Əlaqə Arxiv
news Image
2013.11.25
16:20
| A A A
Fikrət Məmmədov Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının vitse-prezidenti seçilib

Panamada 140 dövləti birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) "Qanunun aliliyi və korrupsiyaya qarşı mübarizə: çağırış və imkanlar" mövzusunda keçirilmiş 7-ci illik konfransı, habelə ümumi yığıncağında Azərbaycan nümayəndə heyəti də iştirak edib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, konfransda Azərbaycanı ədliyyə naziri, assosiasiyanın vitse-prezidenti Fikrət Məmmədovun rəhbərliyi ilə nazirliyin və Baş Prokurorluğun məsul əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edib.

105 ölkə və beynəlxalq təşkilatdan 500-ə yaxın nümayəndənin, o cümlədən prokurorluq, məhkəmə, ədliyyə və digər hüquq-mühafizə orqanlarının, habelə mötəbər beynəlxalq təşkilatların rəhbər şəxslərinin iştirak etdiyi forumun açılışı və ilk sessiyasına sədrlik Azərbaycanın ədliyyə nazirinə həvalə olunub.

Giriş nitqi ilə çıxış edən nazir F.Məmmədov korrupsiyanın qanunun aliliyinə neqativ təsiri, IAACA-nın mühüm rolunu və ölkəmizin qurumun fəaliyyətinə dəstəyini qeyd edib, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə və yaxşı təcrübələrin mübadiləsinə dair təkliflər irəli sürüb.

Açılış mərasimində Panamanın Baş prokuroru xanım Ana İzabel Belfon Vexas, Assosiasiyanın prezidenti - Çinin Baş prokuroru Çao Cianminq, Beynəlxalq Prokurorlar Assosiasiyanın prezidenti Qerhard Yaroş, habelə BMT-nin və digər nüfuzlu beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələri çıxış ediblər.

Konfransda korrupsiyaya qarşı qabaqlayıcı tədbirlər, hüquq-mühafizə orqanlarının fəaliyyəti, antikorrupsiya qurumlarının səmərəliliyinin artırılması və bu kimi aktual məsələlər müzakirə olunub.

Tədbirdə respublikamızın Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev də çıxış edərək qəti antikorrupsiya tədbirləri barədə məlumat verib, əldə olunmuş nailiyyətləri, o cümlədən dövlət başçısının təşəbbüsü ilə yaradılan "ASAN xidmət"in korrupsiyanın qarşısının alınmasında önəmli rolunu vurğulayıb.

Azərbaycan nümayəndə heyətinin üzvləri müxtəlif mövzular üzrə keçirilmiş müzakirələrdə fəal iştirak ediblər. Eyni zamanda, ümumi yığıncaqda təşkilatın prezidentinin, vitse-prezidentlərinin və İcraiyyə Komitəsi üzvlərinin seçkisi keçirilib. Çin Xalq Respublikasının Baş prokuroru Ç.Cianminq yenidən bu təşkilatın prezidenti, Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov isə vitse-prezidenti seçilib. Forumun yekununda korrupsiyaya qarşı əhatəli tədbirlərə dair bəyannamə qəbul olunub.

Tədbirin yekun mərasimində BMT Baş katibinin müavini, Vyana ofisinin rəhbəri Yuri Fedotov çıxış edərək IAACA-nın işini təqdir edib və onun fəaliyyətinə BMT tərəfindən gələcəkdə də dəstək göstəriləcəyini vurğulayıb.

Konfrans çərçivəsində, həmçinin bir sıra ölkələrin hüquq mühafizə orqanlarının rəhbərləri ilə görüşlər keçirilib, əməkdaşlığın perspektivlərinə dair danışıqlar aparılıb.

Sizin Reklam Yeriniz