Azərbaycanda Milli Dirçəliş Günü qeyd
olunur.
Bu günün tarixi 1988-ci ilin 17 noyabrında başlayan "Meydan
hərəkatı" ilə bağlıdır. 1988-ci il noyabrın 17-də Azadlıq
meydanına toplaşan yüz minlərlə insan rəsmi Moskvanın Azərbaycana
yönəlik ikili standartlara söykənən siyasətinə etiraz edib və ən
yeni tariximizdə "Meydan hərəkatı" adlanan prosesin əsas qoyulub.
Bu gün Azərbaycanda Meydan hərəkatının 25-cü ildönümü tamam olur.
Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi, Dağlıq
Qarabağda yaşayan ermənilərin açıq separatçılıq hərəkatı, bu
proseslərin Ermənistan və Dağlıq Qarabağda yaşayan yüz minlərlə
azərbaycanlının öz yurd-yuvasından qovulması ilə nəticələnməsi
Meydan hərəkatının əsasını qoyub. Moskvanın və yerli hakimiyyət
orqanlarının yarıtmaz siyasəti nəticəsində meydana çıxan bu
problemlərin qarşısını almaq təşəbbüsünü üzərinə götürən xalq
1988-ci il noyabrın 17-də Bakının mərkəzi meydanına toplaşaraq
fasiləsiz kütləvi etiraz aksiyasına başlayıb. 17 gün aramsız davam
edən, milyonlarla insanın qatıldığı bu aksiya həm də keçmiş SSRİ-də
ən irimiqyaslı etiraz aksiyası idi. SSRİ-nin süqutu prosesini
araşdıran yerli və xarici tədqiqatçıların böyük əksəriyyəti bu
prosesdə Azərbaycanda başlayan "Meydan hərəkatı"nın mühüm rol
oynadığını qeyd edirlər. Dekabrın 4-dən 5-nə keçən gecə ümumxalq
mitinqi sovet qoşunları tərəfindən dağıdılsa da, bu, milli azadlıq
hərəkatının qarşısını ala bilməyib və 17 günlük "Meydan hərəkatı"
Azərbaycanın müstəqilliyinin bərpasında mühüm mərhələ kimi tarixə
həkk olunub. Milli Dirçəliş Günü Azərbaycanda dövlət səviyyəsində
qeyd olunsa da, 2006-cı ilin dekabrında qanunvericiliyə edilmiş
müvafiq dəyişikliklərə əsasən iş günü sayılır.