Əlaqə Arxiv
news Image
2013.11.27
15:30
| A A A
Nazirlik mobil operatorlara daha möhlət verməyəcək-Özəl
Müşfiq Əmirov: " Mobil Nömrələrin Daşınması sisteminin tətbiqi üçün mobil operatorlara növbəti dəfə möhlət verilməsi gözlənilmir"

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nömrə daşınma sisteminə keçid üçün ölkədə fəaliyyət göstərən mobil opertorlara verdiyi müddət azalır. Gələn ayın sonunadək mobil operatorlar nömrə daşınma sisteminin tətbiqinə start verməlidirlər. Amma hələki ölkədə fəaliyyət göstərən üç mobil operatordan biri belə Mobil Nömrələrin Daşınması sisteminin tətbiqinə başlamayıb. Movqe.az mobil operatorlara nömrə daşınma sistemini nə vaxt reallaşdıracaqlarını öyrənmək məqsədilə operatorlara sorğu ünvanlayıb. 

"Azərfon" MMC-dən Movqe.az-ın sorğusuna belə cavab verilib: "Nəzərinizə çatdırmaq istərdik ki, əvvəllər də qeyd etdiyimiz kimi, "Nar Mobile" mobil operatoru Mobil Nömrənin Daşınması prosesinə həm texniki, həm də kommersiya nöqteyi-nəzərdən tam hazırdır, lakin əməliyyatın icrası müvafiq dövlət qurumlarının son təsdiqindən sonra mümkün olacaqdır. Son təsdiq alındıqdan sonra mətbuata əlavə məlumat veriləcəkdir".

 "Bakcell" şirkətinin mətbuat xidmətindən isə sualımıza cavab olaraq bildiriblər ki,  Rabitə və İnformasiya Texnologiyaları Nazurliyinin təyin etdiyi vaxtda – avqust ayının 1-də Mobil Nömrə Daşınması xidmətini istifadəyə verib. MND prosesinin bütün operatorlar tərəfindən tətbiq olunmaması səbəbindən öz nömrələrini Bakcell şəbəkəsinə daşımaq istəyən abunəçilərin müraciətləri hazırda yerinə yetirilə bilmir. Nömrə daşınmasını həyata keçirmək üçün xidmət bütün mobil operatorlar tərəfindən dəstəklənməlidir".

"Azercell" Telekom MMC-dən  də bildiriblər ki, mobil operator Mobil Nömrə Daşınma xidmətinin tətbiqinə tam hazırdır: " Hər zaman abunəçilərinin ən son texnoloji yeniliklərdən faydalanmasını təmin edən Azercell Telekom ölkədə Mobil Nömrə Daşınma (MND) xidmətinin tətbiqi layihəsində əhəmiyyətli dəstəyini göstərib. Layihənin uğurlu tətbiqi üçün müxtəlif sınaqlar aparan Azercell şirkəti artıq uzun müddətdir ki, MND xidmətlərinin həyata keçirilməsi üçün tam texniki hazırlıq vəziyyətindədir. Bu layihənin gerçəkləşməsi bütün aidiyyatı tərəfdəşlardan asılı olduğundan, bütün əlaqəli tərəflərin son yoxlamaları aparıldıqdan sonra layihə tam olaraq həyata keçiriləcək. MND xidməti yalnız bir mobil operator tərəfindən müstəqil şəkildə tətbiq edilə bilməz. Layihə yalnız o zaman başlanmış hesab edilə bilər ki, ölkədə fəaliyyət göstərən bütün mobil operatorlar bu sistemə keçid əldə edə bilsinlər. Hal-hazırda layihənin tətbiqi bütün səviyyədə son yoxlamalar mərhələsindədir və ümid edirik ki, abunəçilər bu sistemdən tezliklə faydalana biləcəklər. MND ilkin qeydiyyat sistemindən yararlanaraq abunəçiləri bu səhifəyə keçid almağa və yüksək keyfiyyətli rabitə şəbəkəsindən faydalanmağa dəvət edirik: http://www.azercell.com/az/help/mnp".

Mobil operatorlara ünvanlanan sorğumuza verilən cavablarda operatorların Mobil Nömrələrin Daşınması sisteminin tətbiqinə  nə vaxt başlayacaqları ilə bağlı konkret tarix açıqlamadıqlarından bu prosesin ilin sonunadək yekunlaşıb-yekunlaşmayacağı sual altında qalır. RİTN-dən isə növbəti dəfə Mobil Nömrələrin Daşınması sisteminin tətbiqi üçün mobil operatorlara möhlət verilməyəcəyini deyirlər. Nazirliyin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov Movqe.az-a açıqlamasında bildirib ki,  Mobil Nömrələrin Daşınması sisteminin tətbiqi üçün mobil operatorlara növbəti dəfə möhlət verilməsi gözlənilmir: ""Mobil operatorlar RİTN-dən növbəti dəfə bu sistemə keçidi reallaşdırmaq üçün qısa müddətdə möhlət istəyiblər. Ona görə də, nazirlik mobil operatorların nömrə daşınma sisteminə keçidi yubatmasına görə məhkəməyə müraciəti hələki təxirə salıb. Mobil operatorların götürdükləri öhdəliyə görə, nömrə daşınma sisteminə keçidi ilin sonunadək reallaşmalıdır. Növbəti dəfə onlara möhlət veriləcəyi gözlənilmir".

M. Əmirov qeyd edib ki, sistemə keçidin yubanmasının səbəbi mobil operatorların öz aralarında texniki problemlərinin olmasıdır. M. Əmirov nazirliyin sistemə keçid üçün bütün zəruri tədbirləri gördüyünü söyləyib.  

Qeyd edək ki, rabitə və informasiya texnologiyaları naziri Əli Abbas jurnalistlərə açıqlamasında bildirmişdi ki, mobil rabitə operatorları Mobil Nömrələrin Daşınması sisteminin tətbiqi ilə bağlı hər yubanma gününə görə məsuliyyət daşıyırlar. Xatırladaq ki,  avqustun 1-dən etibarən mobil nömrələrin danışması layihəsi reallaşdırılmalı idi. Bir müddət öncə  Əli Abbasov mobil nömrələrin daşınması prosesinə avqustun 1-dən etibarən başlamayan mobil rabitə operatorlarının cəzalandırılacağını vurğulamışdı.



Sizin Reklam Yeriniz