müraciət edib. Həmin vaxt onun şikayəti iştahasızlıq, baş gicəllənməsi, ürək bulanması, qarın boşluğunda maye toplanması və qusmadan olub. MGH-da ona pnevmoniya və infarkt diaqnozu qoyulub. İstanbulda isə Cərrahpaşa və Esenyurd klinikalarında olub. Esenyurdda onun ürəyi dayanıb, masaj və espirasiya olunmaqla reanimasiyaya yerləşdirilib. Orada "Medicana İnternational" Xəstəxanasına köçürülüb. Həmin vaxt burnundan, ağzından qanaxma baş verib, huşsuz, koma vəziyyətində olub. Müayinə zamanı onun sağ bud hissəsində iynə yerləri, hematoma aşkarlanıb. Exokardioqrafiya edilib, ürək və ağciyərin dayanması müəyyənləşib. Bütün səylərə baxmayaraq xəstə ölüb.
Daha sonra Ayxan Məmmədovun anası S. Babayevanın ölümü ilə bağlı Türkiyədə istintaq orqanına verdiyi ifadə elan olunub. A. Məmmədov anasının xəstə olduğun üçün Türkiyəyə müalicəyə gəldiyini, orada yeganə tanışlarının Səlcuq Ağlayan olduğunu bildirib. Ayxan anası ilə bağlı videolar yayılandan sonra vəziyyətinin pisləşdiyini, anasının ölümü ilə bağlı heç kimdən şübhələnmədiyini, düşmənlərinin olmadığını, onun ölümünə kiminsə səbəb olması müəyyənləşərsə, həmin adamdan şikayətçi olacağını bildirib. Məhkəmədə S. Ağlayanın da S. Babayevanın ölümü ilə bağlı Türkiyə istintaq orqanına verdiyi ifadə elan olunub. S. Ağlayan Türkiyədə işlərinin pis getdiyini, müflis olduğunu, ixracat işləri ilə məşğul olmaq üçün Azərbaycana getdiyini deyib. O ifadəsində göstərib ki, Azərbaycanda dostları ilə ticarət işlər barədə danışarkən bir xanımla tanış olub. Həmin xanım özünü Məryəm kimi təqdim edib, ayaqqabı satmaqla məşğul olduğunu, həmçinin ürəyinin xəstə olduğunu deyib: "Mən də həmin xanıma Türkiyədə yaxşı həkimlərin olduğunu dedim, müalicəyə oraya getməsini məsləhət gördüm. Azərbaycanda işlərim alınmadığı üçün yenidən Türkiyəyə qayıtdım. Bundan bir gün sonra həmin qadın mənə zəng edib, Türkiyədə olduğunu dedi və onu qarşılamağımı xahiş etdi. Mən də gedib onu qarşıladım, lakin bildirdi ki, pasportu üstündə yoxdur. Mənim pasportumla onu hotelə yerləşdirdim. Xərcləri özü ödəyirdi. O, çox xəstə idi. Mənimlə Məryəmin arasında eşq macərası, cinsi əlaqə olmayıb. Həmçinin Ayxan Məmmədovun da onun oğlu olduğunu bilməmişəm".
Daha sonra Vəkil Ə. Talıbov çıxış edərək bildirib ki, indiyədək hər kəsə S.Ağlayan Gülər Əhmədovanın tanışı kimi təqdim edilib: "Amma S. Ağlayanın ifadəsindən də görünür ki, onun Gülər Əhmədova ilə heç bir əlaqəsi olmayıb. Ağlayan S. Babayevanın öz tanışı olub".
Vəkil hakimdə bu məsələyə qiymət verməyi xahiş etdi. Eyni zamanda qeyd etdi ki, S. Babayevanın meyitinin ekspertizasının nəticələri ilə Ayxanın mətbuata verdiyi müsahibələrində zəhərlənmə iddiasının doğru olmadığı təsdiqlənib: "Ekspertizanın rəyi də göstərir ki, S. Babayeva xəstəliyi ilə əlaqədar dünyasını dəyişib".
Daha sonra hakim prosesi noyabrın 18-dək təxirə salaraq növbəti məhkəmənin noyabrın 18-i saat 10:30-da davam etdiriləcəyini elan etdi. Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.
G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir.