Əlaqə Arxiv
news Image
2013.11.29
18:50
| A A A
Meriya bağçalardakı qanun pozuntularını açıqladı

"Bakı şəhərində fəaliyyət göstərən uşaq bağçalarında təlim-tərbiyə almaq istəyən uşaqların tələbatının bir hissəsinin ödənilməsi, uşaq bağçaları və körpələr evinin müvəqqəti azlığı uşaqların bağçalara qəbulunda obyektiv və subyektiv səbəblərdən müəyyən çətinliklər və problemlər yaratmaqdadır. Təəssüf hissi ilə qeyd olunmalıdır ki, bundan istifadə edən bəzi bağça müdirləri öz şəxsi maraqlarını hər şeydən üstün tutaraq uşaqların bağçalara normativə uyğun qəbulunda müəyyən problemlər yaratmaqla, qanunsuzluqlara yol verirlər".  Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən APA-ya daxil olan məlumatda bildirilib. Məlumatda qeyd olunub ki, bununla əlaqədar olaraq Bakı şəhərində fəaliyyət göstərən uşaq bağçaları və körpələr evlərində uşaqların və işçilərin qəbulu, təzə və təravətli ərzaqla təmin olunması sahəsində baş verə biləcək hər hansı neqativ halların qarşısının alınması məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ardıcıl tədbirlər və yoxlamalar həyata keçirilib və bu sahədə baş verən qanunsuzluqların və neqativ halların aradan qaldırılması məqsədi ilə ciddi ölçülər götürülmüş, müxtəlif cəza tədbirləri görülüb: "Məhz bunun nəticəsində işdə yol verdikləri nöqsan və çatışmazlıqlara görə onlarla müdir və işçilər işdən kənarlaşdırılıb, bir qisim işçilər barəsində isə ciddi intizam-tənbehi görülüb. Lakin bu sahədə aparılan ciddi iş və görülən məqsədyönlü tədbirlər sayəsində yüksək nəticələr əldə olunmasına baxmayaraq, hələ də yerlərdə müəyyən nöqsanlara yol verilməsi halları müşahidə olunmaqdadır.  Belə ki, son günlərdə Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən 281 saylı uşaq bağçasında ciddi qanun pozuntusuna yol verilməsi barədə daxil olmuş məlumat tərəfimizdən reaksiyaya səbəb olub və Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının şəxsən iştirakı ilə müvafiq komisiya tərəfindən araşdırma həyata keçirilib. Araşdırma zamanı müəyyən edilib ki, 281 saylı uşaq bağçasının müdirəsi Məlahət Rəhimova məsuliyyətsizlik və səhlənkarlıq göstərərək heç bir əmək müqaviləsi bağlamadan vətəndaş Sevinc Ağazadənin guya sınaq müddəti ilə iyun ayından sentyabr ayına qədər olan müddətə həmin bağçada qanunsuz işləməsinə şərait yaradıb, bununla da uşaq müəssisələrinə aidiyyatı olmayan vətəndaşların girişinin qadağan olunması barədəki göstərişin tələblərini ciddi şəkildə pozub. Həmin qanunsuz tərbiyəçilik edən şəxs işə qəbul olmaq üçün bağça müdirəsinə təsir etmək məqsədilə qəsdən bağçanın mətbəxində sanitar- gigiyenik qaydalara riayət etmədən, sterilizə olunmamış suyu krantdan birbaşa azyaşlı uşaqlara içirtməyə cəhd edərək bunu öz telefonu vasitəsilə kameraya çəkmiş, sonradan isə bu video görüntülərin kütləvi informasiya vasitələrində yayılmasına nail olub.  Eyni zamanda araşdırma zamanı həmin bağçanın müdirəsinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi hallarına yol verməsi ortaya çıxmışdır ki, nəticədə bağça müdirəsi Məlahət Rəhimova dərhal işdən azad edilmiş və baş vermiş qanunsuzluqlar barədə sənədlər toplanıb hüquqi qiymət verilməsindən ötrü Prokurorluğa göndərilməsi barədə qərar qəbul edilib".

Bakı Şəhər İcra Hakimiyyəti eyni zamanda əhaliyə müraciət edərək uşaq bağçaları və körpələr evlərinin bütün təminatının dövlət tərəfindən yüksək səviyyədə həyata keçirildiyini, uşaq bağçalarına kənar ərzaq məhsullarının gətirilməsi, normadan artıq uşaqların bağçaya qəbul edilməsi və kənar şəxslərin bağçalara daxil olması qəti qadağan olunduğunu vurğulayıb: "Əgər Bakı Şəhərində fəaliyyət göstərən uşaq bağçalarında və körpələr evlərində baş vermiş hər hansı qanunsuzluq və neqativ hallara rast gəlindiyi halda bunlara göz yummadan yazılı şəkildə dərhal Bakı Şəhər İcra Hakimiyyətinə və Respublika Prokurorluğu yanında Baş Korrupsiya İdarəsinə müraciət etməyiniz tövsiyə olunur".

Məlumatda daha sonra qeyd olunub ki, ölkə prezidenti İlham Əliyevin və Heydər Əliyev fondunun prezidenti Mehriban Əliyevanın bilavasitə dəstəyi və himayəsi ilə uşaq bağçaları və körpələr evində təlim-tərbiyə almaq istəyən uşaqların sayının tələbata uyğunlaşdırılması məqsədi ilə Bakı şəhərində bağça və uşaq evlərinin təmiri daha da sürətləndirilib, bağça və uşaq evlərində məskunlaşmış qaçqın və məcburi köçkünlərin yeni mənzillərlə təmin olunmasını nəzərə alaraq boşaldılmış bağçaların təmirinə rəvac verilmiş və yeni bağçaların tikintisinə başlanılıb: "Əminik ki, qısa zaman kəsiyində uşaq bağçalarına və uşaq evlərinə olan tələbatın ödənilməsinə və məktəbəqədər təhsil müəssisələrində təhsil və təlim-tərbiyənin səviyyəsinin daha da yüksəldilməsinə və bu sahədə şəffaflığın tam təmin olunmasına nail olacağıq".

O da bildirilib ki, Prezident İlham Əliyevin 27.11.2011 tarixli 1941 saylı Sərəncamı ilə uşaq bağçaları və körpələr evlərinin idarə olunması Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verildikdən sonra bu sahədə böyük işlər həyata keçirilib. Nazirlər Kabinetinin 02.10.2012-ci il tarixli 218 saylı qərarı ilə təsdiqlənmiş məktəbəqədər təhsil müəssisələrinin nümunəvi nizamnaməsinə əsasən müəyyən edilmiş körpə yaşlı uşaqlar üçün qruplarda 15, bağça yaşlı qruplarda isə 20 nəfər olmaqla gün ərzində dörd dəfə uşaqların təzə və təravətli ərzaqla təmin edilməsi uşaq bağçaları və körpələr evlərinə marağın artmasına səbəb olub.

Sizin Reklam Yeriniz