İranın sənaye, mədənlər və ticarət nazirinin parlament məsələləri üzrə müavini Səfdər Rəhmətabadini qətlə yetirməkdə şübhəli bilinən üç nəfər həbs edilib.
APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bu barədə Tehran Şəhəri Polis İdarəsinin rəisi, general-mayor Hüseyn Səccadiniya açıqlama verib.
Onun sözlərinə görə, İran polislərinin noyabrın 13-də həbsə aldığı şəxslərdən biri qadın, ikisi kişidir: "Onlar ilkin istintaq zamanı öz əməllərini etiraf ediblər".
H. Səccadiniya şübhəlilərin ad və soyadlarını açıqlamayaraq, məsələ ilə bağlı daha sonra ətraflı məlumatın veriləcəyini deyib.
Tehran Şəhəri Polis İdarəsinin rəisi S. Rəhmətabadinin siyasi və təhlükəsizlik sahəsində çalışan bir şəxs olmadığını qeyd edərək, cinayət işinin adi məhkəməyə göndəriləcəyini vurğulayıb.
Qeyd edək ki, İran KİV-i dünən nazir müavininin qətlində şübhəli bilinən bir nəfərin həbs edildiyi barədə məlumat yaymışdı.