Əlaqə Arxiv
news Image
2013.11.21
15:42
| A A A
Özbəkistan prezidentinin qızı yeni şok müraciət yaydı

Gülnarə Kərimova yeni şok müraciət yaydı və "Twitter"dən yoxa çıxdı

Özbəkistan prezidentinin böyük qızı Gülnarə Kərimova bu dəqiqələrdə "Twitter" üzərindən yeni şok müraciət yayıb, ona və yaxın adamlarına qarşı davam edən hücumların arxasında anasının dayandığını elan edib.


Virtualaz.org saytı bu barədə Özbəkistan prezidentinin qızının "Twitter" bloquna istinadən xəbər verir.

"Bir çoxları anlaya bilmir ki, bu baş verənlər nə ilə bağlıdır... İndi yəqin ki, analiz etməyin hələ vaxtı deyil. Zaman ən yaxşı tərəzidir" - deyə G.Kərimova yazıb.

Onun müraciətində rabitəsizlik, üslub səhvləri yer alır, Gülnarənin nə demək istədiyi bir çox hallarda anlaşılmır.

Daha sonra o, başçılıq etdiyi fondun gördüyü işlərdən, keçirdiyi tədbirlərdən bəhs edib: "İnanıram ki. bu işlər hədər deyildi! Qəribə olan başqadır. Nəyə görə insanlar, kifayət qədər yaxın insanlar silaha çevrilir və hər şeyi məhv edir?"

G.Kərimovanın yazdığına görə, bütün bu baş verənlərin arxasında kənar qüvvələrin dayandığı istisna deyil: "Müasir dünyada bu işlərin üzərində analitik strukturlar, şirkətlər, peşəkar analitiklər işləyir. Heç nə öz-özünə baş vermir!"

Prezidentin qızının müraciətində daha sonra bildirilir: "Mən inadkarlığıma, daim işləyənlərin.yaradanların tərəfində olmağıma bəziləri üçün çoxdan arzuolunmaz adama çevrilmişdim. Hətta indi informasiya lentlərinə nəzər salıb kimin işlədiyini, qadınlar üçün pulsuz diaqnostika, gənclərə dəstək, gənc sahibkarlara dəstək layihələri həyata keçirdiyini görmək olar".


G.Kərimova daha sonra əsl düşmənlərinin çoxdandır ailənin qadın üzvləri olduğunu yazır. "O zaman ki emosiyadasan, deməli, səhv etməkdən sığortalanmamısan!!! Mən bunu çoxdandır öz anama demək istəyirdim. O, mənə vəd etmişdi ki, "onun işlərinə burnumu soxsam", mənimlə bağlı olan hər şeyi məhv edəcək!


Lakin son iki ildə "onun işlərində" baş verənlər narahatlıq doğurmaya bilməzdi!"

G.Kərimova daha sonra anasının nəzarətində olan qaranlıq biznesdən, "Əbu Saxiy" bazarından, Çində, Türkiyədən, Dubaydan daşınan və heç bir gömrük rüsumu ödənməyən mallardan, Fərqanə vadisindəki zavodlardan bəhs edir. Bildirir ki, bu işlərin finalı 2013-cü ilin oktyabrında anasının qohumu (Gülnarənin xalası oğlu-red.) Əkbərəlinin həbsi ilə nəticələndi.


Gülnarə yazır ki, Əkbərəli Abdullayev və onun komandası həm ölkə daxilində, həm də xaricdə onun anası və kiçik bacısı Lola üçün işləyirdi. Onlara çoxlu sayda imarətlər tikdirir, mənzillər alır, dünya ulduzlarının iştirakı ilə gecələr təşkil edir, zinət əşyaları, geyim alır, bir sözlə, ürəklərindən keçən hər istəyi yerinə yetirirdi.


"Anamın və Lolanın yeməkdən tutmuş çilçırağa qədər istənilən istəyini Əkbərəli o saat yerinə yetirirdi" - deyə Gülnarə yazır.


Prezidentin qızı xatırladır ki, Əkbərəli ailənin Fərqanə vadisindəki biznesini "fırladan" adam idi: "Mən yekəbaşlığına görə onunla çoxdandır danışmırdım, həm də barəsində Fərqanədən çoxlu şikayətlər gəlirdi. Xüsusən də Fərqanə neftayırma zavodundan. Hansı ki, anamın "krışalığı" altında zavodun bütün istehsalı Lolanın əvvəllər təsisçisi olduğu şirkətlər üzərindən satılırdı".


Belə məlum olur ki, Gülnarənin anası ilə ailənin biznesini "fırladan" Əkbərəli arasında münasibətlər korlanıb. Özbəkistan prezidentinin arvadı Tatyana Kərimova Əkbərəlini təqib etdirməyə başlayıb.


Gülnarənin yazdığına görə, bunun səbəbinin Əkbərəli ilə Lolanın əri Timur Tillayev arasında yaşanmış qalmaqalla bağlı olduğu deyilir: "Bəziləri isə deyir ki, anamın Moskvadakı növbəti alış-verişlərinin birində onların arasında nəsə münaqişə yaranıb, yaxud Əkbərəlinin dinə həddən artıq meyl etməsi bu münaqişəyə səbəb olub".


Prezidentin qızı yazır ki, Əkbərəlinin adamlarını hələ 2012-ci ilin yayından tutmağa başlamışdılar. O, adamlarını həbsdən çıxarmağa çalışırdı və 2012-ci ilin avqustunda buna nail olmaq üçün ölkəyə qayıtdı: "O, hər şeyə hazır idi və ilk tələbdən sonra ölkədə və xaricdə nəyi vardısa, hamısını təhvil verdi. Mənim anamı yola gətirmək üçün göstərdiyim cəhdlərin heç biri nəticə vermirdi. Onun əmri ilə Fərqanə neftayırma zavodunda, yağ-piy kombinatında və digər zavodlarda yoxlamalar davam etdi. Bunun nəticəsində daha çox adam ziyan çəkdi.


Həmin Əkbər hələ də gec partlayan bombadır, hər şeyi bilir, özü də necə. Onun danışdıqları insanın təsəvvürləri çərçivəsini aşırdı və mən tez-tez çalışırdım ki, başqaları kimi ona qulaq asmayam. Mən Əkbərəlinin xahişi ilə onu atamın yanına aparanda anam qısa müddət ərzində hərəkətə keçdi və 2013-cü ilin oktyabrında Əkbərəlini içəri saldılar. Anam söz verdi ki, bu hərəkətimə görə məni məhv edəcək!


Budur, indi o, vədinə əməl edir! Acınacaqlı odur ki, ailə üzvləri, yaxınlar arasındakı parçalanmaya görə bu qədər insan əzab çəkir. Kimlərinsə uşaqlarına və onların valideynlərinə görə.


Gülnarə Kərimova


21 noyabr, 2013-cü il, Daşkənd".


***


Özbəkistan prezidentinin qızının bu müraciəti yayılandan az sonra o, "Twitter"dən yoxa çıxdı, Gülnarənin bloqu bağlandı və onunla ünsiyyət kəsildi. İstisna deyil ki, məhz bu müraciətdən sonra növbə Gülnarəyə çatdı...


*   *   *




Özbəkistan prezidentinin qızının "Twitter" bloqunu bütün dünya izləyir; atasının rejimi ilə təkbaşına döyüşə girən "Ququş"un axırı necə olacaq...


Özbəkistanın hakim ailəsində baş verənlər bütün dünyanın diqqət mərkəzindədir.


Prezident İslam Kərimovun qızı, atasının qəzəbinə tuş gələndən sonra bütün biznesi əlindən alınan, bütün yaxın çevrəsi həbs olunan Gülnarə Kərimova hazırda bu Orta Asiya respublikasında hökm sürən və dünyanın ən qəddar rejimlərindən biri sayılan sistemə qarşı təkbaşına döyüşməkdədir.

Sizin Reklam Yeriniz