Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Hökumət Evinin qarşısında, Azadlıq Meydanının altında dövlət vəsaiti hesabına inşa edilmiş və bu yaxınlarda istifadəyə verilmiş iki min yerlik yeraltı dayanacağı oğluna arendaya verməsi barədə məlumatlara münasibət bildirib.
Publika.Az-ın məlumatına görə, Bakı meri H.Abutalıbov SİA-ya açıqlamsaında deyib ki, mətbuatda dərc olunanlar yalan, iftira, böhtandır və həqiqəti əks etdirmir: "Bunu yazan jurnalist və bunu dərc edən mətbu orqan məsələyə qərəzli yanaşıb. Bütün bunlar cəfəngiyatdan başqa bir şey deyil. Dövlətin vəsaiti hesabına tikilən və Bakı sakinlərinin istifadəsinə verilən dayanacaqlar Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansındadır və həmin struktur tərəfindən idarə edilir, yığılan vəsaitlər bank vasitəsilə dövlətin hesabına köçürülür".
Xatırladaq ki, bəzi mətbu orqanlarda Bakıda tikilmiş yeraltı dayanacaqların idarə olunması ilə bağlı həqiqətə uyğun olmayan məlumat dərc edilib. Xəbərin məğzi bundan ibarətdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Hökumət Evinin qarşısında, Azadlıq Meydanının altında dövlət vəsaiti hesabına inşa edilmiş və bu yaxınlarda istifadəyə verilmiş iki min yerlik yeraltı dayanacağı oğluna arendaya verib. Məlumatda həmçinin Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun da açıqlaması yer alırdı.