Əlaqə Arxiv
news Image
2013.11.27
13:31
| A A A
Əmlak Məsələləri Dövlət Komitəsi elektron xidmətlərin sayını artırır

Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 13 interaktiv və 3 informativ elektron xidmətin cəmləşdiyi Elektron Xidmətlər Portalı (www.e-emdk.gov.az) vətəndaşların və hüquqi şəxslərin istifadəsinə verilib. "APA-Economics"in məlumatına görə, bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov bildirib.


Onun sözlərinə görə, bura daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması, məhdudiyyət (yüklülük) arayışının alınması, ipotekanın və lizinqin qeydiyyatı, daşınmaz əmlak obyektlərinin ünvanları barədə arayışların alınması üçün elektron müraciətlərin qəbulu, dövlət əmlakının qorunması və istifadəsi vəziyyəti barədə illik xüsusi hesabatların elektron qəbulu kimi xidmətlər daxildir.


O bildirib ki, yaxın zamanlarda Komitə tərəfindən vətəndaşların istifadəsinə yeni elektron xidmət veriləcək: "Bu xidmət vasitəsi ilə əmlak sahibləri rüsum ödəməklə internet vasitəsi ilə elektron qaydada öz əmlakları barədə məlumat almaq imkanı əldə edəcəklər. Artıq bu xidmətlər sayəsində vətəndaşlar idarəyə getmədən, heç bir əlavə vaxt sərf etmədən daşınmaz əmlakını qeydiyyatdan keçirmək üçün birbaşa internet vasitəsi ilə elektron müraciət edə bilər".


R.Cəlilov deyib ki, digər bir yenilik isə təkrar bazarda əmlak əldə etmiş vətəndaşların həmin əmlak barədə öz hüquqlarını daha tez şəkildə reyestrdə qeydiyyata almasıdır: "Yeni mexanizmə görə notariuslar tərəfindən təsdiq edilmiş müqavilələr, ödəniş sənədləri elektron sistem vasitəsilə dərhal ərazi qeydiyyat idarəsinə göndəriləcək, əlavə proseduralar aradan qaldırılacaq, icra işlərinə başlanacaq, çeviklik təmin ediləcək. Müraciətlərin elektron qəbulu qeydiyyat prosesini etibarlı və daha çevik edib. Ümumilikdə, qısa müddətdə elektron xidmətlər vasitəsilə 8 000-ə yaxın müraciət daxil olub. Hazırda elektron xidmətlərin sayının artırılması üzərində iş aparılır".


R.Cəlilov bildirib ki, dövlət əmlakının özəlləşdirilməsi və hərracların keçirilməsi sahəsində yeni elektron xidmətlərin təşkilinə dair təkliflər hazırlanır: "Komitə tərəfindən daha 10 elektron xidmətin təşkili və istifadəyə verilməsi nəzərdə tutulur. Daşınmaz əmlaka dair yüklülük arayışlarının (Forma-1) real vaxt rejimində verilməsi, əmlakla bağlı hüquqi əməliyyatların notariat orqanları ilə "onlayn" rejimdə, yəni birbaşa internet vasitəsilə sürətli əlaqə yaradılmaqla aparılması istiqamətində ilkin hazırlıq işləri görülür. Daşınmaz əmlakın dövlət reyestrindən arayışların notariat idarələrinə real vaxt rejimində ötürülməsi, dövlət reyestrində olan məlumatların onlayn mübadiləsinə dair təkliflər artıq hazırlanıb və təqdim edilib. Qeyd olunan məsələlərin Komitə və Ədliyyə Nazirliyi arasında qarşılıqlı fəaliyyətlə tənzimlənməsi nəzərdə tutulub".

Sizin Reklam Yeriniz