Əlaqə Arxiv
news Image
2013.11.20
13:37
| A A A
Azərbaycanda alternativ enerji istehsalına həsr olunmuş beynəlxalq toplantı keçirilir

Bu gün Bakıda Bərpa Olunan Enerji Mənbələri üzrə İqtisadi Əməkdaşlıq Təşkilatı Ekspertlər Qrupunun II iclası işə başlayıb.


Movqe.az "APA-Economics"ə istinadən xəbər verir ki, iclasda giriş nitqi ilə çıxış edən Azərbaycan Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov ölkədə alternativ enerjisi sahəsində aparılan işlər və bu sahənin perspektivləri barədə danışıb.

 

A.Bədəlov ilk növbədə son iki il ərzində alternativ enerji sahəsində reallaşdırılmış və hazırda həyata keçirilən layihələr barədə danışıb. Belə ki, Azərbaycanın Qobustan rayonunda alternativ enerji üzrə eksperimental poliqon yaradılıb, günəş panellərin istehsalı üzrə Sumqayıtda "Azgüntex" müəssisəsi açılıb. Hazırda Agentlik tərəfindən Samux rayonunda aqro-enerji kompleksi yaradılır. Bu layihədə əsas məqsəd enerji baxımından tam müstəqil olan aqrar müəssisə və gələcəkdə onun ətrafında yaşayış məntəqəsinin yaradılmasıdır. Layihənin icrasına dövlət tərəfindən təxminən 10 mln. manat həcmində vəsait ayrılıb. Ümumilikdə, A.Bədəlov dövlətin bu sahəyə maliyyə və qanunvericilik dəstəyini xüsusi vurğulayıb və bu amilin sahənin inkişafında aparıcı rol oynadığını qeyd edib.

 

Hazırda Azərbaycanda ümumi enerji balansında alternativ enerjinin xüsusi çəkisi 2% təşkil edir. "Lakin pay üzrə rəqəm indi böyük rol oynamır. Bəzi ölkələrdə, o cümlədən inkişaf etmiş Avropa dövlətlərində bu göstərici 10-12%-ə çatdırılıb və bu, əsasən yüksək tariflərin cəlbediciliyinə görə bu sahədə özəl sektorun fəallığı ilə bağlı olub. Lakin sonradan bu ölkələr tarifləri aşağı salmağa məcbur olub və nəticədə, bu sahəyə investisiya axını kəskin azalır ki, bu da sahəyə ümumi mənfi təsir edir", - deyə A.Bədəlov bildirib.

 

Azərbaycan hökuməti bu sahənin inkişafına daha əsaslı yanaşır və dövlətin maliyyə dəstəyi hazırda aparıcı rol oynayır: "Yaxın gələcəkdə Azərbaycanda alternativ enerjinin siması dəyişəcək. Məsələn, yaxın gələcəkdə Azərbaycanda elektrik enerji ilə işləyən avtomobilləri də görmək mümkün olacaq və Agentlik bu sahədə mümkün qədər əlverşli şərait yaradacaq".

 

Tədbirdə çıxış edən Agentliyin "Azalternativenerji" MMC-nin baş energetiki Tahir Cavadovun sözlərinə görə, 2010-2013-cü illər ərzində Azərbaycanda alternativ enerji sahəsinə təxminən 500 mln. ABŞ dolları həcmində investisiya yönəldilib. Qeyd olunan layihələrdən başqa o, həmçinin Agentliyin prioritet layihələri sırasında hər evin xüsusi qurğular vasitəsi ilə bərpa olunan enerji istehsalını nəzərdə tutan "1000 ev - 1000 elektrik stansiya" adlı layihəni, müxtəlif regionlarda ictimai obyektlərin və yolların alternativ enerji ilə təmin edilməsini, kiçik su elektrik stansiyalarının tikintisi layihələrini qeyd edib.

 

Agentliyin sədr müavini Cəmil Məlikov isə bəyan edib ki, Azərbaycanda alternativ enerjinin inkişafının əsas məqsədi mövcud şəraiti və iqlimi nəzərə alaraq alternativ enerjinin ölkənin bütün regionlarını əhatə etməsidir.

 

Qeyd edək ki, İƏT ölkələri ekspertlər qrupunun iclası iki gün davam edəcək.

Sizin Reklam Yeriniz