Azərbaycanda ictimai nəqliyyatda kart sisteminin tətbiqinin ləngiməsi sırf texniki məsələlərlə bağlıdır.
Bunu "APA-Economics"ə Nəqliyyat Nazirliyinin Mətbuat Katibliyinin rəisi Namiq Həsənov bildirib.
Bank kart sistemlərinin hazırlanmasından savayı, quraşdırılacaq validatorların Türkiyədən gətirilməsi məsələsi də bir qədər yubanıb. Bundan başqa, sistemin uzlaşdırılması ilə bağlı müəyyən yoxlamalar keçirilib, pilot layihə kimi bir sıra avtobuslarda da sınaqlar keçirilib.
N.Həsənovun sözlərinə görə, bu sistemin əslində sentyabrda istifadə verilməsi planlaşdırılırdı: "Amma proses gözlədiyimiz kimi olmadı. Ehtimal edirik ki, noyabr ayının sonuna qədər biz bunu hazır edə biləcəyik. Nazirliyin kollegiya iclası zamanı nazir Ziya Məmmədov da bu sistemin tez bir zamanda ən azı min avtobusda quraşdırılıb tətbiq olunmasına dair tapşırıq verib".
Nazirlik rəsmisi qeyd edib ki, bu proqramın həyata keçirilməsi 2013-cü və 2014-cü illərdə nəzərdə tutulub, yəni proses 2014-cü ildə də davam edəcək: "Validatorlar min avtobusda quraşdırılsa belə işləməyəcək, çünki bu, onlayn sistemdir və burada hər şey dəqiq olmalıdır. Onun vasitəsilə pul qazanılacaq, nə isə düzgün olmasa, sistem qarşı bilər".
Sisteminin tətbiqinin yubanması ilə bağlı açıqlama verən N.Həsənov deyib ki, validatorların minə yaxın avtobusda quraşdırılmasına baxmayaraq, hələ 440-a yaxın avtobus texniki tələblərə cavab vermədiyi üçün avtoparklarda durur: "Ona görə də biz yeni avtobusların gətirilməsini gözləyirik. Düşünürəm ki, bu sistemin sentyabrda işə düşəcəyini deməklə biz tələsmişik".